24 Avqust 2019
Fəzail İbrahimli: "Azərbaycan dövləti sübut etdi ki, öz dövlət təhlükəsizliyini və vətəndaşlarının əmin-amanlığını qoruya bilir"
Fəzail İbrahimli: "Azərbaycan dövləti sübut etdi ki, öz dövlət təhlükəsizliyini və vətəndaşlarının əmin-amanlığını qoruya bilir" MÜSAHİBƏ 12:51 2012-05-31

Fəzail İbrahimli: "Azərbaycan dövləti sübut etdi ki, öz dövlət təhlükəsizliyini və vətəndaşlarının əmin-amanlığını qoruya bilir"
Fəzail İbrahimli: "Azərbaycan dövləti sübut etdi ki, öz dövlət
təhlükəsizliyini və vətəndaşlarının əmin-amanlığını qoruya bilir"

"Azərbaycanın İranın bizə qarşı atdığı yersiz addımlara cavab verməyə haqqı çatır"

Getdikcə gərginləşən İran-Azərbaycan münasibətləri hazırda bütün dünyanın diqqət mərkəzindədir. Bir monoqrafiya, bir kitab, bir dərslik və 60-a qədər elmi əsərin müəllifi, professor, millət vəkili, 2006-cı ildən Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvü Fəzail İbrahimli ilə bu günki söhbətimiz bu mövzu ətrafında olacaq.

