Bu gün Azərbaycanda vətəndaş cəmiyyətinin durumu hər kəsi qane edir və görünən budur ki, Azərbaycanda hüquqi dövlət quruculuğu ilə vətəndaş cəmiyyətinin formalaşması paralel aparılıb, nəticələr də göz qabağındadır.
Ekspertlər hesab edir ki, əslində durum daha da yaxşı ola bilər və buna əngəl yaradanlar sadəcə olaraq kənar qüvvələrdir. Uzun illər Azərbaycanda vətəndaş cəmiyyətlərini yanlış istiqamətlərə yönəldən xarici qüvvələr ayırdıqları donorların müqabilində az qala Azərbaycanda vətəndaş qarşıdurmasının yaranmasına cəhd edirdilər.
Tək bunu demək kifayətdir ki, xarici qüvvələrin Azərbaycanın vətəndaş cəmiyyətinə ayırdığı vəsaitin bir qəpiyinin belə milli-mənəvi dəyərlərimizin qorunması üçün xərclənməsinə icazə verilmirdi və ayrılan vəsait sadəcə qarşıdurmalar yaratmağa, Ermənistanla əlaqələr qurmağa yönləndirilirdi. Düzdür zamanında bu proseslərin qarşısı alındı və Azərbaycanın vətəndaş cəmiyyəti öz hakimiyyətinin yanında dayanmağı bacardı. "Unikal"a açıqlama verən ekspert Elçin Bayramov hesab edir ki, bu proses tək Azərbaycanda yox, dünyanın bir çox yerlərində müşahidə olunur. Belə ki, əsas güclər ölkələrin vətəndaş cəmiyyətlərini öncə təsir altına salır, sonra isə parçalanmasına çalışırlar. Həqiqətən də biz bunun bariz nümunəsini Şərqi Asiyada gördük. Müsahibimiz Elçin Bayramov hesab edir ki, dünyada guya demokratiya davası döyən ABŞ və onun təsirində olan Avropa dövlətləri ikili standartlarını və dünyaya yalnız öz prizmasından yanaşmasını davam etdirir. Hər kəsə aydındır ki, ABŞ və Avropanın, həmçinin onların nəzaərtində olan beynəlxalq təşkilatların nümayəndələrinin bu siyasətinin arxasında heç də insan haqlarını qorumaq deyil, ayrı məqsədlər dayanır:»Məlum olduğu kimi, 1948-ci il dekabr ayının 10-da İnsan hüquqları haqqında ümumi Bəyannamə qəbul edilib. Bəyannamə ölkədə yaşayan insanların bütün hüquqlarının təmin edilməsini dövlətlərin əsas vəzifəsi elan edib. Bu Konvensiyaya Azərbaycan da qoşulub və ölkə ərazisində yaşayan bütün insanların etnik, dini, siyasi, sosial və s mənsubiyyətlərindən asılı olmayaraq bərabər hüquqlara malik olması təsbit və təmin edilib. Lakin Qərb dövlətləri bu Konvensiyanı əldə bayraq edərək özlərinə tabe olmaqdan imtina edən, müstəqil siyasət yürüdən bəzi ölkələrə, o cümlədən Azərbaycana təzyiq elementi kimi əsassız olaraq istifadə edir". Ekspertimiz hesab edir ki, 1948-ci ildə qəbul edilən və 30 maddədən ibarət olan bu sənəd hələ də ABŞ Konqresi tərəfindən ratifikasiya edilməyib. ABŞ-da bir sıra QHT-lər Konqresdə bu sənədin ratifikasiya olunmasına çalışmaqdadırlar. Xüsusilə, Vyetnam müharibəsinin getdiyi dövrdə bu sənədin ABŞ tərəfindən qəbul edilməməsi çoxlu sayda insanların müharibədə iştirak etmədiyinə görə həbsinə gətirib çıxardı.
Eyni zamanda, bu gün ABŞ-da sosial hüquqlar uğrunda mübarizə aparan Amerika vətəndaşları həbs edilirlər. Amma vətəndaşlar bu həbslərə qarşı lazımi səviyyədə beynəlxalq hüquq müstəvisində mübarizə apara bilmirlər. Çünki ABŞ bu sənədə qoşulmayıb.
Bir çox Avropa ölkələrində də vəziyyət belədir. Başqa ölkələrdən tələb etdiklərini özləri edə bilmirlər. İndi sual olunur: beynəlxalq səviyyədə insan hüquq və azadlıqlarının təməl prinsipləri olan sənədləri qəbul etməyən bir ölkənin başqa ölkələri insan hüquq və azadlıqlarını pozmaqda ittiham etməsi nə dərəcədə məntiqlidir?
Soruşmaq ayıb olmasın, bəzi Qərb dövlətləri, bəzi beynəlxalq təşkilatlar Azərbaycandan nə istəyirlər? Fakt budur ki, Azərbaycandakı iqtisadi layihələrdə, siyasi, hərbi məsələlərdə Qərb dövlətlərinə daha çox üstünlük verilib. Enerji layihələrində böyük paya Qərb dövlətləri malikdir, ölkə iqtisadiyyatına investisiya qoymaq üçün Qərb şirkətlərinə daha çox imkan yaradılıb.
İraqda, Bosniyada, Əfqanıstanda beynəlxalq koalisiyanın tərkibində fəal iştirak etmişik. Bir sözlə, Azərbaycanda Qərbin bütün maraqları təmin olunub, strateji əməkdaşlıq edilir. Azərbaycan NATO, Aİ və s. Qərb institutları ilə sıx əməkdaşlıq edir. Beləliklə, biz Qərb üçün nə verə biliriksə vermişik. Amma əvəzində heç nə görmürük.
