16 Oktyabr 2019
15 Oktyabr 2019
Vətəndaş cəmiyyəti quruculuğu haqda zəruri bilgilər
Vətəndaş cəmiyyəti quruculuğu haqda zəruri bilgilər KRİMİNAL 10:30 2015-09-22

Vətəndaş

"Vətəndaş cəmiyyəti" bir termin kimi rastımıza tez-tez çıxsa da bunun mahiyyəti, alt qatında yatan məna çalarları haqda cəmiyyətimizin kifayət qədər məlumatlı olduğunu iddia edə bilmərik. Demokratik quruculuq prosesinin başlıca atributlarından sayılan vətəndaş cəmiyyəti anlayışının və onun əhəmiyyətinin təbliğatına böyük ehtiyac var. Məhz bu ehtiyacı nəzərə alaraq bu yazımızda vətəndaş cəmiyyəti haqda bəzi düşüncələrimizi təqdim edəcəyik.
Dövlətin idaərolunmasında və ictimai işlərdə vətəndaşların iştirakından danışarkən "vətəndaş cəmiyyəti" anlayışı ilə tez-tez rastlaşırıq. Müasir sosial-siyasi reallıqları nəzərə alsaq, bu anlayış altında ayrı, ancaq bir-birini tamamlayan iki fenomeni fərqləndirmək lazımdır. Siyasi ədəbiyyatda bu anlayışdan geniş mənada siyasi-hüquqi, sosial-iqtisadi cəhətdən müəyyən xüsusiyyətlərə və münasibətlər sisteminə malik olan bütöv bir cəmiyyəti xarakterizə etmək üçün istifadə edilir. "Vətəndaş cəmiyyəti" anlayışından həm də nisbətən dar mənada vətəndaşların dövlət və özəl sektordan kənarda yaratdıqları və iştirak etdikləri birliklərin məcmusunu ifadə üçün istifadə olunur.
"Vətəndaş cəmiyyəti" bir cəmiyyət modeli kimi birinci mənada, vətəndaş cəmiyyəti əmək vasitəsilə öz fərdlərinin tələbatlarını təmin edən və siyasi-hüquqi cəhətdən müəyyən inkişaf mərhələsində olan insan birliyi formasıdır. Vətəndaş cəmiyyəti ilə bağlı əsas fikirlərin müəlliflərindən biri olan Emmanuil Kant bu nəticəyə gəlmişdi ki, hər bir insanın azadlığının digərlərinin azadlığı ilə uyğunlaşdırılmasının başlıca yolu vətəndaş cəmiyyəti formalaşdırmaqdır. Kanta görə vətəndaş cəmiyyəti üç prinsipə əsaslanır: cəmiyyət üzvünün bir insan kimi azadlığı, ikincisi bir təbəqə kimi onun digərləri ilə bərabərliyi, üçüncüsü isə cəmiyyət fərdinin bir vətəndaş kimi müstəqilliyi. Hegelə görə isə vətəndaş cəmiyyəti öz tələbatlarını əmək vasitəsilə başqalarının tələbatlarına uyğunlaşdıran individiumlar sistemi kimi çıxış edir. Vətəndaş cəmiyyətinin təməlini şəxsi mülkiyyət, maraqlar birliyi və vətəndaşların qanunla təsbit edilmiş formal ümumi bərabərliyi, insanın təsadüflərdən qorunması təşkil edir.
Vətəndaş cəmiyyətinin mövcudluğunun başlıca şərti onun hər bir üzvünün konkret mülkiyyətə və ya belə bir mülkiyyətə yiyələnməkdə iştirak imkanına, ondan öz istədiyi kimi istifadə edə bilmək və onun barəsində sərəncam vermək hüququna malik olmasıdır. Mülkiyyətə sahib olmaq vətəndaş cəmiyyətində şəxsiyyət azadlığının təməl şərtidir. Xüsusilə orta və xırda sahibkarlıq fəaliyyəti ilə bağlı təşəbbüslər yalnız inkişaf etmiş vətəndaş cəmiyyətinin verdiyi imkanlardan asılıdır.
Vətəndaş cəmiyyəti həm də şəxsiyyətin sosial, intellektual və psixoloji inkişafının, daxili azadlığının və öz potensialını gerçəkləşdirmək imkanlarının yüksək səviyyədə olduğu bir cəmiyyətdir. Bu şərt cəmiyyətin uzunmüddətli evalyusyon və inqilabi inkişafı nəticəsində ödənilir və reallaşır. Yaxşı inkişaf etmiş cəmiyyət strukturunu qısa müddət ərzində yaratmaq olmaz, bu obyektiv bir prosesdir. Qısamüddətli bir kampaniya vasitəsilə hər kəsin canındakı kölə psixologiyasını kökündən bir anda qoparıb atmaq mümkün iş deyil.
