Azərbaycanda vətəndaş cəmiyyətinin durumu hər gün nə qədər yaxşılaşırsa, kənar qüvvələrin də təzyiqi o qədər artır.
Əslində burada müammalı heç nə yoxdur. Çünki vətəndaş cəmiyyəti güclü olan dövlətin , dövlət quruculuğu da yetərli qədər güclü olur və nəticədə regional proseslərə təsir edə bilən bir dövlət, Azərbaycan meydana çıxır. Amma bəzi xarici qüvvələr üçün güclü Azərbaycanı görmək heç də xoş deyil və buna görə cəhdlər olunur ki, Azərbaycanda sabitlik pozulsun, vətəndaş cəmiyyəti ilə hakimiyyət arasında uçurum yaradılsın. Amma bütün cəhdlərə baxmayaraq vətəndaş cəmiyyəti hakimiyyətin yanındadır və bu vəhdət günbə-gün güclənir. Görünür bunu qəbul edə bilməyən bəzi beynəlxalq təşkilatlar da sərtliyini artırır.
Növbəti belə addım isə bu dəfə Avropa Şurasından gəldi. Belə ki, 2015-ci il oktyabrın 7-də Avropa Şurasının baş katibi Turbyorn Yaqland öz nümayəndəsinin insan hüquqları məsələləri üzrə işçi qrupunun tərkibindən geri çağırılması barədə qərarını açıqlayıb.
Bəyanatda deyilir ki, bununla əlaqədar olaraq birgə işçi qrupu aşağıdakı bəyanatı qəbul edib:
"2005-ci ildə insan hüquqlarının müdafiəsi təşkilatlarının və Azərbaycan hakimiyyətinin nümayəndələrindən ibarət tərkibdə Azərbaycanda insan hüquqları məsələləri üzrə birgə işçi qrupu yaradılmışdır. Ölkəmizdə insan hüquqlarının müdafiəsi ilə bağlı bir sıra məsələlərin ortaya çıxarılması ilə əlaqədar olaraq işçi qrupu bu məsələlərin insan hüquqlarının müdafiəsi təşkilatlarının nümayəndələrinin dövlət hakimiyyəti ilə əməkdaşlığı çərçivəsində ölkə daxilində həll edilə biləcəyini vurğulamışdır.
Lakin anti-azərbaycan qüvvələri, o cümlədən Avropa Şurasındakı bəzi dairələr ölkəmizdə vətəndaş cəmiyyəti ilə hökumət arasında dialoqun qarşısını almağa səy göstərmişlər. İşçi qrupunun üzvləri Avropa Şurasını bu dialoqa maneələr törətməməyə çağırmış, lakin Avropa Şurasının Parlament Assambleyası öz qərəzli yanaşması nəticəsində 2008-ci ildə işçi qrupunun fəaliyyətinin dayandırılmasına nail olmuşdur. Baxmayaraq ki, işçi qrupunun fəaliyyəti dövründə məsələləri hüquq-müdafiə təşkilatları tərəfindən qaldırılmış 150-yə yaxın məhkum azad edilmişdir.
2014-cü ildə Avropa Şurasının baş katibi Turbyorn Yaqland Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edərək birgə işçi qrupunun fəaliyyətinin bərpa olunmasını xahiş etmiş və Azərbaycan Prezidenti xoş niyyətini nümayiş etdirərək buna razılıq vermişdir.
Azərbaycan vətəndaş cəmiyyətinin və hakimiyyətinin nümayəndələrindən ibarət birgə işçi qrupu 2008-ci ildən sonra birinci iclasını 2014-cü il oktyabrın 22-də keçirmişdir. Birgə işçi qrupunun Avropa Şurası baş katibinin nümayəndəsinin iştirakı ilə keçirilmiş iclaslarında qrupun üzvləri hüquqlarının pozulduğu ehtimal edilən şəxslərlə bağlı məsələləri müzakirə etmiş və bu məsələlərin həlli üçün müvafiq dövlət orqanlarına, o cümlədən məhkəmələrə təkliflər hazırlamışlar. Bundan əlavə, birgə işçi qrupunun iclaslarında insan hüquqları və vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı aktual məsələlər müzakirə edilmiş, bəzi problemlərin həll edilməsi üçün konkret tədbirlər həyata keçirilmişdir.
