Təhsil

Mikayıl Cabbarov: "Gürcüstana bizdən istəniləndən 5 faiz artıq dərslik göndərəcəyik"

"Gürcüstan Azərbaycana ilə dost, müttəfiq, qardaş və suveren ölkədir. Gürcüstanın təhsil sistemində işləyən müəllim və müəllimə bu ölkənin təhsil işçisidir.
Əgər sizin ölkənizdə 80 yaşlı müəllim işləyirsə, mən yalnız bu məsələyə şərh verə bilərəm. Azərbaycanda bu məsələ tamamilə başqadır. Müəllim 65 yaşa çatdıqdan sonra təqaüdə çıxarılır. Bəzi hallarda yaşlı müəllimlərin təqaüd müddəti uzadıla bilər. Bizdə 80 yaşlı müəllimin işləməməsi o demək deyil ki, biz onların təcrübəsindən istifadə etmirik, ödənişli şəkildə onların təcrübəsindən yararlanırıq. Biz hər zaman təcrübəmizi bölüşməyə hazırıq".
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu fikirləri Gürcüstanda səfərdə olan Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Azərbaycan icması üzvləri ilə görüşdə bildirib. Kadr hazırlığına münasibət bildirən nazir Gürcüstandakı Azərbaycan dili və ədəbiyyatı fənni müəllimlərinin Azərbaycanda daha keyfiyyətlə təkmilləşdirmə kursu keçməsini faydalı hesab edib.
Məktəb kitabxanalarında latın qrafikalı kitablarının olmaması barədə danışan nazir məktəb proqramından kənar ədəbiyyatın tövsiyə olunmasını da təqdirəlayiq hal adlandırıb və müxtəlif kitabların xüsusi proqram əsasında Gürcüstana göndəriləcəyini vəd edib. Dərsliklərə gəlincə, nazir Gürcüstanın təhsil nazirliyinin istədiyindən 5 faiz çox dərslik göndəriləcəyini deyib. Dərsliklərin sayında problem olmadığını deyən nazir onların məzmununa da diqqət yetiriləcəyinə söz verib. O, dərsliklərin tərtibatında qıcıqlandırıcı məqamların olmayacağını bildirib.
Nazir, həmçinin Gürcüstanda gimnaziya və digər musiqi məktəbləri açmağın dövlət üçün daha çətin olduğunu, lakin mədəniyyət və incəsənət sahəsində layihələrin həyata keçirilməsinə hazır olduqlarını açıqlayıb.
M. Cabbarov onu da deyib ki, iki ölkənin aidiyyatı qurumlarının razılığı ilə qardaşlaşmış məktəblər yaratmaq və təhsilin keyfiyyəti üçün müxtəlif proqramlar həyata keçirməyə həmişə hazırdırlar.
Nazir Ermənistanla sərhəd bölgəsində yerləşən Sadaxlı kənd orta məktəbinin 110 illik yubileyinin keçirilməsini dəstəklədiyini bildirib, dəvət alarsa, tədbirdə iştirak edəcəyini bildirib.