23 Oktyabr 2019
QHT-lərin mühasibatlılıq problemi
QHT-lərin mühasibatlılıq problemi KRİMİNAL 12:01 2015-09-03

Sahib Məmmədov: "Bəzi QHT-lərin mühasibləri olmadığından nöqsanlara yol verirlər"
"Gənc Muhasiblər" İctimai Birliyinin sədri Solmaz Əliyeva isə deyir ki, QHT-lərin maliyyə hesabatlarının hazırlanması sahəsində qarşılaşdıqları çətinliklər hələ də qalmaqdadır
Vətəndaş cəmiyyəti quruculuğunda QHT-lər mühüm rol oynayır. QHT-lərə hətta vətəndaş cəmiyyətinin qurucuları da deyirlər. Azərbaycanda da QHT sektoru inkişaf yolundadır. Bu gün Ədliyyə Nazirliyinin məlumatına görə, Azərbaycanda 3000-dən çox QHT rəsmi qeydiyyatdan keçib. Son bir neçə ildir ki, ölkədə QHT-lərə maliyyə yardımlarının milli donor tərəfindən ayrılması Azərbaycanda 3-cü sektorun inkişafına daha da müsbət təsir göstərib.
Bununla belə QHT sektorunda hələ də problemlərin olduğu, bu sektorun nümayəndələrinin sıxışdırıldığını düşünənlər az deyil. Ölkədə bəzi QHT rəhbərlərinin vergi borclarına görə, istintaqa cəlb olunması Azərbaycanda 3-cü sektorun sıxışdırılması kimi qələmə verilir. Məlum olduğu kimi, bir neçə il bundan əvvəl aldıqları qrantı hara və necə xərclədikləri ilə bağlı sorğu-suala tutulmayan QHT-lər, ötən ildən Maliyyə Nazirliyinə gəlirləri ilə bağlı hesabat verməyə başlayıblar. Bu QHT-lərin şəffaflıq prinsipinə necə əməl etmələrinə güzgü tutmaq üçün əlverişli üsul olsa da, nəticə göstərdi ki, vətəndaş cəmiyyəti institutlarının heç də hamısı bu sınaqdan üzuağ çıxmadılar. Ekspertlər isə bəzən vətəndaş cəmiyyətinin inkişafına xidmət edən QHT-lərin qanunvericiliyin tələblərinə əməl etmədiklərinə görə cərimələndiklərini söyləyirlər.
"Gənc Muhasiblər" İctimai Birliyinin sədri Solmaz Əliyeva deyir ki, QHT-lərin maliyyə hesabatlarının hazırlanması sahəsində qarşılaşdıqları çətinliklər hələ də qalmaqdadır. Bu isə bəzən onların istintaqa cəlb olunması ilə nəticələnir: "Müasir dövrdə demokratiyanın, insan hüquq və azadlıqlarının, vətəndaş cəmiyyətinin, hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən biri kimi qeyri-hökumət təşkilatlarının (QHT) inkişaf etdirilməsi cəmiyyətin mühüm vəzifələrindən biridir. Ölkədə vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi, onların instutsional imkanlarının genişləndirilməsi aktual məsələ olaraq qalmaqdadır. Azərbaycan hökuməti QHT-lərin fəaliyyətinə və inkişafına ardıcıl dəstək verməkdədir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, müxtəlif nazirliklərin xətti ilə QHT-lərin layihələri maliyyələşdirilir, qrantlar ayrılır. Son illər vətəndaş cəmiyyəti sektorunda aparılan tədqiqatlar və təhlillər göstərir ki, bu sektorun aparıcı qüvvələrindən olan QHT-lərin əldə etdiyi uğurlarla yanaşı, onların fəaliyyətini məhdudlaşdıran bir sıra məqamlar, ciddi problemlər mövcuddur. Bu gün ölkədə fəaliyyət göstərən QHT-lərin qarşılaşdıqları əsas problemlərdən biri də onların maliyyə hesabatını vaxtında, düzgün şəkildə təqdim etməməsi ilə bağlıdır. Məlum olduğu kimi, layihə icra edən QHT-lər donorla yanaşı bir neçə dövlət qurumuna – Dövlət Sosial Müdafiə Fonduna, yerli statistika şöbəsinə, vergi orqanlarına, Maliyyə Nazirliyinə hesabat vermək məcburiyyətindədirlər. Hesabat vermə prosesi qanunvericiliyin müvafiq müddəaları ilə tənzimlənir. Reallıq isə ondan ibarətdir ki, Azərbaycan QHT-lərinin böyük əksəriyyətinin ştatlı əməkdaşları olmur, təşkilatlarda daimi işləyən mühasiblər yoxdur. Mühasib bir qayda olaraq QHT-nin əldə etdiyi qrant layihəsi müddətində işə cəlb edilir. Kiçik təşkilatlar üçün hesabat məsələsini tənzimləmək çox çətindir. Xüsusən də regionlarda fəaliyyət göstərən təşkilatlar üçün bu hesabatları vermək əlavə yükün yaranmasına gətirib çıxarmış olur. Bununla yanaşı həm beynəlxalq donorlar, həm də yerli donorlar QHT-lər üçün qrant və sosial sifariş şəklində ayırmalar həyata keçirərkən ciddi tələblər qoyurlar. Bu sırada xüsusilə QHT-lərin idarə olunmasını, daxili hesabatlılıq məsələlərini, donorlara və dövlət orqanlarına maliyyə hesabatlarının verilməsində standartlara əməl olunmasını, audit və digər tələbləri göstərə bilərik. Digər problem isə ölkənin maliyyə sisteminin bütövlükdə beynəlxalq standartlara keçməsi ilə bağlıdır. Bu səbəbdən ölkəmizdə mühasibat uçotu sahəsində beynəlxalq standartlara cavab verən islahatların həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir".
