Ölkəmizin, Sumqayıt şəhərinin inkişafı ilə bağlı bütün məsələlər bizim hədəfimizdir!


Tahir Mirkişili: "Əminəm ki, seçicilərin əksəriyyətinin səsini və rəğbətini qazana biləcəyəm"

Məlum olduğu kimi, noyabrın 1-də Azərbaycanda Milli Məclisə seçkilər keçiriləcək. Artıq namizədlər təbliğat- təşviqat kampaniyasına başlayıblar. Yeni Azərbaycan Partiyasının 42 saylı Sumqayıt ikinci seçki dairəsindən Milli Məclisə seçkilərdə deputatlığa namizədi olan İqtisadiyyat və Sənaye nazirinin müşaviri , iqtisad elmləri üzrə fəlsəfə doktoru Tahir Mirkişili də seçki kampaniyasına start verib. Namizəd artıq seçiciləri ilə ilkin təmaslara da başlayıb. Hazırda seçkiqabağı təbliğat-təşviqat kampaniyasının gedişatı və seçkidən gözləntiləri ilə bağlı "Unikal"a müsahibə verən Tahir Mirkişili inamlı və nikbin olduğunu deyir.
Məlumat üçün onu da nəzərə çatdıraq ki, Tahir Mirkişili 1994-cü ildə Bakı şəhəri Fizika-Riyaziyyat və İnformatika təmayüllü liseyi bitirib. Riyaziyyat fənni üzrə Azərbaycan yığma komandasının üzvü kimi beynəlxalq olimpiadalarda iştirak edib. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinə daxil olub və 1998-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 1997-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən ali təhsil müəssisəsi tələbləri arasındakı Ümumrespublika İqtisadiyyat Olimpiadasında 1-ci yeri tutub. 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadiyyat üzrə magistr dərəcəsi alıb. 2004-cü ildə ABŞ-ın Stanford Universitetinde İKT İqtisadiyyatının idarəedilməsi üxrə ixtisaslaşmış proqramı bitirib. 2006-cı ildə "Azərbaycan Respublikasının xarici ticarət siyasəti və onun təkmilləşdirilməsi yolları" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək, iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb. 2012 ci ildə İKT də xidmətlərə görə Azərbaycan Prezidenti tərəfindən "Tərəqqi" medalı ilə təltif olunmuşdur. İngilis, rus, türk və alman dillərini bilir. Ailəlidir, 2 övladı var.

