İsmət Abbasovun özü özünü "vurdu"
İsmət Abbasovun özü özünü "vurdu"

Nazir hökumət qarşısında pis vəziyyətdə qalıb

Kənd təsərrüfatı naziri İsmət Abbasov növbəti xoşagəlməz situasiya ilə üzləşib. Buna nazirin bir müddət əvvəl ölkədə bu mövsüm rekord həcmdə taxıl yığılması ilə bağlı əminliklə verdiyi proqnoz səbəb olub. Bu barədə redaksiyamıza məlumatlı mənbə bildirib.
Mənbənin deməsinə görə, elə dünən kənd təsərrüfatı nazirinin az əvvəl dediklərinin 180 dərəcə əksi olan açıqlama ilə çıxış etməsinə də onun hökumət dairələrində üzləşdiyi arzuolunmaz vəziyyət səbəb olub. "Belə ki, İsmət Abbasov jurnalistlərlə söhbətində bildirdi ki, Azərbaycan bu il də taxıl və buğdaya olan tələbatını tam olaraq daxili istehsal hesabına ödəyə bilməyəcək. Açıqlama ilə tanış olduqda açıq görünür ki, nazir orada
cari ildə də ehtiyacı tam ödəmək üçün taxıl və buğdanın bir hissəsinin idxal olunacağından bəhs edir.t Nazir qeyd etdi ki, görülmüş işlər nəticəsində toxumçuluqla məşğul olan fermer təsərrüfatlarında məhsuldarlıq 35 sentnerə çatdırılsa, tələbatı tam ödəmək mümkün olar. Bu deyilənlər İsmət Abbasovun bir müddət əvvəl jurnalistlərlə söhbətində verdiyi bir başqa açıqlamanın ruhuna daban-dabana ziddir".
Xatırladaq ki, bu ayın əvvəlində kənd təsərrüfatı naziri demişdi: "Ötən il Azərbaycanda 2,6 milyon ton taxıl istehsal olunubsa, bu il göstəricinin 2,7 milyon olması proqnozlaşdırılır". Nazir həmçinin əlavə etmişdi ki, əkin sahələrində zəruri gübrələmə və suvarma işləri aparılacağı təqdirdə hətta illik istehsalın həcmi də 34,6 faiz artaraq 3,6 milyon tona çata bilər. Bu isə Azərbaycan üçün rekord göstərici olacaqdır.
Amma mənbəmizin də vurğuladığı kimi İsmət Abbasovun dünənki açıqlaması cəmi 20 gün əvvəl verdiyi açıqlamanın ruhuna tərs-mütənasibdir, artıq nazir həmin optimizm və populizmlə deyil, fərqli əhval ruhiyyə ilə danışır. Mənbəmiz bunu nazirin yeni fiaskosu adlandırmaqla yanaşı qeyd edir ki, onun dünənki açıqlaması hökumət qarşısında düşdüyü çətin vəziyyətlə əlaqəlidir: "İnanıram ki, kənd təsərrüfatı nazirinin mayın əvvəllərində danışdıqları ilə bağlı hökumətdə müzakirələr, monitorinqlər aparılıb və nəticə etibari ilə bu il İsmət Abbasovun söylədiyi rəqəmlərin əldə olunmasının mümkünsüzlüyü ortaya çıxıb. Əslində bunu müəyyənləşdirmək elə çətin də deyildi. Əvvəla, bu qış havanın hədsiz anormal keçməsi taxıl və başqa əkin sahələrinə təsirini göstərib. Mütəxəssislərin fikrinsə, xüsusən Qərb bölgəsində havanın temperaturunun qış aylarında mənfi 10 dərəcədən artıq olması məhsuldarlığı xeyli aşağı salacaq. İkincisi, fermerlərə subsidiyalaın verilməsində qeyri-şəffaflıq, sahibkarlıq fəaliyyətinə dövlət qayğısının qeyri-bərabər paylanması və digər səbəblərdən taxılçılıqla məşğul olanların sayında azalma müşahidə edilir. Düzdür, rəsmilər taxıl əkini sahələrinin artdığına rəqəmlər səsləndirirlər, amma reallıq buna inanmaq üçün əsas vermir. Bütün bunlar və digər obyektiv və subyektiv məqamları da nəzərə alsaq, İsmət Abbasovun səsləndirdiyi rəqəmlərin reallaşma şansının az olduğunu hətta bu sahənin eksperti, mütəxəssisi olmayan da anlaya bilərdi. Amma kənd təsərrüfatı naziri öz postunu möhkəmləndirmək, rəhbərlik etdiyi sahədə dönüş yaratidığı barədə fikirlərin formalaşmasına nail olmaq üçün belə bir populizmə əl atmağa üstünlük verdi. Bunun isə əks-effekt verdiyi, naziri hökumət daxilində xoşagəlməz situasiya ilə üzləşdirdiyi, ona etimadsızlığı artırdığı göz önündədir. İsmət Abbasovun dünənki tamamilə fərqli açıqlaması da onun özünə bəraət qazandırmaq cəhdi və düşdüyü arzuolunmaz vəziyyət çıxmağa hesablanmış addımı kimi qəbul olunmalıdır".
Mənbəmiz deyir ki, bütün bu yaşananlar öz növbəsində İsmət Abbasovun hakimiyyətin üzülüşmək istədiyi nazirlərin ön sırasındakı "mövqeyini" daha da möhkəmləndirir. Yəni kənd təsərrüfatı "şef"inin görəvdən alınmasının atılacaq nə qədər doğru addım olacağını indidən ortaya qoyur.

Qalib Qədirli