Həmsöhbətim deyir ki, QHT-lərin maliyyə hesabatları sahəsində çətinliklərini aradan qaldırmaq üçün bir sıra addımlar atılmalıdır: "İctimai Birliyimiz bu problemləri nəzərə alaraq QHT-lərin maliyyə hesabatlarının sadələşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təkliflər təqdim edib və müsbət cavab alıb. Bu işin davamı olaraq GMB qismən problemdən çıxış yolu kimi "QHT-lərin fəaliyyətində səmərəli idarəetmənin, şəffaflığın və hesabatlılığın artırılmasına dəstək" layihəsini təklif edib. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənib. 6 ay ərzində Bakı şəhərində həyata keçirilən layihənin məqsədi QHT-lərin fəaliyyətində səmərəli idarəetmə, şəffaflığın və hesabatlılığın artırılmasına yardım göstərmək məqsədi ilə maliyyə - mühasibatlıq sənədlərini müvafiq Milli Standartlara uyğun olaraq tərtib edilməsi üzrə xidmətləri və maarifləndirici təlimləri təşkil edərək Vətəndaş Cəmiyyətinin inkişafına töhfə vermək olub. Layihə çərçivəsində QHT-lərin mühasiblərinə yeni standarta uyğun olaraq maarifləndirici təlimlər keçirilib. Eyni zamanda aparılan monitorinq nəticəsində sənədlərində problem olan QHT-lərə 3 ay müddətində mühasibatlıq sənədlərinin yeni standarta uyğun olaraq tərtib edilməsi ilə bağlı xidmətlər göstərilib. Yeni standarta uyğun olaraq QHT mühasibləri üçün "QHT-lər üçün mühasibat uçotu" adlı kitab da hazırlanaraq çap edilib".
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyir ki, QHT-lər bəzən hesabatların verilməsində, müqavilələrin bağlanmasında nöqsana yol verirlər: "Hazırda əmək müqavilələri elektron sistemdə qeydə alındıqdan və bununla bağlı real vaxt çərçivəsində e-bildiriş verildikdən sonra hüquqi qüvvəyə minir. Əmək müqaviləsi bağlandıqdan, ona dəyişiklik edildikdən və ya xitam verildikdən sonra hökumət portalında e-bildiriş verilməlidir. Beləliklə, layihə qrant müqaviləsində göstərilən tarixdən başladıqda əmək müqavilələri bağlana bilər. Lakin burada bir məqam var ki, bəzən QHT-lər ona diqqət yetirmirlər. Qanunvericiliyə görə qrant müqavilələri üzrə hər hansı əməliyyatlar yalnız müqavilə müvafiq İcra hakimiyyətində qeydə alındıqdan və bununla bağlı bildiriş verildikdən sonra aparıla bilər. Əks halda İnzibati Xətalar Məcəlləsinin 223-1.4. maddəsinə görə "Qeyri-hökumət təşkilatları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri, yaxud banklar tərəfindən "Qrant haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qeydiyyata alınmamış qrant alınması (verilməsi) haqqında müqavilələr (qərarlar) üzrə bank əməliyyatlarının və hər hansı digər əməliyyatların aparılmasına görə -vəzifəli şəxslər iki min beş yüz manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək miqdarda cərimə edilir. Odur ki, QHT-lər əmək müqavilələrini yalnız qrant müqaviləsinin qeyda alınması ilə bağlı verilən bildirişdə göstərilən tarixdən sonra bağlamalıdır. E-sistemdə əmək müqaviləsinin bağlanılaraq hüquqi qüvvəyə minməsi qrant müqaviləsinin qeydə alınmasına dair bildirişdə göstərilən tarixdən əvvəl olarsa, onda QHT 8000 manatadək cərimə oluna bilər".
S.Məmmədov deyir ki, bəzi QHT-lərin mühasibləri olmadığından bu cür nöqsanlara yol verirlər: "Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası hazırda QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Əmək müqavilələri, mülki-hüquqi müqavilələr, könüllü ilə müqavilələr ilə bağlı hüquqi və metodiki yardımların göstərilməsi" layihəsini həyata keçirir. Əgər hansısa QHT bu cür problemlə qarşılaşarsa bizdən yardım istəyə bilər".
Mələk Eyvazlı