22 Oktyabr 2019
21 Oktyabr 2019
Vətəndaş cəmiyyətinin sərt mövqeyi ilə razılaşmalar başladı
Vətəndaş cəmiyyətinin sərt mövqeyi ilə razılaşmalar başladı KRİMİNAL 09:36 2015-09-30

Qərb dünyasında Azərbaycanla bağlı ziddiyətlər davam etməkdədir. Əslində gülməli bir durum yaranıb. Avropa sanki iki yerə bölünüb və Azərbaycanda insan hüquqlarının durumuna, vətəndaş cəmiyyətinin inkişafına fərqli mövqelər sərgiləyirlər.
Əslində bunun kökündə dayanan məqam Azərbaycan hakimiyyəti ilə vətəndaş cəmiyyətinin eyni mövqedən çıxış etməsidir. Belə ki, Avropa Parlamenti Azərbaycanla bağlı sərt qərar çıxartdı və belə düşündülər ki, Azərbaycanda vətəndaş cəmiyyəti Qərb dairələrini dəstəkləyəcək. Amma aydın oldu ki, Azərbaycan cəmiyyəti hakimiyyətin yanındadır və durum yetərli qədər qaydasındadır. Bunun qarşılığında Azərbaycan hakimiyyəti məhz vətəndaş cəmiyyətinin mövqeyinə əsaslanaraq Avropa Parlamentinə qarşı sərt qətnamə qəbul etdi. Məhz bundan sonra Avropadakı ziddiyətli baxışlar daha da dərinləşdi. Məsələn, Artıq Avropada Azərbaycana qarşı qərəzli mövqe tutmaq doğru sayılmır. Elə götürək son açıqlamanı. Azərbaycanın apardığı siyasətin birtərəfli tənqid olunması bu inkişaf tendensiyalarını nəinki nəzərə almır, əksinə, bu daha çox ikili siyasi standartlar təsəvvürü oyadır. Bu barədə Berlin Qafqaz və Xəzər Hövzəsi Araşdırmaları üzrə Avropa İnstitutunun rəhbəri Mathias Dornfeldtin Avropa Parlamentinin Prezidenti Martin Şultsa ünvanladığı etiraz məktubunda bildirilir.
Məktubda bildirilir ki, Berlin Qafqaz və Xəzər Hövzəsi Araşdırmaları üzrə Avropa İnstitutu imkanları çərçivəsində Almaniya və Xəzər hövzəsi ölkələri arasında beynəlxalq münasibətlərin inkişafına töhfələrini verməyə çalışır: "Biz Azərbaycandakı vəziyyət haqqında tam məlumatlıyıq və deyə bilərik ki, hazırda rüşvətxorluğa (misal üçün ASAN mərkəzlərini göstərmək olar), eləcə də yoxsulluğa qarşı aparılan mübarizədə və ya qadın haqları ilə bağlı məsələlərdə müsbət inkişaf özünü göstərməkdədir. Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi ölkədə insan haqları sahəsində heç bir inkişafın müşahidə edilmədiyini bildirən qətnamə qəbul etməsinə (2015/2840) təəssüfümüzü bildiririk".
Bundan başqa qeyd olunur ki, Azərbaycanda son illərdə başlamış islahatlar prosesi təkcə müxtəlif dinlərin nümayəndələrinin (müsəlman, xristian və yəhudilər) birlikdə sülh şəraitində yaşamasına deyil, eləcə də tələbələrin Qərb universitetləri və şirkətləri ilə mübadilə aparmasına və həmçinin bazar iqtisadiyyatının inkişaf etməsinə şərait yaradıb: "Azərbaycanın apardığı siyasətin birtərəfli tənqid olunması bu inkişaf tendensiyalarını nəinki nəzərə almır, əksinə, bu daha çox ikili siyasi standartlar təsəvvürü oyadır. Buna görə də Avropa Parlamentinə haqlı olaraq 2008 -ci ildə nə səbəbə Ermənistana qarşı eyni qətnamənin qəbul olunmamasına dair sual verməlidir. O zaman prezident seçkilərində erməni silahlı qüvvələri tərəfindən on müxalifətçi öldürülmüş və Amnesty İnternational təşkilatının məlumatına görə səksəndən çox siyasi məhbus, eləcə də bir çox tənqidçi jurnalistlər həbs olunub".
Məktubda həmçinin vurğulanır ki, Azərbaycandakı vəziyyəti dəyərləndirərkən Avropa Parlamentinin millət vəkilləri nəzərə almalı idilər ki, bu ölkə regional vəziyyəti və tarixi inkişafındakı çətinliklərə baxmayaraq öz gücü hesabına siyasi və iqtisadi baxımdan sabit ölkə olaraq qərbyönümlü inkişaf edib: "Qonşu ölkələrə nəzər salanda bu cür müsbət inkişaf müşahidə edilmir. Azərbaycandan olan dövlət qulluqçularına qarşı məqsədyönlü şəkildə sanksiyaların tətbiq olunması və vizaların verilməməsinə dair tələblər də həmçinin narahatedicidir. Fikrimizcə, bu cür tədbirlərin görülməsi Azərbaycan və Aİ arasında münasibətlərə uzunmüddətli böyük zərbə olacaq. Xüsusilə bunu çoxlu böhranların nümunəsində görmək olur. Məsələn, Avropa İttifaqı hazırda Ukraynada və Suriyada olan böhranlarla məşğul olduğu bir vaxtda və islamın təsirinin artdığını nəzərə alsaq, bizim qənaətimizə görə, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin korlanması Cənubi Qafqazdakı ümumi vəziyyətə əhəmiyyətli şəkildə təsir edə bilər. Sizdən xahiş edirik ki, bu cür qətnamənin mənfi təsirini düzgün hesablayasınız və Azərbaycan ilə dialoqu pozmayasınız, əksinə davam etdirəsiniz". Amma digər tərəfdən ikili standartlar da davam etdirilir. "Avropa Şurasının fəaliyyətində ikili standartlar siyasətinin şahidi oluruq". Bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) bu gün öz işinə başlayan payız plenar sessiyasında qurumun Bürosunun və Daimi komitəsinin görülən işlər barədə hesabatı ilə bağlı çıxışında Azərbaycanın qurumda nümayəndə heyətinin üzvü Rafael Hüseynov deyib.
