Uzun illər dartışılan mövzulardan biri də Azərbaycanda dövlət quruculuğuna törədilən maneələr, vətəndaş cəmiyyətinin formalaşmasında əngəllərin yaradılması idi. Düzdür ilk zamanlar Azərbaycanın gənc dövlət olması səbəbindən təbii əngəllər ortaya çıxırdı və bu səbəbdən Azərbaycan dəfələrlə vətəndaş müharibələri ilə üz-üzə qalmışdı. Amma ümumilli liderin peşəkar dövlət xadimi olması ,dövlətçilik ənənələrimizə sədaqətliliyi və vətəndaş cəmiyyətinin yaradılması üçün xalqla bir arada olması çox problemləri arxada qoydu.
Heydər Əliyevdən sonra ümumilli liderin siyasətini davam etdirəcəyini bəyan edən prezident İlham Əliyev həqiqətən bu siyasətə sadiq oldu və bir davamçı kimi Azərbaycan dövlətçiliyinin qurulmasında növbəti mərhələyə başladı. Çox maraqlıdır ki, İlham Əliyev dövlət quruculuğunu sistemləşdirdiyi kimi bununla paralel olaraq vətəndaş cəmiyyətinin də formalaşması siyasətini həyata keçirtdi. Nəticə isə göz qabağındadır. Bununla paralel olaraq İlham Əliyev həm də sübut etdi ki, dövlət quruculuğu prosesini həyata keçirən bir ölkə o zaman güclü olar ki, bu dövlətin arxasında dayanan vətəndaş cəmiyyətləri olsun. Yəni güclər bir-birinə dəstək olarsa deməli nəticə də müsbət ola bilər. Bu gün isə illər öncə İlham Əliyevin qurduğu mexanizm özünü doğruldur və aydın olur ki, bir dövlətin inkişafı üçün ilk növbədə xarici qüvvələrdən qorunma instinkti olmalı və lazım gələrsə ölkədəki bütün insanlar siyasi, sosial mövqeyindən asılı olmayaraq bir araya gəlməyi bacarmalıdır. Bu günlərdə Avropa Parlamentinin Azərbaycan əleyhinə çıxartdığı qətnaməyə olan reaksiyalar da bunu sübut etdi. Aydın oldu ki, bu məsələyə ilk reaksiya verənlər vətəndaş cəmiyyətinin üzvləri oldular. Əslində Azərbaycanda sabitliyi pozmağa çalışan bu xarici qüvvələr çaşqın duruma düşdülər. Çünki bu güclər bir ölkədə gərginlik yaratmaq üçün hər zaman həmin ölkədə icraedici, qanunverici və vətəndaş cəmiyyəti arasında uçurum yaratmaqla məqsədlərinə nail olublar. Əsasən də bu missiya vətəndaş cəmiyyətlərinə həvalə olunur. Amma Azərbaycanda gözləntilər özünü doğrultmadı və Avropa Parlamentinə ilk sərt mövqe vətəndaş cəmiyyətlərindən gəldi. Bunun davamı olaraq Azərbaycan parlamenti də sərt mövqe sərgilədi və Avropa parlamenti nə qədər yanlışlıq etdiyinin fərqində oldu. Bununla da aydın oldu ki, Azərbaycanda həyata keçirilən dövlətçilik sisteminə, vətəndaş cəmiyyətlərinin yaranış fəlsəfəsinə görə ölkədə vahid mövqe var və hədəf anındaca bəlli olur. Bu gün isə bütünlüklə cəmiyyət kənar qüvvələrə qarşı mövqe sərgiləyə bilir. Elə bunu Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədovun açıqlamasında da görmək olur. O açıqlamasında deyib: "Müdriklərin bir yanaşması var: bir dəfə dedin inandım, ikinci dəfə dedin şübhələndim, üçüncü dəfə dedin - artıq inanmıram. Avropa Parlamenti Azərbaycana qarşı görün neçənci, yumşaq desək, qeyri-obyektiv qətnaməsini qəbul edir. Qərəz təkcə məlum qətnamələrin məzmununda deyil, həm də Avropa Parlamentinin davranışının mahiyyətindədir. Bu qurum açıq şəkildə antiazərbaycan mərkəzinə çevrildiyini gizlətmək belə istəmir. İstənilən halda qərəzin cavabı qəzəb olub. Bu gün Azərbaycanda Avropa Parlamentinə qarşı böyük bir qəzəb müşahidə olunur".