Vətəndaş cəmiyyətinin mövcudluğunun daha bir mühüm şərti cəmiyyətdə müxtəlif qrupların və təbəqələrin mənafelərini bütün zənginliyi və çoxcəhətliliyilə əks etdirən inkişaf etmiş sosial strukturun mövcud olmasıdır. Bu strukturun formalaşması üçün cəmiyyətdə qeyri-dövlət münasibətlərinin (iqtisadi, sosial, ailə, milli, mənəvi, əxlaqi, dini və s. insanların iş və özəl həyatı, onların adətləri, ənənələri, xüsusiyyətləri) varlığı və işləkliyi həlledicidir. Sosial strukturun dağınıqlığı şəraitində fərd dövlətdən birbaşa asılı olur ki, bu da onun öz şəxsi hüquq və azadlıqlarını reallaşdırmaq imkanını xeyli məhdudlaşdırır.
Bəhs etdiyimiz vətəndaş cəmiyyəti modelində isə dövlət üzərinə idarəetmə və tənzimləmə ilə bağlı funksiyalar götürmüş bir iştirakçıdır. O, vətəndaşın hüquq və azadlıqlarının təminatçısı kimi çıxış edir, cəmiyyətin dövlətdənkənar sferalarının fəaliyyətinə qısqanc yanaşmır, onlara tərəfdaş kimi baxır, onları inkişaf etdirməkdə maraqlı olur. Vətəndaş cəmiyyətinin bütün bu elementləri sıx inteqrasiyada və bir-birindən asılı vəziyyətdədir, bir-birilə şərtlənmişdir. Beləliklə, bu nəticəyə gələ bilərik ki, vətəndaş cəmiyyəti – şəxsiyyətin hüquq və azadlıqlarına hüquqi təminat verildiyi və siyasi cəhətdən qorunduğu, dövlətdən kənar münasibətlər sferasının harmonik inkişaf etdiyi cəmiyyətdir.
Çağdaş "vətəndaş cəmiyyəti" ideyasının əsas prinsipləri XVIII əsrdə formalaşmışdı. Tarixən sosial və siyasi düşüncədə cəmiyyətlərin yalnız dövlət və bazardan ibarət "iki sektorlu modeli"nin mövcudluğu ideyası hökmran idi. Vətəndaş cəmiyyəti dövlət sisteminin bir parçası sayılırdı. Bu problemi prinsipial olaraq yeni müddəalarla zənginləşdirən Hegeldən sonra isə vətəndaş cəmiyyətinə və dövlətə müstəqil institutlar kimi baxılmağa başladı. Hegelə görə, vətəndaş cəmiyyəti dövlət daxilində deyil, onunla yanaşı mövcuddur. Hesab edirdi ki, vətəndaşların ümumi iradəsi dövlətdə təmsil olunub. Vətəndaş cəmiyyəti isə ayrı-ayrı fərdlərin, xüsusi, özəl maraqlarının reallaşdırılma sferasıdır. Hegelin mühakiməsinə görə, həm vətəndaş cəmiyyəti, həm dövlət öz ziddiyyətli vəhdətində yalnız zümrələrin çoxluğu, yəni cəmiyyətin inkişaf etmiş sosial strukturu əsasında mövcud ola bilər.
Dövlətdən kənar sosial münasibətlər sferasında ailə və özəl sektorla yanaşı, fərdlərin könüllü formalaşdırdığı birliklərin (kooperasiyalar, peşə, yaradıcılıq, idman, etnik, dini, siyasi və s. birlikləri) kompleksi "üçüncü sektor" olaraq önəmli yer tutur. Hazırda "vətəndaş cəmiyyəti" anlayışı daha dar və müasir mənada məhz bu birliklərin məcmusunu ifadə etmək üçün istifadə olunur. Bu vəsaitdə də onu məhz, bu anlamda izah etməyə, rolunu aydınlaşdırmağa çalışırlar. Beləliklə, "vətəndaş cəmiyyəti" nədir və onun əsas xüsusiyyətləri hansılardır?
Vətəndaş Cəmiyyəti – dövlət hakimiyyəti tərəfindən fəaliyyətlərinə birbaşa müdaxiləyə qanunla yol verilməyən azad fərdlərin və onların birliklərinin ümumi maraq, məqsəd və dəyərlər naminə könüllü kollektiv fəaliyyət sferasıdır.
