Və yaxud Şuradan qrant almağın yolları...

Azərbaycanda qeydiyyatdan keçən 3 mindən çox QHT olsa da, onların heç də hamısının aktiv fəaliyyət göstərmədiyi göz qabağındadır. Hazırda qeydiyyatdan keçən, yəni adı 3 min QHT sırasında olan bir sıra təşkilatlar var ki, indiyədək bir layihə belə həyata keçirməyiblər. Həmin QHT-lərin çoxunun bəhanəsi yazdıqları layihənin müsabiqədən keçməməsi ilə bağlıdır. Qeyd edək ki, Azərbaycanda hazırda QHT-lərin əsas maliyyə qaynağı QHT-lərə Dövlət Dəstəyi Şurasıdır. Ölkədəki QHT-lərin çoxu bəzi dövlət qurumlarından kiçik qrantlar hesabına layihə reallaşdırsalar da, əsasən QHT-lər maliyyə dəstəyini Şuradan alır. Amma bu heç də QHT-lərə Dövlət Dəstəyi Şurasının bütün QHT-lərin layihələrini maliyyələşdirdiyi anlamına gəlmir. Şuradan illərlə bir manat belə qrant almayan QHT-lər var ki, onlar həmişə bunda Şuranı günahkar görür. Bəs görəsən Şura hansı layihələri maliyyələşdirir? Ümumiyyətlə bu prosedur necədir? Daha doğrusu QHT-lərə Dövlət Dəstəyi Şurasından maliyyə dəstəyi almağın yolları necədir?
Öncə qeyd edək ki, Şura ildə iki dəfə QHT-lərə maliyyə yardımı ayırmaq üçün müsabiqə elan edir. Şuradan aldığımız məlumata görə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının QHT-lərə maliyyə yardımı müsabiqəsinin qaydaları var. Həmin qaydalar, QHT-lərə maliyyə yardımı ayırması məqsədilə keçirdiyi müsabiqələrin təşkilini nizamlayır. Qaydalarda göstərilir ki, müsabiqə Şuranın katibliyi tərəfindən həyata keçirilir: "Şuranın katibliyi müsabiqələrin təşkilinə aid tədbirlər planı hazırlayır və onu həyata keçirir. Layihələrin təqdim olunma formalarını, müddətlərini və təqdim edilməsi zəruri olan digər sənədlərin siyahısını hazırlayır və Şuranın müzakirəsinə təqdim edir. QHT-lərdən layihə təkliflərinin toplanmasını həyata keçirir. Təqdim olunan layihə təkliflərinin qiymətləndirilməsi üçün yaradılmış ekspertlər qrupunun işini əlaqələndirir. Müsabiqələrin prioritet istiqamətləri Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasında müəyyənləşdirilib. Müsabiqənin müddəti Şura tərəfindən müəyyənləşdirilir. Layihə təkliflərinin toplanması üçün 1 ayadək vaxt müəyyən edilir. Layihə təklifləri 1 ay müddətində Şura tərəfindən qiymətləndirilir və müsabiqənin qalibi olmuş layihələr barədə ictimaiyyətə məlumat verilir. Qaydalara əsasən müsqabiqədə yalnız dövlət qeydiyyatından keçmiş qeyri-hökumət təşkilatları iştirak edə bilər. Eyni zamanda il ərzində keçirilən hər bir müsabiqəyə bir təşkilat yalnız bir layihə təqdim edə bilər. Həmçinin layihə təklifləri müsabiqələrin şərtlərinə və qaydalarına uyğun olmalıdır. Eləcə də müsabiqədə QHT-lərin regional, rayon filial və şöbələri mərkəzi təşkilatın yazılı razılığı olmadan iştirak edə bilməz".
Şuradan verilən məlumata görə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT layihələrinin qiymətləndirilməsi üçün əsas meyarlar hazırlayıb. Bura müraciət edən təşkilatın irəli sürdüyü problemin Azərbaycan cəmiyyəti üçün aktuallığı və Şuranın elan etdiyi prioritet istiqamətlərə uyğunluğu, layihənin adının onun məqsəd və məzmununa uyğunluğu, layihə müəllifinin bu problemi aydın təsvir etməsi, əsaslandırması və bu haqda kifayət qədər məlumatlı olduğunu nümayiş etdirməsi, layihənin məqsədinin müəyyənliyi, konkretliyi, aydınlığı və problemin təsviri ilə uyğunluğu, layihənin vəzifələrinin dəqiq müəyyənləşdirilməsi və məqsədə çatmağa xidmət etməsi əsas götürülür. Eləcə də, layihədə göstərilən problemin və məqsədin benefisiarlar üçün prioritet təşkil etməsinə, layihədə nəzərdə tutulan benefisiarlar qrupunun kifayət qədər aydın təsvir edilməsi, onların problemləri ilə tanışlıq və əvvəlki iş təcrübəsinə, nəzərdə tutulmuş fəaliyyətlərin layihənin məqsəd və vəzifələrinin yerinə yetirilməsinə xidmət etməsinə, icra planında tədbirlərin icrası üçün müəyyənləşdirilmiş müddətlərin reallığına, gözlənilən nəticələrin layihədə təsvir edilmiş problemin həllinə təsirinə də önəm verilir. Amma Şuraya layihə təklif edən QHT-lərin öhdəlikləri bununla da bitmir.