- Azərbaycan-İran münasibətlərində son aylar müşahidə edilən gərginlik artıq yeni mərhələyə keçməkdədir. Belə ki Azərbaycan da cavab addımı olaraq İrandakı səfiri məsləhətləşmələr üçün geri çağırıb, Xarici İşlər Nazirliyimiz İranda həbs edilmiş iki şairimizlə bağlı ikinci dəfə İrana nota göndərib, amma İran tərəfi hələ də susur. Deyəsən, bu artıq "Eurovision" məsələsi deyil. Bu qarşılıqlı gərginləşmə nəyə doğru aparır?
- Azərbaycan xarici dövlətlərə münasibətdə həmişə balanslaşdırılmış bir xarici siyasət kursuna sadiq qalıb və bu, indi də belədir. Heç bir dövlətin ağuşuna atılmamaq, müstəqil siyasi xətt yeritmək ətrafımızdakı bir çox dövlətlərin xoşuna gəlmir. Azərbaycan-İran münasibətlərinə gəldikdə isə, bu, çox təəssüfləndirici bir hadisədir. Çünki, birinci növbədə, hər iki dövlətin əhalisi müsəlmandır. İkinci növbədə, İran tarixən bizə qonşu bir dövlət olub münasibətlərimiz həmişə yaxşı olub. Hələ Azərbaycan Demokratik Cümhuriyyətinin dövründə İran tərəfinin narahatlığını aradan götürmək üçün cümhuriyyət liderləri məcbur olub "Qafqaz Azərbaycanı" ifadəsini işlətdilər. Çünki o dövrdə də Azərbaycanla bağlı İranın böyük istəkləri var idi və bu niyyətlərini o zamanlar Parisdə keçirilən məşhur sülh konfransında da irəli sürmüşdü. Və o zamandan bəri Azərbaycana qarşı münasibətdə onların içində daima yatan niyyət və istəklər müxtəlif tarixi dönəmlərdə müxtəlif formalarda təzahür etməyə başlayıb. Bu gün İranın Azərbaycan dövləti ilə davranışındakı əcaibliklər də buradan qaynaqlanır. Hazırda, doğrudan da, çox təəccüblüdür ki, münasibətlərimizin korlanması üçün İranın əlində heç bir ciddi əsas, fakt və arqument yoxdur. Azərbaycan tərəfi İranla münasibətlərində həmişə diqqətli olub. Həmişə bir az da səbirli olub, İranın yersiz və ötkəm hərəkətlərinə qarşı dözümlü olub. Və bu gün İran tərəfi Azərbaycana yanaşma baxımından bu münasibətləri korlayarkən "səbəb nədir?", bunu aşkarlamır. Bu bizə də aydın deyil. Mən güman edirəm ki, Azərbaycan dövlətinə də aydın deyil ki, İranın bu mövqeyinin altında nələr yatır. Sadəcə olaraq, İran hal-hazırda, ataların bir misalı var, "Çatana çatır, çatmayana bir daş atır" siyasəti aparır. Birləşmiş Ştatları hədələyir, nə bilim, ayrı-ayrı dövlətlərlə münasibətlərində gərginliklər yaradır. Əgər bu gün İran dünya ictimaiyyətinin nəzərində hədəf götürülmüş bir dövlətdirsə, mənim düşüncəmə görə, öz qonşuları ilə münasibətlərdə son dərəcə incə şəkildə davranmalıdır, səmimi olmalıdır. Azərbaycan tərəfi dəfələrlə elan edib ki, İrana qarşı hərbi müdaxilə başlayarsa, öz ərazisindən üçüncü dövlətin İrana qarşı istifadə etməsinə imkan verməyəcək. Azərbaycan özünü siyasi-hərbi poliqona çevirmək niyyətində deyil. Yəni mən hadisələri diqqətlə izləyən bir ölkə vətəndaşı kimi, bir siyasətçi kimi Azərbaycan tərəfinin atdığı addımlarda İrana narahatlıq üçün əsas verəcək heç bur yanlışlıq, İranın mənafeyinə toxunacaq tədbirlər görmürəm. Amma bütün bunların müqabilində İran tərəfinin Azərbaycandan nə istədiyi bizə hələ də məlum deyil. Bu qonşu ölkə heç bir əsas və zərurət olmadan hadisələri gərginləşdirir. Belə çıxır ki, Azərbaycan müəyyən məsələlərdə Avropa düşüncəsinə daha çox meyillidir, İran bunu istəmir. Yaxşı, İranın xoşlamadığı "Eurovision" başa çatdı, hadisələr yekunlaşdı. İran ölkəmizdəki səfirliyi vasitəsilə müəyyən addımlar atır, Azərbaycana notalar verir və s. Sanki İran bəhanə tapa bilmir ki, nələrisə etsin. Mən də başa düşə bilmirəm ki, İran Azərbaycandan nə istəyir.
- Son məlumatlara görə, İran yeni sualtı hərbi qayığını sınaqdan keçirib. Biz artıq İrandan gələn belə məlumatlara adət etmişik. Yəni İran sürətlə silahlanır. İstənilən ölkə sürətlə silahlanırsa, deməli, o, regoinda barıt çəlləyinə çevrilməklə hansısa müharibəyə hazırlaşır. Azərbaycan-İsrail münasibətlərinin getdikcə yaxınlaşdığı və İranın məruz qaldığı beynəlxalq təcrid dönəmində bu silahlanma kursu nəyə xidmət edir?
