İradə Yaqubova: "QHT sektoru seçkilərin demokratik keçirilməsi üçün üzərinə düşən ictimai funksiyanı yerinə yetirir"

Qarşıdan parlament seçkiləri gəlir. Artıq Mərkəzi Seçki Komissiyası deputatlığa namizədlərin namizədliyinin təsdiqlənməsi prosesinə başlayıb. Parlament seçkiləri hər bir ölkə üçün əhəmiyyətli seçki prosesi olduğundan, seçkilərin şəffaf keçirilməsi beynəlxalq təşkilatların diqqət mərkəzində olur. Milli Məclisə keçirilən seçkiləri izləmək üçün beynəlxalq müşahidəçilər gəlir. Ümumiyyətlə hüquqi dövlətdə seçkilərin şəffaf keçirilməsi əsas prinsip hesab olunur.
Hüquqi dövlətlərdə seçkinin azad və şəffaf keçirilməsi üçün şərait yaradılır. Artıq bir neçə ildir ki, QHT-lər də seçkilərdə aktiv iştirak edir, şəffaflığa nəzarət funksiyasını yerinə yetirir. Çünki seçki prosesi dövlətin idarə edilməsində, cəmiyyətin maraqlarına toxunan məsələlərin həllində iştirakın ən əlçatan, ən sadə və ən effektiv vasitəsidir. Azərbaycan Respublikası Konstitusiyasında seçki hüququnu müəyyən edən xüsusi maddə vardır. Konstitusiyanın 56-cı maddəsində Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ nəzərdə tutulub. Seçki hüququ vasitəsilə xalq öz suveren hüquqlarını həyata keçirir. Azərbaycan Respublikasında 18 yaşına çatmış hər bir şəxs seçkidə iştirak etmək hüququna sahibdir. Hər hansı bir vətəndaşı yalnız məhkəmə yolu ilə seçki hüququndan məhrum etmək mümkündür. Qeyd edək ki, əvvəllər Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər qarışıq seçki sistemi əsasında həyata keçirilirdi. Lakin Azərbaycan Respublikası Konstitusiyasında dəyişikliklər edilməsi haqqında 2002 il avqustun 24-ü ümumxalq referendumunda qəbul edilmiş dəyişikliklər nəticəsində Milli Məclisə yalnız majoritar seçki sistemi əsasında seçkilərin keçirilməsi müəyyən edildi. Seçki hüququnun əhəmiyyəti cəmiyyət üçün çox böyükdür. Burada konkret şəxslərin deyil, bütöv halda cəmiyyətin mənafeyi nəzərdə tutulur.Odur ki, hüquqi dövlətlərdə insanların seçmək hüququnun azadlığı və şəffaflığı vacib element hesab edilir. Artıq bir neçə ildir ki, Azərbaycanda seçkilərin şəffaflığını yoxlamaq üçün vətəndaş cəmiyyəti institutları "exit-poll" keçirir.
"ELS Müstəqil Araşdırmalar Mərkəzi" nin direktoru İradə Yaqubova deyir ki, ölkəmizdə "Exit-poll" Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən (AVCİYA) 2004-cü ilin dekabrında bələdiyyə seçkilərində həyata keçirilib. Bu iş sonradan 2005-ci il parlament, 2008-ci il prezident və 2009-cu il martın 18-də keçirilmiş Referendumda daha da təkmilləşdirilib. İ. Yaqubovanın sözlərinə görə, "ELS" Müstəqil Araşdırmalar Mərkəzi hələ 2010-cu ilin noyabrında keçiriləcək parlament seçkilərində "Ekzitpol" tədqiqatını reallaşdırmaq məqsədilə oktyabrın 2-dən başlayaraq Bakıda təlimlər həyata keçirib: "Bizim həmin vaxt, oktyabrın 8-dək keçirilən təlimlərdə 720 nəfər intervüer iştirak edib. İntervüerlərə "Ekzitpol" tədqiqatı müddətində görüləcək işlər, tədqiqatın mövcud qaydaları, eyni zamanda informasiya kommunukasiya texnologiyalarından istifadə, məlumatların ötürülməsi kimi qaydalar izah edilib. Bundan əlavə "Ekzitpol" tədqiqatında iştirak edəcək supervayzerlər də təlimlərə qatılıb. "ELS" Müstəqil Araşdırmalar Mərkəzi 2008-ci ildən etibarən Azərbaycanda keçirilən prezident, bələdiyyə seçkilərində, həmçinin referendum zamanı "Ekzitpol" tədqiqatını həyata keçirib. 2010-cu ildə keçirilən parlament seçkilərində bizim Mərkəz 118 dairə üzrə 1180 məntəqədə "Ekzitpol" tədqiqatı həyata keçirib. Mərkəzin "Ekzitpol" tədqiqatı və seçki prosesinin tədqiqi sahəsindəki peşəkarlığı nəzərə alınaraq, Avropa ölkələrində seçkiləri keçirən təşkilatların Assosiasiyasına üzv qəbul edilib".
Həmsöhbətim deyir ki, ümumiyyətlə hüquqi dövlətlərdə seçki prosesində vətəndaş cəmiyyəti institutları nəzarət mexanizmini üzərinə götürür. QHT sektoru seçkilərin demokratik keçirilməsi üçün üzərinə düşən ictimai funksiyanı yerinə yetirir.
