Sabiq


Heydər Babayevin bankı 6 milyon dollarlıq davada məğlub oldu

"Bank Standart" QSC "Bank of Azerbaijan" ASC-ni məhkəməyə verib. "Bank Standart" QSC 6 128 000 ABŞ dolları məbləğində pulun cavabdehdən tutulması barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin etməyib.

Həmin qərardadla razılaşmayan "Bank Standart" apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi də şikayəti təmin etməyib
Xatırladaq ki, "Bank Standart" sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin "AB Standart" holdiqinə daxildir.
Xatırladaq ki, bu ilin aprelində Heydər Babayev bildirib ki, 2002-ci ildən fəaliyyət göstərən "AB Standard" QSC-nin 100% səhminin sahibidir. Əvvəlki maliyyə hesabatlarında qeyd olunub ki, "AB Standard" QSC-nin 50% səhminin sahibi Babayevlər ailəsinin üzvü Aliyə Qazıyevadır. Qalan 50% isə gizli saxlanılan başqa ailəyə məxsusdur.
Holdinqə "Bank Standard" QSC ilə bərabər "Standard Insurance" MMC, "AB Legal Consulting Group" MMC, "Standard Lizinq" MMC, "Standard Capital" MMC, "Standard Football Club" MMC, "Dernegul boru zavodu" və "Lənkəran Mehmanxana" ASC daxildir.
Heydər Babayev bu holdinqin həm də təsisçisidir. O, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri və iqtisadi inkişaf naziri postlarını tutub. 2008-ci ildə bu vəzifədən azad edilib və öz biznesinin idarəçiliyi ilə məşğuldur.
Onu da deyək ki, Babayevin bankının 6 milyon dollarlıq məhkəmə davasını uduzması sabiq iqtisadi inkişaf nazirinin biznesi ilə bağlı son bir neçə ayda ikinci bəd xəbərdir. Bundan əvvəl məlum olmuşdu ki, onun holdinqi 2014-cü ilin yekunlarına görə, 117 min manat zərərlə üzləşib. 2013-cü ildə xalis mənfəət 2 milyon manat təşkil edib.
Konsolidə edilmiş maliyyə hesabatına görə, 2014-cü ildə qrupun şirkətləri ümumi məbləği 137,6 milyon manat həcmində gəlir əldə ediblər. Xərclər 144,7 milyon manat təşkil edib. Beləliklə, holdinqin əməliyyat gəlirləri 7,1 milyon manat təşkil edib.
Ötən il aktivlərin alınmasına (torpaq, bina, avadanlıq və qeyri-maddi aktivlər) 5,2 milyon manat yönəldilib. "AB Standard" QSC-nin belə aktivlərinin satışından 6,7 milyon manat əldə edilib. İnvestisiya əmlakının alınmasına 1,8 milyon manat xərclənib. İştirak payının satışı 2,2 milyon manat həcmində dəyərləndirilib.
İl ərzində holdinqin şirkətləri tərəfindən dövlət büdcəsinə 329 min manat həcmində vergi (torpaq və yol vergisi, əmlak vergisi) ödənilib.
Qrupun aktivləri il ərzində 1,1 milyard manatdan 1,2 milyard manatadək artıb.
Heydər Babayevin holdinqinin keçən ilin yekunlarına görə zərərlə üzləşməsi, indi isə onun şirkətlər qrupuna daxil olan bankın 6 milyon dollarlıq məhkəmə iddiasını uduzması sabiq iqtisadi inkişaf nazirinin Azəbaycandakı biznesi sarıdan işlərinin heç də yaxşı getmədiyini göstərir.
Onu da deyək ki, hazırda Heydər Babayev vaxtının çox hissəsini xaricdə keçirir. Onun Rusiya da daxil olmaqla bir neçə ölkədə biznesinin olduğuna dair məlumatlar var. Əldə etdiyimiz məlumata görə, iki il əvvələdək daha sıx-sıx Azərbaycana gələn və Bakıdakı bağ evində dincəlməyə üstünlük verən eks-nazirin son zamanlar vətənlə əlaqəsini kəskin azaltdığı, sadəcə, özünə yaxın şəxslərdən bəzilərinin xeyir-şər mərasimlərində iştirak etmək üçün qısamüddətli ölkəyə təşrif buyurduğu deyilir.
Onun Bakının Mərdəkan qəsəbəsində böyük bağ evi var. Həmin bağ evində bir çox ekzotik heyvanlarla yanaşı, uzun illərdir quş saxlatdırdığı bildirilir. Bu yaxınlarda sabiq nazirin bağındakı həmin quşların xeyli hissəsinin oğurlandığına dair məlumat yayılmışdı. Onu da deyək ki, Heydər Babayev Azərbaycana gələrkən ancaq bu bağ evində qalır. "Unikal"ın əldə etdiyi məlumata görə, keçmiş nazirin bağında 5-dən artıq işçi var. Bura bağban, mühafizəçi, xidmətçi, təmizlikçi və s. daxildir.
Sənan Mirzə