Bahar Muradova: "Dostlarımız sevindi, düşmənlərimiz kədərləndi..."
Bahar Muradova: "Dostlarımız sevindi, düşmənlərimiz kədərləndi..."

Milli Məclis sədrinin müavini Bahar Muradova Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişenko ilə görüşüb.
Aleksandr Mişenko Bahar Muradovaya 28 May - Respublika Günü və "Eurovision" Mahnı Müsabiqəsinin uğurla başa çatması münasibətilə təbriklərini çatdırıb.
Aleksandr Mişenko bildirib ki, bu yarışmada Ukrayna ən yüksək balını 12 bal olaraq Azərbaycana verib və dost ölkənin uğurları həmişə Ukraynanı sevindirir. O qeyd edib ki, Azərbaycanla Ukrayna həmişə dost ölkələr olub, bu gün isə bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Səfir bu işdə ölkə başçılarının və parlamentlərin də xüsusi rolu olduğunu dilə gətirib. Qeyd olunub ki, bu gün Ukraynada 500 mindən çox azərbaycanlı yaşayır və onlar özlərini bu ölkənin tam hüquqlu vətəndaşı kimi hiss edirlər.
Bahar Muradova isə ölkəmizin "Eurovision" Mahnı Müsabiqəsinə uğurla ev sahibliyi etməsindən dostlarımızın sevindiyini, düşmənlərimizin isə kədərləndiyini söyləyib. Onun sözlərinə görə, Azərbaycan bu müsabiqəni uğurla keçirməklə verdiyi sözə yüksək səviyyədə əməl edib. Bu uğura kölgə salmaq istəyən qüvvələr olsa da, onların niyyətləri baş tutmayıb. Vitse-spiker diqqətə çatdırıb ki, Azərbaycan və Ukrayna nümayəndə heyətləri bir çox beynəlxalq təşkilatlarda, o cümlədən ATƏT Parlament Assambleyasında qarşılıqlı maraqları müdafiə edir və bir-birilərinə güvənirlər: "Xalqlarımız və dövlətlərimiz həmişə bir-birilərinin dəstəyini hiss edib və bu siyasət bundan sonra da davam etdirilməlidir".
Görüşdə Dağlıq Qarabağ münaqişəsi, Avropaya inteqrasiya, beynəlxalq təşkilatlarda əməkdaşlıq və digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.