Elman

Mərkəzi Bank rəhbərindən 20 gündə iki fərqli açıqlama

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov maraqlı açıqlamalarla çıxış edib. AMB rəhbəri faktiki olaraq, qorxulu məzənnə və valyuta anonsu verib.

Azərbaycan Milli Məclisinin növbəti plenar iclasında Azərbaycanın 2016-cı il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı çıxışında Elman Rüstəmov deyib ki, dünya iqtisadiyyatında geosiyasi gərginliklər artıb, iqtisadi ticarət və iqtisadi aktivlik zəif olaraq qalır.
Onun sözlərinə görə, dünyada ticarət, məzənnə və valyuta müharibələri kəskinləşib.
Baş bankir bildirib ki, qarşıdakı ildə neftin qiymətləri əhəmiyyətli dərəcədə aşağı olacaq: "2011-ci ildə tədiyyə balansı 17 milyard dollar idi. 2015-ci ilin sonun tədiyyə balansının 2 milyard dollar olacağı gözlənilir. Başqa sözlə, tədiyyə balansı 2011-ci il ilə müqayisədə 8 dəfə az olacaq".
E.Rüstəmov bildirib ki, yüksək dollarlaşma səbəbindən Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları azalıb.
Onun sözlərinə görə, 2014-cü ildə AMB-nin valyuta ehtiyatları 15 milyard dollar olub: "Bu ehtiyatları biz daxili bazardan almışdıq. Devalvasiyadan sonra ilk dəfə may-iyun aylarında biz daxili bazardan dollar aldıq. İyul ayında isə dollarlaşma səviyyəsi yenidən yüksəldi. İndi dollarlaşma səviyyəsi 10 il əvvəlki səviyyədədir".
Hazırda AMB-nin valyuta ehtiyatlarının 7 milyard dollar olduğunu deyən E.Rüstəmov bu göstəricinin beynəlxalq normalara uyğun olduğunu bildirib.
Baş bankir əlavə edib ki, üzən məzənnə siyasətinə keçidlə bağlı məsələlər ciddi araşdırılır: "Bu siyasətə keçid texniki hazırlıq və soyuqqanlı yanaşma tələb edir. Bununla bağlı beynəlxalq təşkilatlarla müzakirələr aparırıq".
Bir sözlə, ölkənin baş bankirinin açıqlaması Azərbaycanı qarşıdakı zaman kəsiyində daha çətin günlərin gözlədiyini göstərir.
Amma maraqlıdır ki, AMB rəhbəri cəmi 20 gün əvvəl daha fərqli açıqlamalarla çıxış etmişdi. Belə ki, Azərbaycanın baş bankiri Asiya İnkişaf Bankının Azərbaycanda yenidən devalvasiya olacağı barədə proqnozuna münasibət bildirərkən narahatlığa əsas olmadığını demişdi: "Vəziyyət normaldır, sabitdir. Valyuta bazarında sakitlik hökm sürür. Narahatçılıq üçün heç bir əsas yoxdur".
İndi isə - aradan cəm üç həftə keçdikdən sonra Elman Rüstəmov faktiki olaraq, qorxulu məzənnə və valyuta anonsu verir, yüksək dollarlaşma səbəbindən Mərkəzi Bankın valyuta ehtiyatlarının azaldığını qeyd edir və s.
Maraqlıdır, indi ölkə vətəndaşları Elman müəllimin bu açıqlamalarından hansına inanmalı və etibar etməlidir? Ən əsası isə onun üç həftə əvvəlki açıqlamalarından sonra neftin qiymətlərində xüsusi dəyişiklik olmasa, hətta onun az da olsa bahalaşma tendensiyası müşahidə edildiyi halda ölkənin baş bankiri niyə artıq ümumi mənzərəni qara boyalarla təsvir edir? Axı Elman müəllimin özü qəti şəkildə bildirmişdi ki, narahatlığa əsas yoxdur. Bu sözlərin üstündən 20 gün keçdikdən sonra onun qarşımıza çıxan yeni açıqlamalarını oxuyub necə narahat olmamaq mümkündür?!
Xatırladaq ki, AMB rəhbəri ilk dəfə deyil belə bir təzadlı vəziyyətə düşür. Məlum olduğu kimi, bu il fevralın 21-də Azərbaycanın milli valyutası gözlənilmədən devalvasiya etdi - manat dollara görə 34 faiz ucuzlaşdı. Əslində burada "gözlənilməz" sözü bir o qədər yerinə düşmür. Məsələ burasındadır ki, müstəqil iqtisadçı-ekspertlər hələ yanvar ayından etibarən devalvasiya ehtimalı barədə danışırdılar. Amma hökumət cəbhəsindən gələn açıqlamalar nikbin tonda idi. Bu açıqlamalarda manata qarşı hər hansı təhlükənin mövcudluğu inkar edilir, bir növ, xalqın başının altına yastıq qoyulurdu.
Hökumətin devalvasiya təhlükəsi barədə proqnozlara inkaredici münasibətinin pik nöqtəsi isə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmovun açıqlamaları oldu. Belə ki, devalvasiya haqqında rəsmi qərarın elan edilməsindən (21 fevral, 2015) cəmi üç gün əvvəl dövlət televiziyasına (AzTV) çıxan Elman Rüstəmov Azərbaycanda kəskin devalvasiyanın gözlənilmədiyini birmənalı şəkildə bəyan etdi. Sitat: "Azərbaycanda kəskin devalvasiyanın aparılması üçün heç bir səbəb yoxdur. Təbii ki, kəskin devalvasiyanın aparılması ölkədəki iqtisadi agentlərin, sahibkarların, əmanətçilərin (banklara manatla əmanət yatıranlar) mənafelərinə zidd olardı. Başqa ölkələrdən fərqli olaraq, biz bu addımı atmadıq. Birmənalı olarq deyirəm ki, bu addım barədə heç düşünülmür".
Hər kəs ölkənin baş bankirinin ağzından çıxan bu açıqlama sonrası rahatlamışdı. Amma gəl gör ki, fevralın 21-də, gecəyarısı Mərkəzi Bank ölkə əhalisində, banklarda və iş adamlarında şok effekti yaradacaq bir qərar qəbul etdi - manat kəskin devalvasiyaya uğradıldı.
Bununla da iş adamlarından sadə vətəndaşlaradan saysız-hesabsız insan itkiyə uğradı, qazanan isə heç şübhəsiz, hökumət oldu.
Amma belə görünür, cənab Rüstəmov onu ciddi qınaq, tənqid, ittiham hədəfinə çevirən bu olaydan dərs çıxara bilməyib. O, artıq qısa fasilələrlə bir-birini təkzib edən açıqlamalar verir və özünü pis durumda qoymaqda davam edir.
Belə gedişlə deyəsən, AMB rəhbərinin əvəzlənməsi üçün məqamın yetişdiyini düşünənlər tezliklə haqlı çıxacaqlar.
Toğrul Əliyev