Ə.Əhmədovun sözlərinə görə, heç bir xalq razı olmaz ki, onun ölkəsi xaricdən müəyyən edilmiş qaydalarla idarə olunsun: "Avropa Parlamenti isə çalışır ki, müstəqil dövlətlərə davranış qaydaları öyrətsin".
Baş nazirin müavini vurğulayıb ki, Azərbaycan əməkdaşlıq ideyasının əleyhinə deyil: "Bəlkə də bizim ölkəmiz əməkdaşlığa ən çox hazır olan ölkələrdən biridir. Lakin hər bir əməkdaşlıq qarşılıqlı olmalıdır. Avropa Parlamentinin Azərbaycana qarşı açıq hiss olunan qərəzli mövqeyi əməkdaşlıq imkanlarını heçə endirir. Nəzərə alsaq ki, Avropa strukturları ilə illərdir davam edən əməkdaşlıqdan Azərbaycan indiyədək heç nə qazanmayıb, ələlxüsus Dağlıq Qarabağ məsələsində ciddi ədalətli dəstək əldə edə bilməyib, onda sözügedən əməkdaşlığın pozulmasında itirəcəyimiz də yoxdur".
O qeyd edib ki, Avropa Parlamenti, digər Avropa qurumları Azərbaycana qarşı qərəzli mövqelərini saxladıqca, Azərbaycanı o qədər özlərindən uzaqlaşdırmış olacaqlar: "Qeyri-qanuni yollarla hansısa qrupları və ya şəxsləri müdafiə etmək, "5-ci kolon"a çevirmək cəhdlərini düzgün və ədalətli saymıram. Avropa Parlamenti unutmamalıdır ki, Azərbaycanın öz dövlət və milli maraqlarını qorumaq haqqı var və bu haqqını heç kimə vermək niyyətində deyil. Avropa Parlamenti bir də onu nəzərə almalıdır ki, Azərbaycan haqqında yerli-yersiz ədalət və obyektivlikdən uzaq qətnamələr qəbul etməklə özünü və qətnamələrini gözdən salır".
Avropa Parlamentinin qəbul etdiyi qətnamə Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə ciddi zərbə vurub. Tələsik formada qəbul olunan bu qətnamədə Azərbaycanla bağlı qərəzli və böhtan xarakteri daşıyan iddialar irəli sürür.
Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib. Əslində bu açıqlamadakı əminlikdə bununla bağlıdır ki, İlham Əliyevin həyata keçirtdiyi dövlət quruculuğu siyasətinin kökündə xalqın bərabərliyi və kənar qüvvələrə müqaviməti dayanır. Nazir daha sonra qeyd edib ki, qətnamədə beynəlxalq əlaqələrin mahiyyətinə zidd olaraq, etik normalardan kənara çıxan cəfəng və təhqiramiz ifadələrdən istifadə edilir: "Bu isə qəbuledilməzdir. Belə bir qətnamənin qəbul edilməsi heç bir diplomatik məntiqə sığmır. Azərbaycan müstəqil və suveren ölkədir. Heç bir suveren dövlət diktə və siyasi təzyiq tərzli davranışı qəbul edə bilməz. Tövsiyə edərdik ki, dəyərlərdən danışan Avropa Parlamenti bütün Avropanı bürüyən daha ciddi problemlər, o cümlədən irqi ayrı-seçkilik, ksenofobiya, şovinizm, İslamofobiya, radikalizm, ekstremizm və miqrantlara münasibətdə qeyri-insani davranış kimi məsələlərlə məşğul olsun".
