Milli


Hökumətin iqtisadi sektorunun rəhbərləri mövcud vəziyyəti və perspektivi dəyərləndirdilər

Azərbaycan Milli Məclisinin növbəti plenar iclası keçirilib. İclasın gündəliyinə əsasən bu gündən etibarən Azərbaycanın 2016-cı il üçün dövlət büdcə zərfi parlamentin plenar müzakirəsinə çıxarılıb.

"Gələn ilin dövlət büdcəsinin azalması Dövlət Neft Fondundan transfertlərin azalmasının nəticəsidir". Bunu Milli Məclisin bu gün keçirilən 2016-cı il üçün büdcə zərfinin müzakirəsi zamanı spiker Oqtay Əsədov bildirib. O. Əsədov deyib ki, cari il büdcəyə Dövlət Neft Fondundan 10,4 mlrd. manat transfert edildiyi halda, gələn il bu rəqəmin 6 mlrd. manat təşkil edəcəyi proqnozlaşdırılır. Spiker əlavə edib ki, bəzi əvvəl başlanılan investisiya layihələri müəyyən müddətə təxirə salınıb, amma bu, önəmli investisiya layihələrinin icrasına təsir göstərməyəcək.

"30 min iş yerinin
bağlanması
ciddi məsələdir"

İndiki şəraitdə 30 min iş yerinin bağlanması Azərbaycan üçün ciddi məsələdir. Biz bu məsələni sistemli şəkildə təhlil etməliyik. Artıq bu istiqamətdə böyük işlər görülür, yeni iş yerləri yaradılır. Bu sözləri parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə Milli Məclisin 2016- cı ilin büdcə zərfinə həsr olunmuş plenar iclasının ilk iş günündə hesabat çıxışında deyib.
Onun sözlərinə görə, qlobal dünya böhranı şəraitində Azərbaycanda iqtisadi strukturlar əl-ələ veriblər: " Belə ki, 2016- cı il büdcəsi göstərdi ki, bu qurumlar koordinasıyalı çox tutarlı bir sənəd hazırlayıb Milli Məclisə təqdim ediblər. Təbii ki, bizim problemlərimiz də var. Odur ki, bizim hədəflərimiz yaranmış əlverişli demoqrafik siyasətə uyğun olaraq yeni iş yerləri yaradılmasıdır. Əlbəttə ki, indiki şəraitdə 30 min iş yerinin bağlanması Azərbaycan üçün ciddi məsələdir. Biz bu məsələni sistemli şəkildə təhlil etməliyik. Artıq bu istiqamətdə böyük işlər görülüb, yeni iş yerləri yaradılacaq".
Komitə sədri deyib ki, dövlət başçısının təşəbbüsü ilə yaxın zamanlarda Vergilər Məcəlləsinənövbəti dəfə dəyişiklik ediləcək ki, bu da birbaşa sahibkarlığın inkişafına yönələcək: " Elə sahələr var ki, orada yeni iş yerləri yaratmaqla dövlətin gəlirlərini artıra bilərik. Belə olan halda da ,Neft Fondunda toplanmış vəsaitləri iri layihələrə cəlb edərik. Həmçinin gizli iqtisadiyyatın ildə iki-üç faiz aşağı düşməsini reallaşdıra bilsək, bu iqtisadiyatın inkişafında böyük nailiyyətə səbəb olar". Z.Səmədzadə əlavə edib ki, dünyanın ən az borcu olan ölkələrindəyik: " Manatın devalvasiyasından sonra borclanma bir az artdı. Amma biz təxminən dünyanın 130 ölkəsi arasında yaxşı mənada borclanmaya görə sonuncu üçüncü-dördüncü yeri tuturuq".
Neftin qiyməti 40 dollar nəzərdə tutulur