- Əvvəla, dünya həmin dünya deyil. İranın özü dünyanın hədəfinə gəlib. Bunun baiskarı isə İranın özüdür. Bu ölkə hər hansı bir yanlış addıma yol verərsə, onu hədəfə götürmüş ölkələrə kifayət qədər bəhanə verəcək. Iran bu gün İsrailin hədəfindədir, Amerikanın hədəfindədir. Belə bir sürətlə silahlanma hal-hazırda, təbii ki, bütün dünya üçün təhlükə yaradan bir məqamdır. İran özünü bir barıt çəlləyinə döndərmək fikrindədir. Bu kurs İran dövlətinə, İran cəmiyyətinə heç vaxt xeyir gətirməyəcək. Qaldı ki, Azərbaycana, bizim dövlətimiz müstəqil xarci siyasət yeridir. Əgər İran Azərbaycan torpağının, biz müsəlmanların torpağını işğal edən xristian bir dövlət olan, dünya xristianlarının ağuşuna sığışan Ermənistana istiqanlı münasibəti də kifayət qədər diqqəti çəkəndir. Bu gün İran Ermənistanı yaşadır, ona nəfəs almağa imkan yaradır, Ermənistan iqtisadiyyatının çökməməsində həlledici rol oynayır. Yaxşı, sən müstəqil dövlətdən və Ermənistanla münasibətlərini istədiyin kimi də qurursan. Biz İrandan müsəlmançılıq da ummuruq, qonşuluq münasibətləri də. Onun haqqı yoxdur bizə desin ki, filan dövlətlərlə niyə yaxın münasibətə girirsiniz. İran hansı dövlətlə düşməndirsə, Azərbaycan da İranın xatirinə o dövlətlə düşmən olmalıdır? İran İsraillə düşmən olubsa, Azərbaycan da onunla düşmən olmalıdır? Axı sən özünü bizim dostumuz kimi aparmırsan! Axı sən bizə arxadan zərbə endirən Ermənistanın arxasında durubsan! Onda İran hansı bir məntiqlə Azərbaycandan tələb edə bilər ki, mənim düşmənlərimlə dostluq eləmə. Azərbaycan istədiyi dövlətlə istədiyi şəkildə münasibətlər qura bilər. İranın etdiyi kimi... Buna görə də İran tərəfinin bu məsələlərdə tutduğu mövqe onun xeyrinə deyil. Əgər dünya sənin üstünə gəlirsə, heç olmasa, qonşularınla mehriban olmalısan. Əsaslar yaradıb qonşunu özünə düşmən etməməlisən.
- Bayaq doğru qeyd etdiniz ki, Azərbaycan bu günə qədər İranla olduqca səbirli davranıb. Amma deyəsən, artıq Azərbaycanın da səbir kasası dolub. İki gün öncə İrandan Bakıya təyyarə ilə gəlmiş yüksəkrütbəli dini ruhani elə Bakı hava limanından geri - İrana qaytarılıb. Yəni Azərbaycan da İrana qarşı kəskin jestlər nümayiş etdirməyə başlayıb. Bu tendensiya nələrə doğru aparır?
- Mənə elə gəlir ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində həmişə kifayət qədər səbirli mövqedən çıxış edib. Ermənistan ərazimizin 20%-i işğal edib. İndiki mərhələdə Azərbaycanın yetərincə hərbi gücü var. Məlum faktdır ki, ölkəmizin hərbi büdcəsi Ermənistanın dövlət büdcəsinə bərabərdir. Dövlətimiz iqtisadi baxımdan kifayət qədər güclüdür və bu regionun ən güclü dövlətidir. Amma bütün bu amillərə baxmayaraq beynəlxalq hüququn normalarına uyğun olaraq səbirlə öz torpağını bu çərçivədə azad etməyə, problemi bu müstəvidə həll etməyə üstünlük verir. Amma bizim tam haqqımız var ki, işğalçıya öz yerini göstərmək üçün hərbi variantlara əl ataq və qanuni ərazilərimizi düşmən əsarətindən azad edək. Azərbaycan bundan artıq daha nələri etməlidir?
Qeyd etdiyiniz kimi, Azərbaycan indiyə qədər İrana qarşı da xeyli səbirli davranıb. İstənilən dövlətin daxili və xarici funksiyaları var. Xarici funksiyalardan biri də ölkənin sərhədlərinin toxunulmazlığını və xarici təhlükələrdən qorumaqdır. Lazım gələrsə, Azərbaycan dövləti özünün konstitusion hüquqlarından istifadə edə bilər. Ona görə də Azərbaycanın İranın dövlətimizə qarşı atdığı yersiz addımlarına cavab verməyə haqqı çatır. Sadəcə olaraq, sərhədin o tayında yaşayan 35 milyonluq soydaşlarımızla bağlı baş verə biləcək hadisələr kifayət qədər ağır nəticələr verə bilər. Buna görə daha da səbirli olmalıyıq.
- İranla münasibətlərin bu templə gərginləşməsi ölkənin cənub bölgəsi və xüsusən də Naxçıvan üçün problemlər yaratmazmı?
- Təbii ki, dövlətlərarası münaqişələrin ziyansız başa gəlməsi qeyri-mümkündür və istər-istəməz problemlər olacaq. Amma bu, faciəyə gətirib çıxarmayacaq. Hər halda Azərbaycanın öz ərazisinə sahib dura bilmək gücü var. Naxçıvana gəlincə isə, oranın problemlərini hava yolu vasitəsilə və qardaş Türkiyənin köməyi ilə həll etmək çətin olmayacaq. Türkiyə həmişə Naxçıvanla çiyin-çiyinə durub. Güman etmirəm ki, Naxçıvan üçün faciəli durum yarana bilər.
- Azərbaycan MTN son iki ayda ölkəyə sızmış terrorçu qruplaşmalarla bağlı bir sıra uğurlu əməliyyatlar keçirib. Biz "Eurovision-2012" ilə bağlı fitnəkarlıqları daha çox İrandan və Ermənistandan gözləyirdik. Çünki bu dövlətlərin terrorçuluqda xüsusi təcrübəsi var. Amma MTN-in əməliyyatları göstərdi ki, meydanda "ərəb oyunçuları" da varmış. İran kəşfiyyatının bu işlərdə barmağı ola bilərmi?
- Belə sual barədə ancaq fərziyyələr irəli sürmək olar. Bu fərziyyə düzgün də ola bilər, səhv də. Bu məsələdə söykənə biləcəyim faktlar olmadığına görə konkret fikir söyləməyə çətinik çəkirəm. Amma hər halda, ilanın ağınada lənət, qarasına da. Onların haradan gəlməyindən asılı olmayaraq Azərbaycan dövləti sübut etdi ki, öz dövlət təhlükəsizliyini və vətəndaşlarının əmin-amanlığını qoruya bilir. Dünyanın yığışdığı mahnı müsabiqəsi də kifayət qədər uğurla başa çatdı. Müsabiqə başa çatana qədər zərrə qədər də olsun, təhlükəli heç nə olmadı. Əksinə, müsabiqədə iştirak edənlərə göstərilən qayğı və diqqət bütün dünya dövlətləri üçün örnək oldu.

Söhbətləşdi:
Fərzuq Seyidbəyli