- Tahir müəllim, hakim Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyiniz irəli sürülüb. Sizə etimad göstərilməsini necə qarşıladınız?
- İlk öncə onu qeyd edim ki, regionun ən böyük partiyası olan, 660 000-dən artıq üzvü olan, "dünənin, bu günün və gələcəyin partiyası" olan Yeni Azərbaycan Partiyasının 01 noyabr 2015-ci il tarixə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə namizədlər siyahısında olmaq mənə göstərilmiş böyük bir etimaddır. Təbii ki, partiya rəhbərliyi bu siyahını müəyyən edərkən hər bir namizədi ciddi təhlil etmiş, yerlərdə onlara seçicilərin münasibəti öyrənilmiş, namizədlərin dövlətə, vətənə xidməti və sevgisi nəzərə alınmış və buna uyğun qərar verilmişdir. Mənim üçün bu siyahıda olmaq böyük şərəfdir.
- YAP-ın namizədi olmaq Sizə əlavə dividentlər verirmi?
- YAP-ın çox böyük seçki təcrübəsi vardır. Seçki çox mürəkkəb və əmək tələb edən bir prosesdir. Partiyanın müvafiq strukturları təkçə seçki ili deyil, bütün illər ərzində seçkilərə hazırlaşır, müxtəlif treyninqlərdən keçir, əhalinin qayğılarını öyrənir. Yəni seçkilərə YAP həmişə daim hazırlıqlı, ən müasir texnologiyalar ilə gedir. YAP onun qurucusu olan Ümumilli lider Heydər Əliyevin siyasi irsinin qoruyucusu və davamçısıdır. Partiyanın sədri və ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizin sürətli dayanıqlı inkişafı, qüdrətli ordu quruculuğu, müstəqilliyimizin daha da güclənməsi biz namizədləri də daim qələbəyə, yeniliklərə və quruculuğa ruhlandırır. Bu sadaladığım amillər təbii ki, YAP-ın hər bir namizədi üçün əlavə yox, əsas dividentlərdir. YAP-ın seçki şüarı - Yeni Hədəflərə Doğru! Ölkəmizin inkişafı ilə bağlı bütün məsələlər bizim hədəfimizdir!
- Artıq təbliğat-təşviqat kampaniyası başlayıb. Gənc nəslin nümayəndəsi kimi seçki prosesində hansı yeniliklər etmək fikrindəsiniz? Yəni, təbliğat-təşviqat kampaniyası dövründə əsasən hansı məqamlara üstünlük verəcəksiniz?
- Sumqayıt şəhəri gənclər şəhəridir. Seçicilərin böyük qismini gənclər təşkil edir. Gənclər internetdə və sosial mediada cox aktivdirlər. Yeni Azərbaycan Partiyası bütün seckilərdə daim yeni texnologiyalardan geniş istifadə edir. Bu dəfə də belə planlaşdırılır. IKT üzrə mütəxəssis kimi biz də həm sosial mediada, həm də internet məkanında seçicilərə platformamızı, inkişafla bağlı ideyalarımızı və innovasiyalarımızı çatdırmaq fikrindəyik. Bu məqsədlə artıq www.tahirmirkishili.az veb səhifəsi yaradılıb. Veb səhifədə namizəd haqqında və onun fəaliyyəti barədə geniş informasiya verilmiş, seçicilərə müraciət yerləşdirilmiş, seçicilərlə keçiriləcək görüşlərin təqvimi yərləşdirilmiş və seçicilər üçün müraciət və əks əlaqə bölməsi yaradılmışdır. Bundan əlavə sosial mediada səhifəsi yaradılmış və artıq dərc edilmişdir.
Təbliğat dövründə mənim 42-sayli Sumqayıt ikinci seçki dairəsinin hüdudları daxilində yerləşən bütün seçiciləri əhatə edəcək 7 kütləvi və periodik olaraq digər görüşlərim nəzərdə tutulub.
- Ümumiyyətlə, ölkədəki seçki əhval-ruhiyyəsini necə qiymətləndirirsiniz? Namizədlərə yaradılan şərait Sizi qane edirmi?
- Bu ilki parlament seçkilərində əvvəlki illərdə olamayan dərəcədə aktivlik müşahidə olunur. Bizim dairədən 9 nəfər DSK tərəfindən qeydiyyata alınıb. 9 namizəd 1 yer uğrundə mübarizə aparacaqlar. Rəqabət çox böyükdür. Seçki təbliğatı aparamaq üçün bütün namizədlərə bərabər şərait yaradılıb, xüsusi görüş yerləri ayrılıb. İnsanların seçkiyə marağı çox böyükdür.
- Sumqayıt sakinləri Sizə yad deyil, həm onlar Sizi, həm də Siz onları tanıyırsınız. Bu mənada seçicilərdən səs almaq imkanlarınızı necə dəyərləndirirsiniz?
- Sumqayıt şəhəri mənim üçün doğmadır. Mən uzun illər məhz 42 saylı Sumqayıt 2-ci seçki dairəsinin ərazisində yaşamışam. Hər bir küçəni, mikrorayonu, məhəlləni yaxşı tanıyıram. Bu gün Sumqayıt şəhərində geniş quruculuq işləri gedir, şəhərin siması tam dəyişir. Mən uzun illər icra strukturlarında çalışmışam, iqtisadiyyat və İnformasiya Kommunikasiya Texnologiyaları sahəsində ölkə miqyasında uğurlu layihələrdə iştirak etmişəm. Bu innovasiyaların Sumqayıtda tətbiqi, gəncləri işlə təmin edə biləcək müxtəlif sahələrin inkişafı və digər məsələlər mənim seçicilərə müraciətimdə öz əksini tapmışdır. Seçicilərlə səmimi görüşlərimiz olacaq, mən əminəm ki, seçicilərin əksəriyyətinin səsini və rəğbətini qazana biləcəyəm.
- Əgər deputat seçiləcəksinizsə, seçicilər Tahir Mirkişilinin timsalında necə bir deputat görəcəklər, bəribaşdan seçicilərinizə hansı vədi verərdiniz ?
- İlk öncə mənim nəzərimdə millət vəkili belə olmalıdır.
Millət vəkili - birbaşa dövlətin qanunvericilik bazasının formalaşdırılmasında iştirak etdiyi üçün onun üçün ən yüksək dəyər -qanunun aliliyi prinsipinə əməl etmək olmalıdır! Qanunu yazanlar ilk növbədə həmin qanunlara riayət etməlidirlər!;
Millət vəkili - vətənpərvər və mənəviyyatca zəngin, xalq arasında yetişmiş, el-obasının problemlərini dərindən bilən şəxs olmalıdır;
Millət vəkili - seçicilərinin problemlərini özünün problemləri hesab etməli, bütün qəlbi və düşüncəsi ilə ona etimad göstərən insanların qayğılarını öz daxilində yaşamalı və onların həll olunması üçün daim çalışmalıdır;
Millət vəkili bilməlidir ki, o, onu seçən insanlara xidmət göstərmək üçün seçilib, onun dəyəri ictimai mövqeyindən asılı olmayaraq, hər bir fərdin ona verdiyi qiymətlə ölçülməlidir;
Millət vəkili - vicdanı təmiz, xalqını özündən çox sevən, fədakar, mərd və cəsarətli şəxs olmalıdır;
Millət vəkili- sadə insanlarla o qədər yaxın və səmimi olmalıdır ki, hər bir seçici çox asanlıqla onun qəbuluna düşə bilsin, onunla görüşsün, çəkinmədən problemlərini söyləyib zəruri köməklik və dəstək əldə etsin;
Millət vəkili- daim hiss etməlidir ki, o, xalqın bir hissəsidir. O, həmişə xalqla həmrəy və həmdərd olmalı və ailə içində doğamalarına canıyanan olduğu kimi bütün seçicilərinə eyni münasibət bəsləməlidir;
Millət vəkili- sözübütöv olmalı, xalqın hər bir fərdi qarşısında böyük məsuliyyət daşıdığını dərk edən və hiss edən, ciddi adam olmalıdır;
Millət vəkili- yüksək intellektual qabiliyyətə malik, savadlı və təcrübəli mütəxəssis olmaldır ki, seçildiyi ərazinin problemlərinin həlli və inkişafı yolunda real işlər görə bilsin;
Millət vəkili Allahı tanıyan, dini və milli dəyərlərimizə böyük hörmətlə yanaşan, nəfsi istəklərdən uzaq olan, xeyirxah və gözəl insan olmalıdır ki, hər bir seçicinin ürəyi onunla döyünsün və xalq ona xeyir-dua və halallıq versin!
Mən də seçildiyim təqdirdə belə xüsusiyyətləri özündə əks etdirən millət vəkili olmağa çalışacağam!

Söhbətləşdi:
Z.Məmmədli