Dövlət büdcəsinə dəyişikliklər təsdiq olundu
Dövlət büdcəsinə dəyişikliklər təsdiq olundu

Azərbaycan Milli Məclisinin plenar iclasında 2012-ci ilin dövlət büdcəsinə dəyişikliklərlə bağlı müvafiq qanun layihəsi təsdiq olunub.
Dövlət büdcəsinin gəlirləri və xərcləri 600 mln. manat artırılmaqla gəlirlər 17 038 mln. manat, xərclər isə 17 672 mln. manata çatdırılıb.
Artımın strukturunda 300 mln. manatı ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Zaqatala, Qax, Balakən və Şəki rayonlarının əhalisinə və sosial-iqtisadi infrastrukturlarına dəymiş ziyanın, 2010-cu ildə Kür və Araz çaylarının Sabirabad və Salyan rayonlarının ərazisində yaratdığı irimiqyaslı fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı işlərin başa çatdırılması, cari ildə ölkənin bəzi rayon və şəhərlərinin ərazisində normadan artıq yağan leysan yağışlarının, sel və daşqınların törətdiyi fəsadların (Saatlı, İmişli, Neftçala, Hacıqabul, Şirvan, Zərdab, Kürdəmir, Salyan, Sabirabad, Şamaxı) aradan qaldırılması, ölkədə ehtimal olunan təbii fəlakət və fövqəladə halların qarşısının alınması və qabaqlayıcı tədbirlərin görülməsi məqsədi ilə xüsusi təyinatlı maşın və avadanlıqların alınması, Bakı şəhərinin bir sıra ərazilərində müəyyən edilmiş sürüşmə zonalarında müvafiq tədbirlərin görülməsi üçün əlavə maliyyə təminatının yaradılmasına yönəldiləcək. Bundan əlavə 200 mln. manatı Sovet dövründən qalan əmanətlərin qaytarılmasına büdcənin ehtiyat fondun götürülmüş vəsaitlərin bərpası üçün yenidən ehtiyat fonda qaytarılması üçün nəzərdə tutulur. Həmçinin 95 mln. manatı Bakı və rayonların infrastrukturun inkişafına, 45 mln. manatı təhlükəsizlik və hərbi quruculuğun gücləndirilməsinə yönəldiləcək. Göründüyü kimi, nəzərdə tutulan xərclərin həcmi 640 mln. manat təşkil edir və beləliklə nəzərdə tutulandan çoxdur. Bu səbəbdən qeyd olunmalıdır ki, həmin 40 mln. manatı büdcənin digər xərclərində qənaət hesabına əldə edilməsinə nəzərdə tutulur.
Maliyyə naziri Samir Şərifov bildirib ki, büdcə xərclərinin artırılması ölkədə inflyasiyaya təsir göstərməyəcək.