"2016-cı ilin dövlət büdcəsinin gəlirləri 14 milyard 566 milyon manat nəzərdə tutulub ki, bu da 2015-ci illə müqayisədə 4 milyard 872 milyon manat az vəsait deməkdir". Bu sözləri Milli Məclisin 2016-cı ilin dövlət büdcəsi zərfinə həsr olunmuş plenar iclasında maliyyə naziri Samir Şərifov deyib. Nazir, 2015-ci illə müqayisdə 2016-cı il dövlət büdcəsinin gəlirlərinin və xərclərinin azalmasının səbəblərini dünyada baş verən qlobal proseslər, həmçinin neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi ilə əlaqələndirib.
Onun sözlərinə görə, bu baxımdan 2016-cı ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 50 dollar həcmində nəzərdə tutulub. Nazir qeyd edib ki, optimist variant kimi neftin bir barelinin qiyməti 60, pessimist variant kimi isə 40 dollar nəzərdə tutulur. "Odur ki, 2016-cı ildən 2019-cu ilə kimi Azərbaycan iqtisadiyyatının inkişafında azalma müşahidə olunacaq", - deyə S.Şərifov sözlərinə əlavə edib.
Nazir qeyd edib ki, hasilatın pay bölgüsü üzrə mənfəət vergisi üzrə büdcəyə gələn il 500 milyon manat vəsaitin daxil olması planlaşdırılır: "Bu ilin sonuna isə 150 milyon manat aşağı mənfəət vergisinin daxil olması planlaşdırılır. Dövlət Gömrük Komitəsindən 1 milyard 590 min manat vəsait daxil olacaq. Özəl investisayaların cəlb ediməsinin fəallaşdırılması nəzərdə tutulub".
Onun sözlərinə görə, dünyada baş verən qlobal iqtisadi dəyişikliklərin, maliyyə böhranının Azərbaycan iqtisadiyyatına təsirinə baxmayaraq, bu ilin 6 ayı ərzində ölkədə 26,3 milyard Ümumi Daxili Məhsul (ÜDM) istehsal olunub. Həmçinin, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 6 ayı ərzində iqtisadiyyatın real artımı 5,7 faiz təşkil edib.

Baş bankirdən
bədbin proqnoz

Dünya iqtisadiyyatında geosiyasi gərginliklər artıb, iqtisadi ticarət və iqtisadi aktivlik zəif olaraq qalır.Bbunu Azərbaycan Milli Məclisinin növbəti plenar iclasında Azərbaycanın 2016-cı il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, dünyada ticarət, məzənnə və valyuta müharibələri kəskinləşib. Baş bankir bildirib ki, qarşıdakı ildə neftin qiymətləri əhəmiyyətli dərəcədə aşağı olacaq: "2011-ci ildə tədiyyə balansı 17 milyard dollar idi. 2015-ci ilin sonun tədiyyə balansının 2 milyard dollar olacağı gözlənilir. Başqa sözlə, tədiyyə balansı 2011-ci il ilə müqayisədə 8 dəfə az olacaq".
Azərbaycanın 2016-cı il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, 2014-cü ildə AMB-nin valyuta ehtiyatları 15 mlrd. dollar olub: "Bu ehtiyatları biz daxili bazardan almışdıq. Devalvasiyadan sonra ilk dəfə may-iyun aylarında biz daxili bazardan dollar aldıq. İyul ayında isə dollarlaşma səviyyəsi yenidən yüksəldi. İndi dollarlaşma səviyyəsi 10 il əvvəlki səviyyədədir". Hazırda AMB-nin valyuta ehtiyatlarının 7 mlrd. dollar olduğunu deyən E.Rüstəmov bu göstəricinin beynəlxalq normalara uyğun olduğunu bildirib. Baş bankir əlavə edib ki, çevik məzənnə siyasətinə keçidlə bağlı məsələlər ciddi araşdırılır: "Bu siyasətə keçid texniki hazırlıq və soyuqqanlı yanaşma tələb edir. Bununla bağlı beynəlxalq təşkilatlarla müzakirələr aparırıq. Manatın məzənnəsi neftin qiyməti, tədiyyə balansının vəziyyəti və tərəfdaş ölkələrin valyuta siyasəti ilə müəyyənləşir. 2016-cı ildə də belə olacaq. Göründüyü kimi, məzənnəyə təsir edən başlıca amillər ölkədən, milli iqtisadiyyatdan kənarda formalaşır. Müxtəlif çevik məzənnə siyasəti çoxdandır ki, AMB-nin gündəliyindədir. Bu məsələlər ciddi araşdırılır. Əlaqədar beynəlxalq təşkilatlarla geniş müzakirə edilir.

