Elnarə


Bakı Apellyasiya Məhkəməsində Bakı Slavyan Universitetinin dekanı olmuş, tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı açılan cinayət işi üzrə məhkəmə hökmündən verilən apellyasiya şikayətləri üzrə məhkəmə prosesi başa çatıb.
E.Tofiqqızının həyat yoldaşı, jurnalist Anar Niftəliyevin vəkili Səməd Vəkilovun verdiyi məlumata görə, hakim Əflatun Qasımovun sədrlik etdiyi prosesdə qərar elan edilib. Qərara əsasən, A. Niftəliyev tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunaraq həkim Firuz İbrahimovun barəsində 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarılıb. F. İbrahimov məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, 1977-ci il təvəllüdlü E. Tofiqqızı ötən il sentyabrın 20-də Nəsimi rayonunda yerləşən "Medi Sina" Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Məhkəmə-Tibbi Ekspertizasının rəyinə əsasən müəyyən edilib ki, E. Tofiqqızı üzərində anestezioloq düzgün anesteziya əməliyyatı aparmayıb. Nəticədə xəstənin ağciyərinin funksiyası pozulub və o, tənəffüs çatışmazlığından vəfat edib. Ötən ilin sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. Cinayət işinin materiallarına əsasən E. Tofiqqızının üzərində aparılan cərrahiyyə əməliyyatında iştirak edən anestezioloq Firuz İbrahimov Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən sənədi saxtalaşdırma) maddələrinə əsasən təqsirləndirilir.
Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Firuz İbrahimov 2 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcəyi qeyd olunub. Məhkəmə hökmündən narazı qalan A. Niftəliyevin vəkili S. Vəkilov apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib. Onlar F. İbrahimovun cəzasının ağırlaşdırılmasını, F. İbrahimovun vəkili isə apellyasiya şikayətində bəraət hökmünün verilməsini istəyib. Məhkəmə F. İbrahimovun vəkili tərəfindən verilmiş şikayəti rədd edib.