E.Məmmədyarovun sözlərinə görə, təəssüf doğuran hal odur ki, Avropa Parlamenti özündə cəsarət tapıb miqrant ailəsindən olan azyaşlı uşağın faciəli ölümünün mətbuat azadlığı adı altında karikatura obyektinə çevirərək məzxərəyə qoyulması məsələsini müzakirə etmir və münasibət bildirmir. "Bildiririk ki, hər hansı bir təsisat Azərbaycanla münasibətdə bu cür qeyri-etik ifadə formasını seçirsə, biz tərəfindən də adekvat və qeyri-adekvat formada öz cavabını alacaq". İndi isə gəlin parlament təmsilçilərimizin fikirlərinə diqqət ayıraq. Milli Məclisin deputatı Gövhər Baxşəliyeva Avropa Parlamentinin məlum antiazərbaycan qətnaməsini ilk növbədə Qərbin neokolonialist ambisiyalarının növbəti təzahürü hesab edir: "Tarixən Şərq xalqlarına ağalıq etmək iddiasında olan, onların maddi və mədəni sərvətlərini talan edən, xalqların minilliklərlə formalaşmış milli-mədəni və mental xüsusiyyətlərini nəzərə almadan yeni yaşam tərzini onlara diktə edən Qərb yenə də öz köhnə ambisiyalarından əl çəkmək istəmir". Deputat qeyd edib ki, bu siyasətin ərəb Şərqində hansı fəlakətlərə gətirib çıxardığı göz önündədir. Yüz minlərlə insan həlak olub, yurd-yuvasından qaçqın-köçkün düşüb, şəhərlər, qiymətsiz tarixi abidələr xarabalığa çevrilib, insanlar səfalət, humanitar fəlakət, müharibənin bütün dəhşətləri ilə üzləşiblər: "Bu günlərdə 3 yaşlı məsum suriyalı körpənin Aralıq dənizinin sularına qərq olmuş cəsədinin görüntüləri bütün bəşəriyyəti dəhşətə gətirdi. Böyük rus yazıçısı F.M.Dostoyevskinin sözləri yada düşür: "Heç bir, hətta ən gözəl ideya belə bir körpənin göz yaşına dəyməz". Yaranmış xaos, özbaşınalıq və hərbi əməliyyatlardan doğan yeni hərəkat - İŞİD bu gün region üçün çox böyük təhlükəyə çevrilib".
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Elman Məmmədov isə qəzetimizə açıqlamasında bildirib ki, Avropa Parlamentinin qəbul etdiyi qərəzli qətnamə Azərbaycana qarşı davamlı aparılan çirkin kampaniyanın növbəti təzahürüdür. Daim şər-böhtan atan, təzyiq göstərmək istəyən bu qurum yenə də öz ənənəsinə "sadiq qalıb".
Deputatın sözlərinə görə, Avropa Parlamenti Avropa İttifaqının deyə bilmədiyi sözləri qətnamə formasında həyata keçirir: "27 il bundan öncə 1988-ci ildə Avropa İttifaqı AP-nin vasitəçiliyi ilə ermənilərin Sumqayıtda törətdikləri hadisə ilə bağlı sənəd hazırlayıb rəsmi Moskva qarşısında tələb qoymuşdu. Həmin sənəddə ermənilərin müdafiəsi tələb olunurdu. Elə həmin ilin iyul ayında AP "Sovet Ermənistanında vəziyyətə dair" adlı sənəd qəbul etmişdi. O sənəddə də tələb qoyulurdu ki, Ermənistan müdafiə olunmalı, ermənilərin hüquqları qorunmalı, haqlı tələbləri yerinə yetirilməlidir. Eyni zamanda göstərilib ki, bu ərazi Ermənistana qaytarılmalıdır. Çox təəssüf ki, rəsmi Moskva həmin vaxt erməniləri müdafiə edir, bu tələblərin bəzilərini yerinə yetirirdi. Bu, həmin Avropa Parlamentidir ki, hələ də Azərbaycana qarşı çirkin kampaniyasını davam etdirir".
Deputatın fikrincə, əgər araşdırmalar aparılsa, məlum olar ki, Azərbaycana qarşı hazırlanan qətnamələrin sonuna atılan imzalar eyni şəxslərə məxsusdur. Onların içərisində erməni əsilli deputatlar var. Digərləri isə erməni lobbisinin pulu ilə işləyənlərdir. Bu qruplaşmalar digər fraksiyalar arasında iş aparıb Azərbaycana qarşı çirkin kampaniyalar təşkil edirlər.