Niyə beynəlxalq qanunlara, insani etikaya tüpürərək qonşu xalqlara qarşı açıq terror və soyqırım həyata keçirən, başqa dövlətin ərazisini işğal edən dövlətə təzyiq etmirlər? Beynəlxalq təşkilatların qətnamələrini kağız parçası sayan Yerevana niyə heç nə deyə bilmirlər? 20 ildir gülməli, şablon bəyanat və açıqlamalarla kimin başını qatırlar? Özləri demokratik, ədalətpərvər olmayan dövlətlər başqalarından nə haqla nəsə tələb edə bilərlər?
Nə zaman ki, Azərbaycan öz qonşuları olan dövlətlərlə əməkdaşlığı artırır, nə zaman ki, Qarabağda ermənilərə layiqli cavab verilir, nə zaman ki, ölkəmizdə nüfuzlu beynəlxalq tədbirlər keçirilir həmin o vaxtlarda bunlar tullanırlar ortalığa və başlayırlar həbs olunmuş cinayətkarları siyasi məhbus adlandırıb insan hüquqları nağılları danışmağa. ABŞ və Avropanın həbsxanaları əsil siyasi məhbuslarla, jurnalistlərlə, dövlətin səhv siyasətinə qarşı çıxan fəallarla doludur. Bəlkə bundan danışsınlar?
İnsan hüquqlarını qorumaq istəyirlərsə, öz doğma evlərindən didərgin salınmış 1 milyon azərbaycanlının hüqüqlarını niyə qorumurlar? Göründüyü ki, məsələ heç də insan hüquqları filan deyil, bu hoqqalar sadəcə siyasi təzyiq vasitəsidir. Bunu Azərbaycan Prezidenti cənab İlham Əliyev öz çıxışında ətraflı təhlil edib. Digər dövlət rəsmiləri də, ictimai xadimlər də öz çıxışlarında bunu vurğulayıb və bu qətnaməyə sərt etirazlarını bildiriblər.
Bu gün beynəlxalq təşkilatların insan hüquq və azadlıqlarına yanaşmaları ciddi gərginliklər yaratmaqda, əslində elə insan haqlarının pozulması ilə müşahidə olunmaqdadır. Çünki bu qurumların yanaşmalarında ikili standartlar açıq şəkildə görünür və Azərbaycan nümunəsində tez-tez belə haqsızlıqlarla üz-üzə qalırıq. Qərb dövlətlərinin əlində oyuncağa çevrilən bu beynəlxalq təşkilatlar bir dəfə olsun belə Ermənistanın işğalçılıq siyasəti nəticəsində milyona yaxın insanın hüquqlarının pozulduğunu dilə gətirməyiblər. İnsanların hüquqlarının kütləvi şəkildə pozulmasında günahkar olan Ermənistan dövlətinə bir dəfə də formal olsa belə çağırış edilməyib. Ən nəhayət beynəlxalq insan haqları təşkilatları nə parlament gülləboran edildikdə, nə kütləvi aksiyalar vəhşiliklə dağıdıldıqda, nə də mitinqə çıxan insanlara atəş açıldıqda, nümayişçilər həbs edildikdə Ermənistanı insan haqlarını pozmaqda tənqid etməyiblər. Səbəb – ikili standart siyasəti və insan haqlarının müdafiəsi kimi ali dəyərin siyasi təzyiq aləti kimi istifadə olunmasıdır.
Bir neçə il əvvəl Fransada qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun qəbulu insanın ən ali hüququnun - söz azadlığı hüququnun kobud şəkildə pozulması idi. Lakin bu beynəlxalq təşkilatlardan, Avropa Parlamentindən səs çıxmadı ki, çıxmadı. Halbuki tarixə dair hansısa hadisəni öz prizmasından şərh etmək insanın ən təbii hüququdur. İsveçrədə də analoji qanunun qəbulu zamanı beynəlxalq hüquq müdafiə təşkilatlarının reaksiyası sıfır oldu. Azərbaycanda hansısa problemi şişirdərək dünya səviyyəli problemə çevirməyə çalışan bu təşkilatlar hələ indiyədək bir dəfə olsun Yaxın Şərqdə Qərbin yüz milyonlarla insanın haqlarını pozduğuna diqqət çəkməyiblər.
Lakin Azərbaycanda konkret sinayət əməllərinə görə həbs olunan şəxsləri azad etməyə çağırırlar. Düzdür, onların arasında qərbyönümlü fəallar, saxta hüquq müdafiəçiləri də var, lakin onlar da Qərbdə və bütün dünyada olduğu kimi törətdikləri əməllərə görə məhkəmədə günahları sübut edilərək həbs ediliblər, qərbyönümlü olduqlarına görə yox. İndi Avropa parlamenti və bəzi oyuncaq hüquq müdafiə təşkilatları Azərbaycandan cinayətkarları azad etməyi istəyir. Xub, biz bunu edərik, əvvəllər də belə hallar olub, ölkə prezidenti, parlament tərəfindən amnistiya və əfh fərmanları ilə on minlərlə şəxs azadlığa buraxılıb. Lakin biz də analoji addımı Qərbdən tələb edirik- ABŞ və Avropa zindanlarında günahsız əzab çəkən məhbusları buraxın, sosial tələblərlə aksiyalara çıxdığına görə həbs olunmuş sadə vətəndaşları buraxın, sizin dövlət siyasətinizin əleyhinə olanları buraxın, 5-ci kolon üzvlərinə təzyiqlərdən əl çəkin, maliyyə maxinasiyaları törətmiş adamları azad edin. Buyurun, siz bunları edib dünyaya nümunə göstərin ki, başqaları da sizdən numunə götürsünlər- hər nə qədər qanunlara zidd olsa belə.