22 Oktyabr 2019
21 Oktyabr 2019
"Yuksək inkişaf etmiş ölkələrdə hüquqi dövlətlə vətəndaş cəmiyyəti eyni çəkiyə malikdir"
"Yuksək inkişaf etmiş ölkələrdə hüquqi dövlətlə vətəndaş cəmiyyəti eyni çəkiyə malikdir" KRİMİNAL 11:21 2015-09-15

İlqar Altay: "Dövlətlərin gücü ondadır ki, vətəndaş cəmiyyəti ölkə idarəçiliyində bu və başqa formada dövlət hakimiyyəti qədər iştirak edir, idarəçilik kimi ağır yükün xeyli hissəsini hakimiyyət orqanlarından götürüb özünə çəkir"

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, tanınmış hüquqşünas İlqar Altay "Unikal"a müsahibə verib. İ.Altay hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşması və mövcud durumu ilə bağlı fikirlərini bildirib.
- İlqar müəllim, müasir dünyada vətəndaş cəmiyyəti mövzusu böyük aktuallıq kəsb edir. Ümumiyyətlə, vətəndaş cəmiyyətinin mənası barədə çox düstur və təriflər var. Siz elmi dərəcəli hüquqşünas və ictimaiyyətçi, ölkədəki aktiv QHT-lərdən birisinin rəhbərisiniz.Sizin yanaşmanızla vətəndaş cəmiyyətinin mənasını, mövcudluq və inkişafını necə görürsünüz?
- Konkret və qısa desək, vətəndaş cəmiyyəti bir ölkədəki insanların dövlət hakimiyyətindən asılı olmayaraq, yəni qeyri-hökumət məkanında özünü tənzim və idarə birliyi sistemidir. Bu məkana müxtəlif ictimai şəxslər və birliklər, QHT-lər, müstəqil KİV-i, özünüidarə orqanları və sair daxildir. Burada vacib bir incəliyi qeyd edim. Bəziləri vətəndaş cəmiyyəti dedikdə dövlətdən kənar, yəni, qeyri-dövlət məkanı kimi düşünür. Bu, belə deyil. Söhbət əslində dövlət hakimiyyəti və hökumət dışındakı məkandan gedir. Çünki dövlət çox geniş məfhumdur və özündə hökumət daxil olmaqla bütün dövlət hakimiyyəti qollarını və həm də vətəndaş cəmiyyətini birləşdirir. Yəni ki, vətəndaş cəmiyyəti də dövlətin tərkib hissəsidir, eynilə dövlət hakimiyyəti, hökumət kimi. Ancaq, istənilən bir ölkədə vətəndaş cəmiyyətinin mövcudluğu orada hüquqi dövlətin bərqərar olmasından keçir. Çünki, vətəndaş cəmiyyətinin mövcudluğunu hüquqi dövlət təmin edir, buna şərait yaradır.
- Yəni, əvvəlcə hüquqi dövlət, sonra vətəndaş cəmiyyəti yaranır...
- Bəli, bu mütləqdir. Yuksək inkişaf etmiş ölkələrdə hüquqi dövlətlə vətəndaş cəmiyyəti eyni çəkiyə malikdir. Və bu dövlətlərin gücü ondadır ki, vətəndaş cəmiyyəti ölkə idarəçiliyində bu və başqa formada dövlət hakimiyyəti qədər iştirak edir, idarəçilik kimi ağır yükün xeyli hissəsini hakimiyyət orqanlarından götürüb özünə çəkir. Məsələn, vətəndaş təşəbbüsləri hesabına yerlərdə idarəetmə proseslərinə nəzarət, ehtiyaclı insanlara yardımlar, müxtəlif sahələr üzrə maarifləndirmələr, təbii fəlakətlərə qarşı tədbirlər və s. Məsələn andlılar məhkəməsində ictimai andlı iclasçılarla dövlət hakimi arasında obyektiv verdikt çıxarılması yöndə faydalı əməkdaşlıq. Yəni, bütün ölkə, dövlət bu birlikdən, bu aradakı anlaşmadan faydalanır. Və nəticə etibarı ilə dövlət və xalq güclənir. Buna sadə dildə dövlət və cəmiyyət birliyi deyilir.
- Bəs, sizcə bu məsələ Azərbaycanda nə vəziyyətdədir? Bizdəki vətəndaş cəmiyyətinin mövcud durumu və bu sahənin ümumiyyətlə inkişaf səviyyəsi qaneedicidirmi?
