Müxalifət

Qarşıdan gələn parlament seçkilərinə çox az müddət qalsa da, müxalifət düşərgəsində seçki ilə bağlı ciddi tərpəniş yoxdur. Belə demək mümkündürsə, sanki seçki prosesi yoxdur və bu düşərgə də hər hansı bir prosesə qoşulmayacaqlar. Hətta seçki ilə bağlı hər hansı bir ittifaq qurmaq niyyətləri də görünmür.
Məsələylə bağlı "Unikal"a açıqlama verən ADP sədrinin müavini Həsrət Rüstəmov bildirib ki, müxalifətin bu il keçirilməsi planlaşdırılan parlament seçkilərinə hazırlığı əvvəlki heç bir seçki ilə müqayisə olunmayacaq dərəcədə zəifdir: "Xüsusi, proqnozlaşdırılması mümkün olmayan bir hadisə baş verməsə, müxalif siyasi partiyalar bu seçkilərdə təklikdə əvvəlki seçkilərdən təbii ki, zəif iştirak nümayiş etdirəcəklər. Nəticənin fərqli olmayacağını, və ya az fərqlənəcəyini isə indidən iddia etmək olar. Koalisiyanın alınmamasının əsas səbəblərindən biri də fikrimcə budur ki, seçkilərin azad və ədalətli keçiriləcəyinə, beləliklə ciddi siyasi nailiyyət əldə ediləcəyinə inamın olmamasıdır. Digər çoxlu səbəblər də var, məsələn bunlardan ən başlıcası beynəlxalq və regional siyasi şəraitin, həmçinin insanlarımızın əksəriyyətinin demokratik dəyişikliklərə dəstək verməməsidir. Həmçinin siyasi partiyaların özündən, rəhbərliklərdən qaynaqlanan səbəblər də vardır. Amma bunlar əsas deyildir. Belə ki, siyasi şəraitin diqtə etdiyi anlarda Azərbaycan müxalifətinin birləşə bilmək təcrübəsinin olduğunu hamımız bilirik".
"Unikal"ın məlumatına görə, AMİP sədri Yusif Bağırzadə də müxaliftəin bir araya gələ biləcəyini inanmır. Onun sözlərinə görə, siyasi qüvvələrin seçkilərə marağı azdır və müxalifət qüvvələri arasında isə birlik yoxdur: "Bu birliyin olmaması yalnız AMİP-lə bağlı məsələ deyil. Bildiyiniz kimi, son beş ildə çoxlu sayda siyasi birliklər yaranıb və sonradan dağılıb. Hər dəfə yarananda elan edilib ki, bundan dayanaqlı blok yoxdur. Amma sonradan birlik dağılıb, qarşılıqlı ittihamlar yaşanıb. Bu, reallıqdır. Bu, həm də o deməkdir ki, Azərbaycanda müxalifətin vahid birliyinə nail olmaq mümkün deyil. Hələ bir neçə il əvvəl təklif etmişdim ki, siyasi qüvvələr 125 seçki dairəsi üzrə vahid namizədlər siyahısı ilə seçkilərə qatılsın, ancaq bu, baş tutmadı. Çünki bəzi partiya özünün resursuna, bəzisi seçkiyə inanmır, digərlərinin marağı fərqlidir, başqa bir qrupununsa ambisiyası güclüdür. Bu səbəblərdən də, birlik alınmır. Odur ki, biz seçkilərə təkbaşına gedirik. Biz seçkilərə qatılırıq. Təbii ki, hər bir partiyanın öz mövqeyi var. Hesab edirik ki, boykot təşkilatımızın imicinə mənfi təsir göstərə bilər. Odur ki, boykot taktikası bizim üçün məqbul deyil. AMİP-in beynəlxalq əlaqələri var, bizim İsveçin Moderatorlar, Böyük Britaniyanın Konservatorlar Partiyası ilə yaxşı münasibətimiz var. Onlar seçki prosesində AMİP-in addımlarını izləyir. Həm də boykot prinsipi beynəlxalq qurumlar tərəfindən qəbul edilmir. Biz boykot platformasından kənardayıq".
Maraqlı məqamlardan biri də odur ki, "Azadlıq-2015" blokunun da namizəd siyahsı hələ hazır deyil. Hətta bəzi partiy sədrlərini adı siyahıda yoxdur. Bu barə fikirlərini bizimlə bölüşən ". Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib ki, hələlik əsas seçki tərəfləri öz mövqelərini açıqlamayıb. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının siyahısı çox önəm kəsb edir. O, "Azadlıq-2015" seçki blokunun deputatlığa namizədlərinin ilkin siyahısında adının olmamasına aydınlıq gətirib. "Siyahı natamamdır. Orda tək mənim deyil, xeyli şəxsin adı yoxdur. Çünki bizim blok namizəd sayını təxminən 90 dairə üzrə müəyyənləşdirmək niyyətindədir. Həmin dairələr üzrə siyahıda namizədlər içərisində mənim də adım var. Çox güman ki, gələn ayın əvvəli, ya bu ayın sonu hansı dairədən namizədliyimi irəli sürəcəyimi açıqlayacağam. Mənim üçün ümumi seçki mənzərəsi vacibdir. Hələlik əsas seçki tərəfləri öz mövqelərini açıqlamayıb. Nə YAP, nə də müxalifət daxilində olan Müsavat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) mövqelərini elan etməyib. Ona görə də mən ümumi dairələr üzrə mənzərini müəyyənləşdirmək istəyirəm. Bundan sonra konkret qərar qəbul edəcəyəm", - deyə Əli Əliyev yikrini tamamlayıb.
Z.Məmmədli