Rəsul Quliyevdən müxalifətə yeni birlik planı
Rəsul Quliyevdən müxalifətə yeni birlik planı

Sülhəddin Əkbərə missiya verildi, ACP-nin yeni sədri İP-lə danışıqlara hazırlaşır

Son günlər xeyli aktivləşən Rəsul Quliyev partiyasına yeni fiqur gətirməklə gücünü nümayiş etdirməyə başlayıb. Bununla yanaşı, Sülhəddin Əkbərin Açıq Cəmiyyət Partiyasına (ACP) sədr gətirilməsindən sonra eks-spikerin hansı addımlar atacağı maraqla izlənilməkdədir.
Bəzi məlumatlarda vurğulanır ki, Rəsul Quliyev digər Naxçıvandan olan siyasət adamlarını da başına yığmaq üçün cəhd göstərir. Hətta bununla bağlı onun bəziləri ilə danışıqlar apardığına dair iddialar var. Lakin bizə çatan məlumatda vurğulanır ki, sabiq spiker təkcə bu planını icra etmək fikrində deyil. Həmçinin o, Sülhəddin Əkbərin üzərinə yeni missiya qoyub. Mənbə bildirir ki, Rəsul Quliyevlə Norveçdə keçirilən görüşdən sonra qərara alınıb ki, bundan sonrakı mərhələdə təkcə partiya quruculuğu məsələ deyil, həmçinin müxalifətlə də münasibətlərin yaxşılaşdırılması istiqamətində birç ox addımlar atılmalıdır. Məlumatlarda deyilir ki, bu təklif Sülhəddin Əkbərin ürəyincə olub. Belə ki, xeyli müddətdir müxalifətin birləşdirilməsi ideyası ilə çıxış edən ACP sədri bu istəyini reallaşdırmaq üçün əlinə fürsət düşdüyündən, onu boş buraxmaq istəməyəcək.
Mənbə bildirir ki, Rəsul Quliyevin bununla bağlı başlıca hədəfi odur ki, Azərbaycanda müxalifət qüvvələrinin yeni birliyini formalaşdırsın. İctimai Palatanın yetərli qədər müxalifəti təmsil etmədiyi qənaətində olan sabiq spiker hesab edir ki, əhatə dairəsini daha da genişləndirmək lazımdır. Bunun üçün də ilk addımı öz tərəfindən atmağa çalışan mühacirətdəki partiya lideri, həm də başqa bir məqsədini hədəfləyir. Daha doğrusu, Rəsul Quliyev bununla cəmiyyətə göstərmək istəyir ki, o, müxalifətin birliyinin tərəfdarıdır və bunun üçün ilk addımı da o atmaqdadır. Qarşı tərəfin buna müsbət reaksiya verməməsi isə onların günahıdır. Eyni zamanda, bu nəticə, onun ənənəvi müxalifəti tənqid etməsi üçün də yetərli qədər bəhanə verəcək.
Qeyd edək ki, Müsavat Partiyasından istefa verən Sülhəddin Əkbər həmin vaxt bəyan etmişdi ki, onun belə bir addım atmasına səbəb müxalifətin birləşməsi ilə bağlı təkliflərinin həyata keçməməsidir. O bildirmişdi ki, AXCP ilə Müsavatın birləşməsinin tərəfdarıdır və bunun üçün zəruri olan bütün addımları atıb. Lakin Müsavat rəhbərliyi bu birləşmə məsələsindən imtina etməklə həmin birliyə zərər vurub. İndi isə onun əlində yaxşı fürsət düşüb. Bundan sonra Sülhəddin Əkbərin ciddi-cəhdlə İP-lə danışıqlar apararaq, qüvvələrin birləşdirilməsinə çalışacağı gözlənilir.
Böyük ehtimalla ACP-nin yeni sədri ilk danışıqlara AXCP ilə başlayacaq. Çünki Əli Kərimli ilə yaxşı münasibəti olan və istefa verdikdən sonra bir neçə dəfə onunla görüşən Əkbər rahatlıqla birlik danışıqları apara biləcək. Eyni zamanda, o, AXCP-nin Rəsul Quliyevlə problemi olmadığı qənaətindədir və Əli Kərimli ilə Rəsul Quliyevin birlikdə hərəkət etmək üçün cəhd etdiklərindən də xəbərdardır.
Sülhəddin Əkbərin Müsavatla aparacağı danışıqların nəticə verə biləcəyi isə inandırıcı görünmür. Ona görə ki, birləşmə məsələsinə görə istefa verdiyi partiyanın rəhbərliyi ona lazımi etimadı göstərməyəcək. Həm də İsa Qəmbərlə Rəsul Quliyev arasında son dövrlər yaşanan gərginlik bu danışıqların effektik olmasını sual altında qoyur.

Namiq Əlibəyli