- Azərbaycanda vətəndaş cəmiyyətinin mövcudluğu və xeyli dərəcədə formalaşması artıq reallıqdır. Bu mövcudluq isə, totalitar kommunist sistemindən qopub, yeni müstəqillik tapıb böyük çətinlik və maneələrlə demokratiyaya doğru irəliləyən ölkəyə müvafiq səviyyədədir. Desək ki, bu səviyyə 200 il demokratiya yolu keçib inkişaf etmiş ölkələr səviyyəsindədir, bu yalan olar. Ancaq ölkədəki ictimai birliklərin, QHT-lərin, KİV-lərin sayını, fəaliyyət dairəsini, onların ölkədaxili və beynəlxalq ictimai təsir səviyyəsi bu qənaəti yaradır ki, Azərbaycanda vətəndaş cəmiyyətinin artıq tədricən formalaşması prosesi gedir. Bu proses problemli də olsa, artan xəttlə davam edir.
- Göstərdiyiniz bu artan xəttin üzərində vətəndaş cəmiyyətimiz üçün hansı perspektivləri görürsünüz? Ümumiyyətlə, ölkəmizdə vətəndaş cəmiyyətinə dövlət qayğısı qaneedicidirmi?
- Öncədən söylədim ki, vətəndaş cəmiyyətinin yaranışı hüquqi dövlətin təminatından asılıdır. Onu da qeyd edim ki, vətəndaş cəmiyyəti institutlarının dövlət idarəçiliyi yükünün bölünməsi, xalqın rifahı, dövlətçiliyin güclənməsi və ölkənin ümumi ninkişafında nə qədər böyük rolu var. Bu, artıq dünya təcrübəsi və sınağından çıxmış faktdır, reallıqdır. Bu reallığı mən, adi bir QHT rəhbəri olaraq görürəmsə, təbii ki, dövlət rəhbərliyi bunu məndən qat-qat çox görür və çox bilir. Bu səbəbdən, prezident İlham Əliyev dəfələrlə öz çıxışları və konkret fəaliyyəti və addımlarında ölkədə vətəndaş cəmiyyəti inkişafının vacibliyini, bu vacib sahəyə dövlət qaygısının artırılmasını önə çəkir. Artıq neçə müddətdir ki, KİV, QHT, sahibkarlıq və bir sıra digər sahələrə dəstək üzrə xüsusi şuralar, komitələr, komissiyalar və sair dövlətlə vətəndaş arası əlaqə yaradan qurumlar fəaliyyət göstərir. Bu istiqamətdə dövlət tərəfindən çoxsaylı xüsusi proqram və layihələr həyata keçirilir. Hiss olunur ki, vətəndaş cəmiyyəti məkanının ümumi ölkə inkişafı üçün vacibliyi yüksək səviyyədə qəbul olunur və bu sahənin yüksək, ugurlu gələcək perspektivi mütləqdir.
- İstərdik ki, ölkədəki Qeyri Hökumət Təşkilatları(QHT) institutu üzərində bir qədər dayanaq. Bir çox QHT-lərin ölkəmiz üçün vicdanla öz işini gördüyünə rəğmən bəzi QHT-lərin qanunazidd və hətta, dövlət və vətənə zidd fəaliyyəti də aşkar olunur. Bu barədə nə deyə bilərdiniz?
- Bizim QHT-lərin çox böyük əksəriyyəti səmimi məqsədli olmaqla öz missiyalarını vicdanla yerinə yetirirlər. Ancaq bu sahədə təəssüf ki, bəzi istisnalar da var. Mən düşünürəm ki, Qeyri Hökumət Təşkilatı vətəndaş cəmiyyətinin ali tərkib hissəsi olmaqla sırf xeyirxahlıq məqsədi daşımalıdır. Bu qurumlar mahiyyəti və təyinatına görə qətiyyən biznes, sahibkarlıq və ya, şəxsi qazanc məqsədi güdməməlidirlər. Çünki onların təyinatı xalqın, cəmiyyətin xüsusi və kəskin ehtiyaclı təbəqəsinə təmənnasız, humanitar, bəşəri məqsədli yardımdır. Bu sahədə əldə olunan gəlir yalnız həmin qurumun varlığının və fəaliyyətinin təminatını ödəməlidir. Rasionallıq prinsipi humanitar sahədə keçməz.
- Yəni varlanmaq üçün başqa sahələr mövcuddur.
- Bəli, kim varlanıb cibini doldurmaq, özünə var-dövlət, büsat, təminatlı həyat qurmaq istəyirsə, dövlət orqanlarında yüksək maaşlı işə və yaxud azad biznesə keçsin. Yoxsa ki, hüquq müdafiəçisi roluna girib, haqsızlıq əzabı girdabında əzilənlərin, həbsdə çürüyənlərin haqqının müdafiəçiliyi qismində varlanmaq nə deməkdir? Və yaxud kimsəsiz uşaqların, tapdanıb əzilmiş qadınların və ya küçələrə atılmış qocaların müdafiəsi üzərində varlanmaq olurmu? Hansısa, imkanlı xeyirxah donor geriləmiş bir insani sahəyə və ya, əziyyətdə olan insanlara humanitar yardım ayırır. Sən bu yardımı insani təşəbbüs göstərib yerinə çatdırırsansa, sən niyə varlanmalısan ki? Bu sahələrdə 100 minlərlə, milyonlarla dollar dövriyyəsinə, məsrəfinə nə ehtiyac var?