Qısa müddətdə işçi qrupunun fəaliyyəti nəticəsində insan hüquqlarının müdafiəsi təşkilatlarının siyahılarında qeyd olunmuş 16 nəfər azad edilmiş, 1 nəfərin cəza müddəti azaldılmışdır.
Bu nəticələr göstərir ki, işçi qrupunun fəaliyyəti insan hüquqları ilə bağlı məsələlərin səmərəli şəkildə həll olunmasına, Azərbaycanda vətəndaş cəmiyyəti ilə hakimiyyət nümayəndələri arasında konstruktiv və açıq dialoqun inkişafına xidmət etmişdir.
Bu şəraitdə Avropa Şurası baş katibinin bəyanatı yalnız təəccüb və təəssüf hissləri doğura bilər.
Biz, birgə işçi qrupunun üzvləri əminik ki, beynəlxalq hökumətlərarası təşkilatlar müəyyən dairələrin göstərişlərini yerinə yetirmək əvəzinə, hər bir üzv dövlətdəki vəziyyətə obyektiv yanaşmalı, əməkdaşlıq sayəsində əldə edilən müsbət nəticələri düzgün qiymətləndirməli, vətəndaş cəmiyyəti ilə hakimiyyət arasında dialoqu dəstəkləməlidir.
Hesab edirik ki, antiazərbaycan qüvvələrinin təkidi və təsiri nəticəsində Avropa Şurası baş katibinin qəbul etdiyi bu əsassız qərar yalnız Avropa Şurasının nüfuzuna xələl gətirir.
İşçi qrupu antiazərbaycan qüvvələri öz çirkin oyunlarına son qoymağa çağırır və bəyan edir ki, bu oyunlar Azərbaycanda insan hüquqlarının inkişaf etdirilməsinə və vətəndaş cəmiyyəti ilə dövlət orqanları arasındakı dialoqun davam etdirilməsinə maneə törədə bilməyəcək!"
"Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın oktyabrın 7-də öz nümayəndəsini Nazirlər Komitəsinin Azərbaycanda insan hüquqları üzrə birgə işçi qrupundan geri çağırmaq barədə qərarı bu təşkilatın Azərbaycana qarşı əsl mövqeyini ortaya qoydu".
Bunu Milli Məclisin deputatı Rauf Əliyev deyib.
R.Əliyev bildirib ki, bu, Avropa Şurası tərəfindən Azərbaycana qarşı yönəlmiş qarayaxma kompaniyasında növbəti bir addımdır: "Bu ilin iyun ayında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasında "Azərbaycanda demokratik təşkilatların fəaliyyəti" adlı hesabat müzakirə olundu. Qurum Azərbaycana qarşı heç bir hüquqi əsası olmayan qərəzli bir qətnamə qəbul etdi. Avropa Şurasının baş katibi tərəfindən qəbul olunmuş bu qərar isə Avropa Şurasının üzv ölkələrə münasibətdə nə qurumun vəzifələri ilə, nə də öhdəlikləri ilə bir araya sığır".
"Avropa Şurasının baş katibi Turbyorn Yaqlandın verdiyi açıqlama doğrudan da bizdə təəccüb doğurdu, çünki belə bir qurumun baş katibinin Azərbaycanda dialoqa, əməkdaşlığa və tərəfdaşlığa qarşı çıxması normal hal sayıla bilməz".
Bunu isə Milli Məclisin deputatı, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvü Azay Quliyev Avropa Şurasının baş katibi T.Yaqlandın Nazirlər Komitəsinin Azərbaycanda insan hüquqları üzrə birgə işçi qrupundan öz nümayəndəsinin geri çağrılması barədə qərarına münasibət bildirərkən deyib.