Maaşlar artacaq -
Nazir vəd verdi

"2016-cı ildə Azərbaycan iqtisadiyyatında artımın 1,8 faiz olacağı, qarşıdakı 3 ildə isə 3,7 faizlik artım proqnozlaşdırılır". Bunu Milli Məclisin iclasında iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib. O qeyd edib ki, gələn il ölkədə inflyasiya 3,3 faiz səviyyəsində gözlənilir: "Makroiqtisadi proqnozlarda gələn il və qarşıdakı 3 il ərzində neftin baza qiyməti kimi 50 dollar götürülüb. Dünyada geosiyasi risklərin artması, qlobal enerji bazarında qeyri-sabitlik orta və uzunmüddətli dövrdə qabaqlayıcı tədbirləri zəruri edir. Dünya iqtisadiyyatında baş verən proseslər, xüsusilə valyuta ehtiyatlarından səmərəli istifadənin, sahibkarlığa dəstəyin, biznes və investisiya mühitinin yaxşılaşdırılması tədbirlərinin əhəmiyyətini artırır".
Nazir əlavə edib ki, dünya iqtisadiyyatında mövcud risklər təhlil edilib və qarşıdakı 3 ildə makroiqtisadi proqnozlarla bağlı müxtəlif ssenarilər hazırlanıb. O qeyd edib ki, 2016-cı ildə Azərbaycana 18,8 milyard manat həcmində investisiya yatırılacaq: "Gələn il Azərbaycanın neft sektoruna 8 milyard manat, qeyri-neft sektoruna isə 10,8 milyard manat investisiyanın yatırılacağı gözlənilir". Şahin Mustafayev onu da bildirib ki, dərman bazarında olan pozuntuları aradan qaldırmaq üçün yeni metedologiya əsasında dərman qiymətlərində dəyişiklik edilib: "2200-ə yaxın dərmanın qiyməti təsdiq edilib. 98 faiz dərman preparatının qiymətləri endirilib. Bu islahatlar vətəndaşların xərclərinin azalmasına, vergidən yayınma hallarının qarşısını almağa xidmət edəcək və bütün dərmanlara tətbiq edilənə qədər davam edəcək".

Büdcə gəlirlərində
təkmilləşdiriləcək

"Bu ilin ötən dövründə əsas makroiqtisadi parametr olan ümumi daxili məhsulun real artım tempi qorunub saxlanılıb". Bunu Milli Məclisin bu günki plenar iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib. O qeyd edib ki, 2016-cı il üçün qeyri-neft sektorunun payının yüksəlməsi, əhalinin gəlirlərinin artması və sosial müdafiə baxımından həssas olan vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi ilə bağlı çoxşaxəli tədbirlər proqnozlaşdırılıb. "2015-ci ilin ötən dövrü müxtəlif istiqamətli iqtisadi və siyasi proseslər, bu proseslərin doğurduğu ehtimal olunan və gözlənilməz nəticələr, həmçinin bütün bu proseslərə əhəmiyyətli dərəcədə təsir göstərən silahlı münaqişələrin güclənməsi ilə xarakterizə oluna bilər".
V.Gülməmmədov bildirib ki, müxtəlif qurumların və maliyyə agentliklərinin verdikləri proqnozları ümumilləşdirsək, orta müddətli dövrdə neftin qiyməti barədə büdcə sənədlərindəki proqnoz göstəricisi məqbuldur və ehtiyatlı yanaşmadır. Palata sədri deyib ki, büdcə gəlirlərində təkmilləşdirmə işləri növbəti ildə də davam etdiriləcək: "Növbəti ildə ötən illərdən fərqli olaraq büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalarla yanaşı, məqsədli büdcə fondlarından daxilolmalar da proqnozlaşdırılıb.
Gələn il üçün dövlət büdcəsi xərclərinin funksional bölmələrinin tərkibi təkmilləşdirilib, bir sıra bölmələrdə əməyin ödənişi, subsidiya və transfertlərlə bağlı ilk dəfə olaraq vəsait nəzərdə tutulub".
Hüseyn İsgəndərov