07 Dekabr 2019
Rus politoloqdan sərsəmləmə
Rus politoloqdan sərsəmləmə CƏMİYYƏT 12:54 2012-05-31

Rus politoloqdan sərsəmləmə
Rus politoloqdan sərsəmləmə

Konstantin Zatulin Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın mövqeyini az qala ikiəlli dəstəkləyir

"Dağlıq Qarabağ münaqişəsi hal hazırda donmuş vəziyyətdədir və Rusiyanın hərbi bazalarının Ermənistanda olması sayəsində müharibənin baş verməsi mümkün deyil. Çünki Rusiya Ermənistanın sərhədlərini qorumaq üçün öhdəlik götürüb". Bu sözləri MDB Ölkələri İnstitutunun direktoru Konstantin Zatulin deyib.

O qeyd edib ki, Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşlərinin Putin hakimiyyəti dövründə də qalacağına ümid edir. "Rusiya bu gün Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını üzərinə götürməkdə tərəddüd etməyib və etmir. Bu missiyanı Rusiya o zaman üzərinə götürdü ki, artıq münaqişənin başqa formatlarda həlli mümkün deyildi. Eyni zamanda, bu, Ermənistan-Türkiyə münasibətlərində qırılma əmələ gələn ərəfəyə təsadüf edirdi və Azərbaycanın münaqişənin həlli ilə bağlı fərqli versiyaları və böyük illuziyaları vardı. Çünik Ermənistan-Türkiyə əlaqələrinin normallaşması prosesinin iflasa uğraması Azərbaycanda böyük bir qələbə kimi qəbul edilirdi".
Qeyd edək ki, Zatulin davamlı olaraq Dağlıq Qarabağa səfər etdiyi üçün Azərbaycan tərəfindən persona non-qrata elan edilib. Bununla bağlı məsələyə münasibət bildirən İnstitut direktoru vurğulayıb ki, belə yanaşma Azərbaycanın heç də mövqeyini möhkəmlətmir. "Rusiya Ermənistanla yaxşı münasibətlərə malikdir. Rusiya hesab edir ki, Azərbaycanla yaxşı münasibətlər rəsmi Bakının avanturist hərəkətlərini önləmək üçün lazımdır. Amma buna baxmayaraq, Rusiya nə Ermənistan, nə də Azərbaycan qarşısında heç bir öhdəlik götürməyi. Halbuki Ermənistan Rusiya ilə hərbi-siyasi müttəfiqlir. Azərbaycan isə, sadəcə, MDB-nin üzvüdür".
Qeyd edək ki, Rusiyanın Qarabağ məsələsində bir sıra maraqları var. Həmin maraqlar əsasən siyasi əhəmiyyət daşıyır. Bu gün Moskva Azərbaycana təzyiq etmək, onun Qərbə inteqrasiyasının qarşısını almaq və bir sıra digər maraqlarını həyata keçirmək üçün Ermənistandan səmərəli istifadə edir. Elə Qarabağın işğalında rus ordusunun iştirakı da belə deməyə əsas verir ki, Kreml İrəvanı əlində daha çox "ov tulası" kimi saxlamaqdadır.
Digər tərəfdən, Rusiya Qarabağda hərbi əməliyyatların yenidən başlamasını istəmir. Ən azından ona görə ki, Şimali Qafqazda vəziyyət yetərli qədər pisdir. Və bunun ardından Cənubi Qfaqazda münaqişənin güclənməsi nəticədə prosesin bütün Qafqaza yayılmasına gətirib çıxaracaq. Belə olan vəziyyətdə isə Rusiya ölkənin cənubunu itirməyə məcbur olacaq. Bu problemdən xilas olmaq üçün isə Kremlin əlində Qarabağ əsas kartlardan biridir.
Bildirək ki, Rusiyanın Qarabağ münaqişəsi ilə bağlı maraqları məsələsində xarici ekspertlərin də fikirləri maraqlıdır. Elə rus politoloqlar da etiraf edirlər ki, Rusiyanın Ermənistanda heç bir iqtisadi maraqları mövcud deyil. Politoloq, etnoloq və tarixçi Darya Mitina hesab edir ki, Azərbaycana gəldikdə, vəziyyət başqadır. "Burada obyektiv olaraq iqtisadi maraqlar daha çoxdur, lakin Rusiya özü-özünü bu qarşılıqlı əlaqələr meydanından çıxarıb. Bizim əlaqələrimizdəki bir çox çətinliklər, Azərbaycanın antirusiya GUAM blokuna daxil olması Rusiyanın qeyri-praqmatik Azərbaycan siyasəti ilə bağlıdır".
Onun sözlərinə görə, Qərbin Dağlıq Qarabağ problemini beynəlxalq səviyyəyə qaldırmaq səyləri münaqişəsinin Fələstin-İsrail münaqişəsinə çevrilməsinə səbəb olacaq. Mitinanın fikrincə, Ermənistan-Türkiyə əlaqələrinin canlanması Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə həlledici təsir göstərəcək. Politoloq həmçinin ATƏT Minsk Qrupunun tərkibində dəyişikliklər olacağını proqnozlaşdırır. Belə ki, Mitina Böyük Britaniyanın Dağlıq Qarabağ münaqişəsinin həllində daha yaxından iştirak etmək istəyəcəyinə əmindir.
Dağlıq Qarabağ münaqişəsinin köklərindən danışan politoloq lap əvvəldən ermənilərin çirkin üsullarla apardıqları saxtalıqlarla dolu təbliğatının münaqişənin gedişinə böyük təsir etdiyini qeyd edib.
Zatulnin dediklərinə gəldikdə isə burada birmənalı olaraq erməni dəstə-xətti hiss olunur. Zatən, rus politoloq ermənilərin mövqeyini müdafiə etməkdə ad çıxarıb. Onun bütün açıqlamaları isə Azərbaycana qarşı yönəlib. Amma burada bir maraqlı siyasi səhvlər var ki, Zatulin onları unudub. Əvvəla, Rusiya Ermənistanın sərhədlərini qorumaq öhdəliyini götürüb. Amma Dağlıq Qarabağı Ermənistanın ərazisi kimi qəbul etmir. Belə olan təqdirdə, Azərbaycanda Qarabağda antiterror əməliyyatlarına başlayacağı təqdirdə, Rusiya məsələyə hüquqi baxımdan müdaxilə edə bilməyəcək. Çünik Azərbaycanın Ermənistanda torpaq iddiası yoxdur və bu ölkəyə hücum etmək niyyətində də deyil.
İkinci böyük siyasi səhv ondan ibarətdir ki, Zatulin məsələyə ancaq güc prizmasından yanaşır. Və Ermənistanla Rusiyanın müttəfiq olduğunu vurğulayır. Hərçənd bu deyilənlər həqiqətdir. Amma Rusiyanın Azərbaycandakı maraqlarını da nəzərə almadan buna toxunmaq olmaz. Yəni, Rusiya özünün bir sıra maraqlarının Azərbaycanda təmin olunması üçün çalışır və bu istəyinə çatmaq üçün Ermənistanı hər an bir kənara buraxa bilər. Həmçinin Zatulin daha çox sərsəmləmələri ilə diqqəti çəkir ki, bunu da heç bir politoloqa yaraşdırmaq doğru deyil.

Cavid