Həmçinin nəzərdə tutulan nəticələri əldə etmək üçün tədbirlər planının real olması və həyata keçirilməsinin mümkünlüyü, təklif olunan monitorinq mexanizmlərinin layihənin əldə ediləcək nəticələrinin səmərəli qiymətləndirilməsinə imkan yaratması, layihənin davamlılıq göstəriciləri, büdcənin reallığı və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğunluğu, ərizə forması, layihə və ona əlavə olunmuş sənədlərin müsabiqə qaydalarına və tələblərinə uyğunluğu, layihəni təqdim etmiş təşkilatın resursları, təcrübəsi və layihə idarə etməsi üzrə bacarığı da əsas götürülür.
Bundan sonra Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına QHT-lər tərəfindən təqdim edilən layihələr qiymətləndirilir. Şuradan verilən məlumata görə, layihələrin qiymətləndirilməsi üçün də qaydalar var. QHT-lər tərəfindən təqdim olunan layihələrin qiymətləndirilməsi 3 mərhələdə və ayrı-ayrı strukturlar tərəfindən həyata keçirilir. Birinci mərhələ ilkin seleksiyadan ibarətdir. İlkin seleksiya Şuranın katibliyi tərəfindən həyata keçirilir. Bu mərhələdə Şuranın katibliyi qərara əsasən layihələrin qəbulunu təşkil edir, layihələrin qeydiyyatını aparır və onları kodlaşdırır, layihələri müsabiqə elanında göstərilmiş istiqamətlər üzrə qruplaşdırır, layihələrin və layihəyə əlavə olunmuş sənədlərin Şuranın təsdiq etdiyi formalara uyğunluğunu yoxlayır. Müsabiqə qaydalarının tələbələrinə uyğun gəlməyən layihələr ekspertiza üçün növbəti mərhələyə təqdim edilmir və müsabiqəyə buraxılmır. 2-ci mərhələ ekspertizadan ibarətdir. Layihələr kodlaşdırılaraq ekspert qruplarına verilir. Ekspert qruplarına layihənin aid olduğu təşkilat haqqında hər hansı bir məlumat verilmədən yalnız layihə təklifi təqdim olunur. Eyni zamanda ekspertlərin də adları kodlaşdırılır. Ekspertlər Şuranın təsdiq etdiyi qiymətləndirmə cədvəlinə əsasən layihələri bal sistemi ilə qiymətləndirirlər. Hər bir layihə məxfilik təmin edilməklə 3 müxtəlif ekspert tərəfindən ayrı-ayrılıqda qiymətləndirilir. Ekspertlərin verdiyi qiymətlər katiblik tərəfindən ümumiləşdirilir və müvafiq arayışla birgə Şuraya təqdim edilir. 3-cü mərhələdə isə artıq layihələrin Şurada müzakirəsi və müsabiqənin nəticələrinin müəyyənləşdirilməsi prosesi başlayır. Şura hər bir layihə təklifini fərdi qaydada müzakirə edir, ekspert rəyini nəzərə alaraq müvafiq qərar qəbul edir. Qəbul edilmiş qərarlar haqda katiblik layihə təklifi təqdim etmiş təşkilatlara məlumat verir. Müsabiqədə qalib gəlmiş təşkilatlarla müqavilə imzalanır. Müsabiqənin qalibləri haqda məlumat Şuranın saytında yerləşdirilir və fərdi qaydada təşkilatlara çatdırılır.
Şuradan bildirdilər ki, təkcə 2014-ci ilin I rübündə QHT layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş birinci maliyyə yardımı müsabiqəsi nəticələri zamanı layihə təqdim edən QHT-lərdə çoxsaylı nöqsanlar üzə çıxıb. 2014-cü ilin 1-ci müsabiqəsində Şuranın elektron məlumat bazasına QHT-lər tərəfindən 484 daxilolma qeydə alınıb, onlardan 83-nün təqdim etdiyi sənədlərdə çatışmamazlıqlar aşkarlandığından seleksiyadan keçməyibdir. Elektron bazada müxtəlif QHT-lərdən 61 təkrar daxilolma faktı da qeydə alınıb. 340 təşkilatın layihəsi isə qiymətləndirilmə üçün ekspertizaya göndərilib. Ekspertiza mərhələsində hər layihə iki müstəqil mütəxəssis tərəfindən qiymətləndirilib. Şuradan bildirdilər ki, belə hallar aşkarlandıqda QHT-lərin layihələri maliyyə dəstəyindən kənarda qalır. Buna görə Şuranı qınamaq düzgün deyil.
Şuradan bildirdilər ki, seleksiyadan keçməyən layihə sənədlərində dövlət reysterindən çıxarışın qanunvericiliyin tələblərinə uyğun olmaması, büdcənin təlimatda göstərilən qaydada tərtib edilməməsi və ərizəyə əlavə edilən sənədlərdə çatışmazlıqların mövcud olmasıdır. QHT-lərə Dövlət Dəstəyi Şurası layihəsi qrant ala bilməyən QHT-lərə apellyasiyaya şikayət etmək hüququ da yaradıb. Qarşılıqlı anlaşma və diskussiya şəraitində keçən müzakirələrdə komissiyaya təqdim olunmuş hər bir layihə yenidən nəzərdən keçirilərək onların hazırlanmasında yol verilmiş nöqsanlar QHT rəhbərlərinin nəzərinə çatdırılır.