Ömər Dinçər və Misir Mərdanov...
Ömər Dinçər və Misir Mərdanov...
Yaxud "Açıq dərs" proqramının
aparıcısı Cəsarət Valehliyə müraciət

Ötən həftənin çərşənbə günü İTV-nin "Açıq dərs" proqramında Türkiyənin təhsil naziri Ömər Dinçərlə müsahibəyə baxdım. Nazir son dövrlərdə qardaş ölkənin təhsil sistemində aparılan köklü islahatlardan danışır, hamımızın maraqla izlədiyimiz FATİH projesinin detallarını açıqlayırdı. Gizlətməli bir şey yoxdur, türk qardaşlarımıza yaxşı mənada paxıllığım tutdu. Söhbət müsahibin ziyalılığından, gördüyü işi dərindən bilməsindən, onu həvəslə həyata keçirməsindən yox, həm də bu işin mahiyyətini qarşısındakılara sevə-sevə anlatmasından gedir...
Ömər bəyin dediklərində diqqətimi çəkən ən maraqlı məqamlardan biri, onun beynəlxalq PİSA proqramı çərçivəsində Türkiyədə aparılan araşdırmaların nəticələrilə bağlı söylədikləri idi. Nazir, ürəkaçan olmasa da, PİSA nəticələrinin onların işinə çox yaradığını, gələcəkdə görəcəkləri işlərə yardımçı olacağını minnətdarlıqla anladırdı.
Yəqin xatırlayırsınız, PİSA proqramı çərçivəsində bizdə də araşdırmalar aparılmışdı. Nəticələr pis idi, demək azdır, pisin pisi idi. Oxu savadı üzrə 362 balla 65 ölkə arasında 64-cü, təbiət elmləri üzrə 373 balla 63-cü, riyazi biliklər üzrə 431 balla 45-ci yeri tutmuşduq! Amma ən dəhşətlisi bizim şanlı təhsil nazirimizin bu nəticələrə münasibəti idi. O bu cür tədqiqatların nəticələrini nəinki qəbul etmir, hətta beynəlxalq ekspertləri ikili standartlarda, Azərbaycana qarşı pis münasibətdə suçlayırdı: "Bu günədək beynəlxalq təşkilatların əksəriyyəti müəyyən məsələlərə qiymət verərkən Azərbaycanla bağlı heç bir vaxt ədalətli mövqe tutmayıblar. ...Bu təşkilatın Azərbaycan təhsilinə verdiyi qiymət də həqiqətə uyğun deyil".
Bəli, bunlar yalnız iki ölkənin təhsil nazirinin eyni məsələyə fərqli münasibətlərini deyil, həm də onların dünyagörüşlərinin fərqliliyini ortaya qoyur. Bir tərəfdə bütün dünyanın diqqətində olan islahatlara rəhbərlik edən Türkiyə nazirinin tədqiqatdan faydalanma arzusu, digər tərəfdə "islahat tozanağı" içində iş-gücünü buraxıb dərslik, dərs vəsaiti və təhsil tarixi yazmaqla, daha nə bilim nələrlə məşğul olan Azərbaycan nazirinin inkarçılıq hikkəsi...
Sizi deyə bilmərəm, mənə görə yalnız bu hikkənin sahibi olan bir nazir öz adını və şəkillərini tarix dərsliklərinə doldurmaqla kifayətlənməyib, "Azərbaycan təhsil tarixi"nə, təhsilə heç bir aidiyyəti olmayan atasının bioqrafiyası və şəklini, Məsumər nənəsinin, Bilqeyis xalasının, daha kimlərinin adını sala bilər. Sanki başqa kolxoz sədrləri, nənələr, xalalar olmayıbmış. Yazıq Azərbaycan təhsili! Son on dörd ildə başına açılan oyunlar bir yana, indi də tarixinin başına corab hörülür...
Sonda, bu günlərdə böyük yazıçı və dramaturqumuz Rüstəm İbrahmbəyovun "Contact.az" saytında dərc olunmuş məqaləsindən bir parçanı xatırlatmadan keçinə bilmirəm: "Azərbaycan dünyada yeganə ölkədir ki, burda oxumamaq üçün pul ödəyirlər. Uşaq bağçasından başlayaraq bizim uşaqlar dəhşətli mühitə düşür, burda böyüklər onları rüşvətxorluq elminə öyrədərək mənəvi zorakılığa məruz qoyur"...
Bundan ötə deyiləcək nə qalır ki! Bəli, bir tərəfdə 2023-cü ilədək Türkiyəni dünyanın 10 ən böyük iqtisadi gücü etmək arzusunda olan düşüncənin təmsilçisi, digər tərəfdə isə qohum-əqrəbasını təhsil sistemində rəhbər vəzifələrə təyin etməklə kifayətlənməyib indi də onları təhsil tarixinə doldurmaqla ölkənin ictimai fikrinə meydan oxuyan düşüncənin sahibi.
Vallah belə getsə, bir-iki ildən sonra Misir Mərdanov "Azərbaycan təhsil tarixi"nin adını dəyişib "Mərdanovların təhsil tarixi" qoysa, təəccüblənməyəcəm...
Açığını deyim, aparıcı Cəsarət Valehlinin Ömər Dinçərlə müsahibəsi bir tamaşaçı mütəxəssis kimi məni valeh etdi. Yaxşı olardı ki, Cəsarət müəllim eyni mövzu ətrafında Misir Mərdanovla da müsahibə aparaydı. Hesab edirəm ki, onda kimin kim olduğu daha aydın üzə çıxardı...
Nadir İsrafilov,
təhsil eksperti