Amma hüquqi dövlət quruculuğunda seçkilərin demokratik keçirilməsi üçün qanunvericilik bazasının olması da vacib elementdir. Qeyd edək ki, Seçki Məcəlləsinin V bölməsi Milli Məclisə seçkiləri əhatə edir. İyirmi ikinci fəsil Milli Məclis deputatlarının seçkilərinə dair ümumi müddəaları özündə əks etdirir. Seçki prosesində şəffaflıq tələb edən əsas məsələ səslərin hesablanmasıdır. Bu qanunun 168-ci maddəsi ilə tənzimlənir. Belə ki, hər bir protokola bu Məcəllənin 100.2-ci maddəsində göstərilənlərlə yanaşı səsvermənin yekunlarına dair aşağıdakı məlumatlar daxil edilir.Seçki bülleteninə daxil edilmiş namizədlərin soyadı, adı, atasının adı, bunlar eyni olduqda- namizədlər barəsində digər məlumatlar, hər bir namizədin lehinə verilmiş səslərin sayı. Seçki Məcəlləsində seçki hüquqlarının pozulmasından şikayət və pozuntulara görə məsuliyyət də nəzərdə tutulub. Qanunun 112-ci maddəsi vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayət edilməsindən bəhs edir. Seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. Bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsinə şikayət edə bilərlər. Şikayətdə göstərilmiş qanun pozuntusu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cinayət hesab oluna bilərsə, müvafiq seçki komissiyası şikayətdə göstərilən çatışmazlıqların və qanun pozuntularının aradan götürülməsinə dair qərar qəbul etməklə yanaşı, cinayət işinin başlanması məqsədi ilə müvafiq prokurorluq orqanına müraciət edir. Hər bir şikayətə dair Mərkəzi Seçki Komissiyası əsaslandırılmış qərar qəbul etməlidir. Şikayətin araşdırılması zamanı cinayət əməlinin olması ehtimal edilərsə, bu barədə prokurorluq orqanına məlumat verilir. Müvafiq prokurorluq orqanı həmin məlumata 3 gün müddətində baxmalıdır. Vətəndaşlar tərəfindən təqdim edilən şikayətlər şikayətin ünvanlandığı vətəndaşların şikayətlərinə baxılması üzrə komissiyanın adı,şikayəti edən subyektə şikayətin baxılmasının vaxtı haqqında bildirişin göndərilməsi üçün ünvanı, şikayətin obyekti olan qərar, hərəkət və ya hərəkətsizlik, əgər bu qərardırsa, qərar şikayətə əlavə edilməli, mübahisə obyekti olan qərarı qəbul etmiş seçki komissiyasının və ya dövlət orqanının adı qeyd olunmalı, vəzifəli şəxs göstərilməlidir əks etdirilməlidir. Bundan başqa əgər bu hərəkətdirsə, qeyri-qanuni hərəkəti edən şəxsin adı (vəzifəsi), hərəkətin mahiyyəti, onun törədildiyi yer və ya vaxt aydın şəkildə göstərilməlidir.Əgər bu hərəkətsizlikdirsə, şikayətçi cavabsız qalmış tələbi və tələbi cavabsız qoyan orqanın və ya şəxsin adını göstərməlidir. Şikayət üçün əsas Seçki Məcəlləsinin, digər qanunvericilik aktlarının pozulmasının güman edilməsi ola bilər. Şikayətçi həmin şikayəti imzalamalıdır. Seçki komissiyasının qərarı məhkəmə tərəfindən ləğv edildikdə, qərarı ləğv edilmiş seçki komissiyası məsələnin mahiyyəti üzrə yeni qərar qəbul etməlidir və ya məhkəmənin qərarı əsasında yuxarı seçki komissiyası müvafiq qərar qəbul etməlidir. Məhkəmə qərarlarının icra edilməməsi Cinayət Məcəlləsinə uyğun olaraq cinayət məsuliyyətinə səbəb olur. Səsvermənin nəticələri, seçkilərin yekunları barədə qərardan şikayətə baxılması, bu Məcəllənin pozulmasına aid faktlar üzrə keçirilmiş yoxlamalar, bu Məcəllə ilə seçilmiş sayılan namizədin toxunulmazlığının pozulması sayılmır. Seçilmiş sayılan namizəd onun seçilməsi zamanı vətəndaşların seçki hüquqlarının pozulmasına dair verilmiş şikayətlərlə bağlı inzibati, mülki və ya cinayət işləri üzrə şahid ifadələri verməkdən imtina edə bilməz (Azərbaycan Respublikasının Mülki Prosessual və Cinayət-Prosessual Məcəllələrində göstərilən hallar istisna olmaqla). Qeydə alınmış namizədin, referendum üzrə təşviqat qrupunun qeydiyyatının ləğv edilməsi barədə və namizədi, referendum üzrə təşviqat qrupunu qeydə almaqdan imtina edilməsi barədə işlərə və ya qeydə alınmış namizədin seçilməsinin etibarsız sayılması barədə müraciətə baxılarkən seçki komissiyası vətəndaşların və vəzifəli şəxslərin məlumatını dinləmək, zəruri sənəd və materialları tələb etmək və almaq hüququna malikdir. Seçki komissiyasına seçkilərin gedişi zamanı hər bir şikayət üzrə qərar 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və yaxud növbəti gün isə dərhal qəbul edilir və şikayətçiyə çatdırılır. Seçki komissiyalarının qərarlarından şikayətlərə məhkəmələr (bu Məcəllə ilə daha qısa müddət müəyyən edilməyibsə) 3 gün müddətində baxmalıdırlar. Məhkəmə qərarından yuxarı instansiyalı məhkəməyə şikayət 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra isə dərhal verilə bilər.