A.Quliyev vurğulayıb ki, Avropa Şurasının və ümumiyyətlə beynəlxalq təşkilatların, əməkdaşlıqla və tərəfdaşlıqla məşğul olan və bu prinsipi əsas tutan, cəmiyyətdə daim harmoniyanı, ictimai barışı təbliğ edən qurumların nümayəndələrinin belə bəyanat verməsi doğrudan da təəssüf hissi doğurur: "Bu, belə bir anlamda qəbul olunur ki, bu adamlar doğrudan da öz mandatlarını mənfi istiqamətə, dialoqa, ictimai anlaşmaya, ictimai barışa qarşı, insan haqlarının müdafiəsinə deyil, tam əksinə, insan haqlarının müdafiəsi istiqamətində atılan addımlara qarşı istifadə edirlər. Bu, təbii ki, çox üzücüdür, mən bunu çox yanlış hal kimi hesab edirəm".
A.Quliyev bildirib ki, Avropa Şurası belə bir addım atmaqla əsl mahiyyətini bir daha göstərmiş oldu: "O ki qaldı bunun səbəblərinə, bu gün təəssüflər olsun ki, antiazərbaycan qüvvələri fəallaşıblar, öz fəaliyyətlərini koordinasiya ediblər. Şübhə etmirəm ki, Turbyorn Yaqland da məhz bu təsir altında, həmin antiazərbaycan qüvvələrinin və şəbəkənin bilavasitə təlimatı ilə belə bir əsassız addım atıb. İnsan Haqları üzrə İşçi Qrupu çox məhsuldar fəaliyyətləri ilə yadda qalıb. Bu qrup çox mühüm işlər görüb. Məsələn, 2005-ci ildə yaranan işçi qrup qısa müddət ərzində özünü göstərib. İşçi qrupunun təklifi ilə 150-ə yaxın məhkum azad edilib. 2014-cü il oktyabrın 22-də fəaliyyəti bərpa olunduqdan sonra da təxminən 16 nəfər məhkumun azad olunması, bir nəfərin isə cəza müddətinin aşağı endirilməsi ilə bağlı işçi qrupunun təklifləri nəzərə alınıb. Azərbaycanda çox yaxşı dialoq mühiti formalaşıb. Buna qarşı çıxmaq anormallıqdır, qəbuledilməzdir".
A.Quliyevin sözlərinə görə, bu gün belə çıxır ki, Avropa Şurası Azərbaycanda insan haqları ilə bağlı yaradılmış milli mexanizmin effektivliyini və ümumiyyətlə, milli mexanizmin olmasını qəbul etmir: "Onlar insan haqları məsələlərinin Azərbaycanın daxilində həll edilməsinin tərəfdarı deyillər. Ona görə də onlar buradan Yaqlandın nümayəndəsini geri çəkməklə, bu məsələnin beynəlxalq müstəviyə çıxarılmasına, bundan istifadə edərək Azərbaycana təzyiqlərin davam etdirilməsinə bir növ rəvac vermiş oldular. Əminəm ki, Avropa Şurasının Parlament Assambleyası da Yaqlandın bu məntiqsiz addımına öz siyasi qiymətini verəcək".
A.Quliyev əlavə edib ki, Yaqland, Avropa Şurası oldu-olmadı, Azərbaycan insan haqları və vətəndaş cəmiyyəti institutları ilə bağlı daim həssaslıq nümayiş etdirib və bu gün ölkədə hakimiyyətlə vətəndaş cəmiyyəti institutları arasında çox yaxşı anlaşma, dialoq, əməkdaşlıq mühiti var: "Yaqlandın nümayəndəsi burada oldu-olmadı, işçi qrupu işini davam etdirəcək, dövlətlə cəmiyyət arasındakı bu anlaşma, ictimai barış daha da möhkəmlənəcək. Sadəcə olaraq, biz istəyirdik ki, Avropa Şurasının da nümayəndəsi burada olsun, bir növ Avropa Şurası ilə, beynəlxalq təşkilatlarla biz əməkdaşlığımızda nə qədər sədaqətli, səmimi olduğumuzu göstərirdik. Onların da burada olması ilə müəyyən mənada Avropa Şurası ilə Azərbaycanın işçi qrupu arasında bir koordinasiyanın, əməkdaşlığın olmasını istəyirdik. Bir halda ki, bunlar birtərəfli qaydada bu əməkdaşlıqdan imtina edirlər, bundan yalnız Avropa Şurasının özü uduzacaq. Biz onsuz da işimizi davam etdirəcəyik".
E.Əliyev