Vətəndaş Cəmiyyəti (VC) dövlət, bazar və ailə ilə yanaşı sosial strukturun dörd əsas komponentindən biridir. Uğurlu vətəndaş cəmiyyətinin əsas keyfiyyətləri bunlardır: dövlətdən və kommersiya sektorundan ayrı olmaq; ümumi ehtiyac, maraq və dəyərləri olan insanlar tərəfindən formalaşdırılmaq; kənar təsirlərdən və nəzarətdən azad, müstəqil inkişaf imkanlarına malik olmaq. Vətəndaş cəmiyyəti özütəşkil olunan və öz-özünə inkişaf edən bir sistemdir. Bununla yanaşı, yüksək inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, vətəndaş cəmiyyəti yalnız onun üçün müəyyən əlverişli şərait yaradıldığı təqdirdə daha uğurlu və səmərəli şəkildə fəaliyyət göstərir və inkişaf edir. Belə bir şərait isə dövlət tərəfindən və ya onun əksinə olaraq xeyli dərəcədə cəmiyyətin özü tərəfindən yaradılır. Dövlət lazımi qanunların qəbulu, demokratik strukturların formalaşdırılması, hamılıqla qəbul olunmuş norma və prosedurlara ciddi riayət etməsi və hüquqlara təminat yaradılması yolu ilə VC-nin inkişafına və müstəqil fəaliyyətinə şərait yaradır. Bunlar təmin olunmadıqda isə müstəqil ictimai təşkilatlar, hərəkatlar, kütləvi informasiya vasitələri timsalında qanun çərçivəsində dövlətə qarşı balanslaşdırıcı güc mərkəzi yaratmaqla VC həm özünün, həm də bütövlükdə cəmiyyətin inkişafına nail ola bilir.
Vətəndaş cəmiyyətini, eyni zamanda, dövlətdaxili münasibətlərin inkişafına təsir göstərən insan qruplarının təşkilatlanmış fəaliyyəti, sosial şəbəkələşmə kimi də müəyyən etmək olar. İctimai rifah naminə şüurlu və aktiv fəaliyyət kimi vətəndaş təşəbbüsləri, vətəndaş cəmiyyətinin əsas dinamik xüsusiyyətini təşkil edir.
BMT-nin keçmiş baş katibi Kofi Annan 2001-ci ildəki çıxışında cəmiyyətin gələcək inkişafı nöqteyi-nəzərindən vətəndaş cəmiyyətinin əhəmiyyətini çox dəqiq şəkildə ifadə etmişdir: "Bütün bəşəriyyətin xoş gələcəyinə ümidlər yaradan yeganə yol qarşılıqlı əlaqə və əməkdaşlıq yoludur, hansı ki, bütün ictimai qüvvələr – dövlət, xüsusi sektor, təhsil və tədqiqat müəssisələri, bütün formalarında vətəndaş cəmiyyəti – müəyyən məqsədlərə nail olmaq üçün öz güclərini birləşdirməlidirlər".
Vətəndaşların birləşmək və dövlətin və cəmiyyətin idarə olunmasında iştirak hüquqları, insan hüquq və azadlıqlarının mühüm tərkib hissəsi olmaqla, ölkə qanunları ilə müəyyən edilir. Bu və digər hüquqlardan istifadə etməklə, vətəndaşların müxtəlif formalarda cəmiyyətin həyatına qatılmaq, ona təsir etmək və təşəbbüslər göstərmək imkanları vardır.
Vətəndaş cəmiyyəti dövlət və özəl sektordan kənarda vətəndaşların ən müxtəlif səviyyəli müstəqil birliklərinin kompleksini təşkil edir. İnkişaf etmiş ölkələrin təcrübəsi gəstərir ki, belə birliklər sırasına ənənəvi olaraq dini birliklər, siyasi partiyalar, vətəndaş hərəkatları, ticarət və peşə assosiasiyaları, qeyri-hökumət təşkilatları, icma əsaslı təşkilatlar və bütün digər vətəndaş birlikləri aid edilir. Cəmiyyətin dövlət və biznes sektoruna daxil olmayan bütün belə birliklərinin məcmusu beynəlxalq təcrübədə Vətəndaş Cəmiyyəti Təşkilatları (VCT) adlandırılır. Bu birliklərin ən səciyyəvi xüsusiyyəti budur ki, onlar dövlətdən və yerli özünüidarəetmədən fərqli olaraq kütləvi hakimiyyətə və ya rəsmi səlahiyyətlərə malik deyillər, bir qayda olaraq öz daxili qaydaları əsasında təşkil olunur və fəaliyyət göstərirlər. Bu birliklər hakimiyyətin idarə olunmasında bilavasitə iştirak etməsələr də, hakimiyyətə müxtəlif vasitələrlə təsir imkanına malikdirlər.