- Bəs kimlər qurmalıdır bu cür yüksək humanitar ideya və missiyalar altında fəaliyyət göstərən təşkilatları?
- Yəni, belə bir humanitar missiyaya qoşulan insan vaxtında özünü maddi cəhətdən qurmalıdır. Necə ki, məşhur İngiltərə futbolçusu Devid Bekham vaxtında özünü qurub təsdiq edib və indi dünyadakı ehtiyaclı insanlara təmənnasız yardımla fəaliyyət göstərir. Ya da ki, bu yüksək bəşəri düşüncələrlə məhrumiyyətlərə dözüb özünü, həyatını bu xeyirxah missiyaya həsr etməlidir. Bax, dediyiniz o qanuna və insanlığa zidd əməllər hamısı, bəyan edilən missiyaya uygun gəlməyən qeyri-səmimi və qeyri-adekvat motivdən başlayır. QHT sahəsində maliyyə fırıldaqları, qeyri-şəffaflıq və bəzən xarici təxribatçı donorların toruna düşməklə antivətənçilik, hamısı humanitar təşkilat adı ilə biznes qurmağın nəticəsidir.
- Xeyli vaxtdır QHT sahəsində çalışan tədqiqatçı kimi QHT sektorunda problemlər və bununla bağlı təkliflərinizi də bilmək maraqlı olardı.
- QHT-lərin özlərinin fəaliyyətindəki bəzi çatışmazlıq və qanunsuzluqlar barədə söhbət etdik. Ancaq, QHT-lərə münasibətdə bəzi çatışmazlıqları da şəxsi fikrim kimi qeyd edərdim. Əvvəla QHT-lərin Ədliyyə Nazirliyində qeydiyyatında bəzi problemlər, süründürməçiliklər, çətinliklər hələ də qalmaqdadır. İkincisi, QHT-lərin vergi və maliyyə orqanları tərəfindən yoxlanmasında ticarət obyektlərinə nisbətdə bir qədər fərqli yanaşılmalıdır. Həmin orqanlar QHT-lərin ictimai təşkilat olduğunu nəzərə almalıdırlar. Zəhmət çəkib, vaxt ayırıb bunun üçün, müvafiq yoxlama sistemi qurmalıdırlar. Söhbət obyektiv qanuni araşdırmadan, yoxlamadan yox, fərqli təşkilatlara yanaşma metodundan gedir.
Onu da təəssüflə qeyd edim ki, QHT-lərə Dövlət Dəstəyi Şurası ölkədəki bütün QHT-ləri əhatə etmir və nəzərə almır. Şura yalnız müəyyən sistemdə fəaliyyət göstərən və müəyyən layihə üzrə işləyən QHT-yə maddi, mənəvi və sair dəstək verir. Elə QHT-lər var ki, tam sərbəstdirlər, sərbəst proqramı var və fəaliyyətinə görə dövlətə və vətənə xidmətdə, ölkədə və dünyada tanınmaqda, ictimai təsir gücündə heç də o, layihə götürən QHT-lərdən geri qalmırlar. Bunlar nə etsinlər bəs? Kimdən, haradan dəstək gözləsinlər? Yəni ki, yaxşı olardı ki, QHT-lərə Dövlət Dəstəyi Şurası öz iş prinsipini genişləndirsin, necə deyərlər, qanadını geniş açıb ölkədəki bütün QHT-ləri əhatə etsin, onların fəaliyyətini müşahidə etsin, onları nəzərində saxlasın.
Bir də, bir vacib məsələ barədə fikrimi bildirim. Bu yaxında aktiv KİV nümayəndələrinin bir qrupu dövlət rəhbərliyi və məxsusən, Prezident tərəfindən layiqli mükafatlandırıldı. Bu, xalqın, cəmiyyətin mayakı hesab edilən media məkanına dövlət tərəfindən verilən böyük dəyərdir. Ancaq vətəndaş cəmiyyətinin əsas, çoxsaylı, hərəkətverici qüvvəsi olan, ölkənin müxtəlif sahələrində sivil inkişaf təkançısı olan nəhəng QHT sektorunun da adekvat stimullaşdırılması ümumi işin xeyrinə olardı. Bu gün ölkə iqtisadiyyatından tutmuş, təhsil, səhiyyə, sosial, hüquq, vətənpərvərlik, beynəlxalq münasibətlər kimi bütün sahələrə qədər hər yerdə çoxsaylı QHT təmsilçiləri fədakarcasına çalışırlar. Artıq ölkənin ümumi inkişafında qeyri-dövlət təşkilatlarının rolu az qalır ki, dövlət təşkilatlarına müvafiq gələ. Arzu olunardı ki, dövlətimizin ictimai -siyasi məsələlər üzrə aidiyyətli strukturu bu məsələni də nəzərdə saxlasın.