Millət vəkili qeyd edib ki, Büronun və Daimi komitənin hesabatında təkcə görülən işlər deyil, görülməyən işlər də nəzərə alınmalıdır: "Təşkilatımızda belə bir praktika var: əgər bir üzv ölkə AŞ PA Bürosu tərəfindən təyin olunmuş məruzəçini ölkə ərazisinə buraxmırsa, bu ölkəyə qarşı sanksiyalar daxil olmaqla, cəza tədbirləri görülməlidir. Əgər bizim təşkilatın belə bir qaydası varsa, nə üçün bütün ölkələrə bərabər şəkildə tətbiq olunmur? Büronun hesabatında Ermənistanın qeyri-qanuni əməlləri barədə heç bir şey deyilmir. Halbuki bu hesabatın hazırlanması dövründə Ermənistan AŞ PA-nın iki məruzəçisinin - "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması" adlı hesabatın hazırlanması üzrə məruzəçi Robert Valter və "Azərbaycanın sərhəd rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi" mövzusunda hesabat üzrə məruzəçi Milis Markoviçin - ölkə ərazisinə girişinə mane oldu. Bu, çox ciddi bir presedentdir, digər üzv dövlətlərə də pis örnəkdir.
R.Hüseynov AŞ PA Bürosunun Ermənistana münasibətdə özünün qayda və prinsiplərinə xəyanət etdiyini də diqqətə çatdırıb: "Nəyə görə AŞ PA Bürosu Ermənistana münasibətdə özünün qayda və prinsiplərinə xəyanət edir? Ermənistana bu cür xoş münasibətin göstərilməsinin gizli səbəbləri nədir? Ermənistan ölkə ərazisinə qurum tərəfindən təyin olunan məruzəçiləri buraxmamaqla bütövlükdə təşkilata qarşı təhqiredici mövqedən çıxış edir. Biz istəyirik ki, bu cür narahatedici məqamlar Büronun hesabatında yer alsın. Təəssüf ki, bu dəfə də belə olmadı. Bu, ikili standart siyasətinin nümayişidir. Bu ədalətsizliyin təşkilatımızın iş metodunda daha dərin kök salma riski var. Bu isə gələcəkdə təsirsiz ötüşməyəcək". Çox qəribədir ki, əksəriyyət gözləyirdi ki, Avropa Şurası Azərbaycana qarşı mövqe sərtliyi edəcək. Amma görünən budur ki, AŞ Azərbaycandakı vətəndaş cəmiyyətini qəbul etmək zorundadır və hazırda verilən bəyanatlarda da bu görünməyə başlayır. Elə qurumun rəhbərlərindən birinin verdiyi bəyanat da bunu əks etdirir. "Ərazi bütövlüyü Avropa Şurası üçün çox önəmli və həyati əhəmiyyətlidir". Bu fikirləri isə Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) bu gün öz işinə başlayan payız plenar sessiyası çərçivəsində jurnalistlər üçün keçirdiyi mətbuat konfransında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Ann Brassör erməni jurnalistin Dağlıq Qarabağ münaqişəsi və azərbaycanlıların son zamanlar özlərini təcavüzkar kimi apardıqlarına dair sualına cavabında deyib.
AŞPA sədri qeyd edib ki, dəfələrlə demişəm ki, ərazi bütövlüyü məsələsi Avropa Şurası üçün çox önəmli və həyati əhəmiyyətli bir elementdir: "Zorakılıq cavab deyil və heç vaxt da ola bilməz. Danışıqlar prosesi davam edir. Bizə deyirlər ki, danışıqlar Avropa Şurasının səlahiyyətinə aid deyildir. Siz burada heç bir şey edə bilməzsiniz. Hərçənd ki, hər iki ölkə təşkilatımızın üzvüdür. Biz dialoq yolu ilə həll yolları tapmağa cəhd etməliyik. Assambleya daxilində də münaqişə tərəflərinin nümayəndə heyətləri arasında gərginlik hiss olunur. Bu qarşıdurmanı aşmağa cəhd etmək lazımdır. Ən azından insanlar Assambleya daxilində həll yollarını axtarmağa cəhd etsinlər".
AŞPA prezidenti, həmçinin qeyd edib ki, münaqişədən ən çox əziyyət çəkən regionun sakinləridir: "Daha çox bu regionun sakinləri münaqişədən əziyyət çəkirlər. Onlar Avropa Şurasının üzvləridirlər. Onlar qorunmalıdır. Onların insan haqları qorunmalıdır".
Beləliklə gördüyümüz kimi Azərbaycan nə qədər mövqeyində sabit qalırsa, nə qədər vətəndaş cəmiyyətinin rəyi ilə hərəkət edirsə Qərb dairələri, Azərbaycana süni şəkildə problemlər yaratmaq istəyən güclər də bir o qədər geri çəkilmək zorunda qalırlar. Deməli Azərbaycan cəmiyyəti doğru mövqedədir.