Nazirlərə yay istirahəti qadağası
Nazirlərə yay istirahəti qadağası

İri məmurlara yasağın pərdəarxasında nə yatır?

Azərbaycanın iri məmurlarına, oliqarxlarına yay istirahəti dövründə ehtiyatlı olmaq tapşırılıb. Onlara xəbərdarlıq edilib ki, bu y ay istirahətlərini mümkün olduğu qədər gözdən-könüldən uzaq yerlərdə keçirsinlər. Bu barədə redaksiyamıza məlumatlı mənbədən bildirilib.

Mənbənin deməsinə görə, xüsusən nazirlərə, komitə sədrlərinə tapşırılıb ki, bu il ənənəvi olaraq istirahətlərini keçirdikləri ölkələrdən imtina edərək daha çox diqqət çəkməyən turistik zonalara üz tutsunlar: "Bunun da səbəbi var. Məsələ burasındadır ki, hazırda dünya mediasının əsas diqqəti Azərbaycana yönəlib. Qərbin nüfuzlu nəşrləri və elektron media quruluşları Azərbaycan hökumətinin yüksək vəzifəli şəxslərinin sıravi vətəndaşlardan fərqli olaraq çox lüks, dəbdəbəli həyat keçirməsinə dair kəskin materiallar yayımlayırlar. Onların əlinə "kozır" verməmək üçün nazirlərdən, oliqarxlardan tələb edilir ki, özlərinə istirahət məkanı seçərkən diqqətli olsunlar, çox diqqət çəkməsinlər ki, bu barədə sonra yazıların, foto və video kadrların meydana çıxmasına şərait yaranmasın".
Mənbəmiz deyir ki, azərbaycanlı iri məmurlar adətən dünyanın elə turistik bölgələrini seçirlər ki, həmin zonalar xarici jurnalistlərin maraq dairəsində olur: "Belə zonalarda kifayət qədər populyar şəxslərin də istirahət etməsi paparassilərin, xarici KİV müxbirlərinin diqqətini həmin bölgələrə yönəldir. Narahatçılıq ondan ibarətdir ki, son bir neçə ayda Azərbaycanın və Azərbaycan hökumətinin vəzifəli şəxslərinin üzərində dünya mediasının nəzərlərinin fokuslaşması iri məmurların dəbdəbəli yay tətili zamanı foto və video kameralara yaxalanmasına səbəb olar. Nəticədə isə Qərb mediasının hökumətə yönəlik tənqidlərinin yeni və faktlara dayanan kompromatları ortaya çıxar".
Mənbəmiz bildirir ki, ötən il azərbaycanlı nazirlərdən biri analoji situasiya ilə üzləşibmiş: "Həmin vaxt kifayət qədər tanınmış iri məmurlardan biri Bodrumda istirahət zamanı ailə üzvləri ilə birgə prestijli, bahalı alış-veriş mərkəzlərindən birinə gəlib. Həmin məmurun qısa vaxtda alış-veriş mərkəzində təxminən 40 min dollara yaxın bazarlıq etməsi həm oradakı satıcıların, həm də ətrafdakıların diqqətini çəkib. Sonradan alış-veriş edən şəxsin Azərbaycanda yüksək vəzifə tutan bir məmur olduğu anlaşınca yaxınlıqdakı jurnalistlərə informasiya ötürülüb. Məsələdən xəbər tutan kimi bizim məmur tələm-tələsik oranı tərk etmək məcburiyyətində qalıb, özünün və yaxınlarının aldıqları mallar isə sonradan qaldıqları otelə gətirilib".
Mənbəmiz deyir ki, dünya mediasının nəzərləri ölkəmizə yönəldiyi bir vaxtda oliqarxların xaricdəki dəbdəbəli yay istirahətləri zamanı diqqətli, ehtiyatlı olması həqiqətən vacibdir. Çünki bu sonradan doğrudan da xoşagəlməz yazıların meydana çıxmasına gətirib çıxara bilər.
Sevda Cəlilli