OPEC - dünya siyasətinin bir aləti

ABŞ, Çin, Yaponiya və Avropa İttifaqı neft idxalçılarıdır və ucuz enerjidaşıyıcıları bu ölkələrin birmənalı olaraq lehinədir

Müasir tarixdə dünya neft bazarında baş verən böhranlar həmişə neft bazarında əsas oyunçu olan Neft İxracatçı Ölkələri Təşkilatının (OPEC) fəal müdaxilələrlə müşayiət olunurdu. Bunun sonuncu nümunəsi kimi 2009-cu ili xatırlatmaq olar. O zaman, daha dəqiq 2008-ci ilin ortalarından 2009-cu ilin əvvəlinə qədər, neftin qiyməti 140 dollardan 40 dollara qədər enib və bunun əsas səbəbi ABŞ-da başlayan və tədricən bütün dünyaya genişlənən iqtisadi böhran olub. Vəziyyəti tarazlaşdırmaq üçün OPEC bir neçə dəfə hasilat üzrə kvotaları azaldıb və nəticədə neftin qiyməti artmağa başlayıb. Lakin indiki neftin ucuzlaşması unikaldır, çünki OPEC heç bir addım atmır.

Əvvəla bir neçə termin və prosesləri aydınlaşdıraq. Belə ki, OPEC özündə 12 ölkəni cəmləşdirir. Bunlar Əlcəzair, Anqola, Ekvador, İran, İraq, Küveyt, Liviya, Nigeriya, Qətər, Səudiyyə Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri və Venesueladır. Dünyada kəşf edilmiş neft ehtiyatlarının 75-80 faizi OPEC ölkələrin payına düşür. Eyni zamanda dünyada hasil olunan neftin təxminən 50 faizi də OPEC-in payına düşür. Belə olan halda OPEC-in neft bazarına təsiretmə qabiliyyəti aydın olur.
Mexanizmə gəlincə isə ən effektiv üsul kvotaların dəyişməsidir. Daha konkret, neft ucuzlaşan zaman OPEC üzvləri razılaşaraq neft hasilatını azaldır, qiymətlərdə nəzarətsiz artım baş verəndə isə kvotanı artırır. Aydındır ki, əsas müdaxilələr neftin ucuzlaşması hallarda edilir, çünki OPEC-ə üzv əksər ölkələr neft ixracatından sıx asılıdır və neftin ucuzlaşması ölkələrin iqtisadiyyatlarına və sonradan siyasi vəziyyətlərinə birbaşa mənfi təsir edir. OPEC neft bazarına öz təsir imkanları olduğunu artıq bir neçə dəfə göstərib.
Lakin indiki ucuzlaşma istisnadır. Xatırladaq ki, indiki ucuzlaşma 2014-cü ilin iyun ayında başlayıb və indiyədək davam edir. Bu müddət ərzində 115 dollardan indiki 50 dollaradək ucuzlaşıb. Və həmin müddət ərzində OPEC tərəfindən heç bir tarazlaşdırıcı addım atılmayıb, halbuki ölkələrin iqtisadiyyatları üçün mənfi təsir göz qabağındadır. Artıq Ekvador bəyan edib ki, indiki qiymətlərlə nəinki dövlət büdcəsində kəsir yaranır, neftin hasilatı ümumiyyətlə səmərəsizdir. Həmçinin Əlcəzair və Liviya OPEC-i fövqəladə iclas keçirməyə və kvotaları azaltmağa çağırır. Lakin OPEC-də aparıcı rol oynayan ərəb ölkələri və ilk növbədə Səudiyyə Ərəbistan bu təkliflər qarşısında susur. Əksinə, 2014-cü ilin ortalarından keçirilən OPEC-in iclaslarında hasilatın azaldılmaması barədə qərar qəbul edib. Belə olan vəziyyət OPEC-in dünya iqtisadiyyatına və ardınca siyasətinə təsirini aşkar göstərir.
Mənzərəni tam formalaşdırmaq üçün daha bir faktı qeyd edək: İran da OPEC-in iclasının keçirilməsini istəyir və aydındır ki, iclasdan hasilatın azaldılması qərarının çıxarılmasını gözləyir, çünki hazırda neftin qiymətləri 2009-cu ilin səviyyələrinin ətrafında "oynayır".
Niyə İranı xüsusən qeyd edirik? Çünki indiki neftin ucuzlaşmasının səbəbləri 2009-cu ildəki vəziyyətdən kəskin fərqlənir. Əgər o zaman səbəb dünya iqtisadiyyatında böhran, istehsalın azalması, neftə olan tələbatın azalması, inkişaf proseslərin dayanması idisə, indi bu kimi amillər ümumiyyətlə mövcud deyil. Əksinə dünyada, o cümlədən ABŞ-da iqtisadi inkişafın əlamətləri var. Hazırda yeganə makroiqtisadi və obyektiv səbəb kimi Çin iqtisadiyyatında problemlər və iqtisadi artım templərinin azalması göstərilə bilər. Beləliklə səbəbləri digər tərəfdə axtarmaq lazımdır və bu səbəbləri aydınlaşdıranda OPEC-in bütün bu proseslərində rolu aşkar olunacaq.
Beləliklə, biz iki əsas səbəbi qeyd edə bilərik. Birincisi əsasən iqtisadi, ikincisi isə sırf siyasi səbəbdir. Hətta bu səbəblər (və ya istənilən nəticələr) biri-biri ilə bağlı ola bilər. Tarixi təhlil göstərir ki, həmişə neftin ucuzlaşması dönəmindən dərhal sonra dünya iqtisadiyyatında inkişafın sürətlənməsi prosesi müşahidə olunub. Bu həm 80-cı, həm 90-cı, həm də 2001-2002-ci illərdə belə olub. Burada qeyd etmək lazımdır ki, dünyanın əsas ölkələri, o cümlədən də ABŞ, Çin, Yaponiya və Avropa İttifaqı neft idxalçılarıdır və ucuz enerjidaşıyıcıları bu ölkələrin birmənalı olaraq lehinədir. Ucuz neft istehsalın maye dəyərini azaldır və rəqabət qabiliyyətini artırır. Həmçinin bu amil nəql xərclərini azaldır ki, bu da ticarətin artmasına təsir göstərən səbəbdir. Mütəxəssislərin hesablamalarına görə, dünyada hər il 30 mlrd. bareldən çox neft "yandırılır" və beləliklə yalnız 10 dollarlıq ucuzlaşma nəticəsində istehlakçıların cibində 300 mlrd. dollarlıq vəsait qalır. Bu fonda dünyanın əksər ölkələri üçün neftin ucuzlaşması əlverişlidir. Lakin OPEC üçün bu vəziyyət qətiyyən əlverişli deyil. Əgər səbəb yalnız bu olsaydı, OPEC neftin ucuzlaşmasının qarşısını almaq üçün çoxdan müvafiq addımlar atardı. Amma bu baş vermir və durumun təhlili bizi siyasi amilə yönəldir. Siyasi amil isə bir neçə komponentdən ibarətdir və burada OPEC-in rolu əsaslardan biridir.
80-ci illərin ortalarında baş verən kəskin ucuzlaşma zamanı OPEC neftin bahalaşması üçün çox çalışıb. Lakin bu cəhdlər belə qiymətlərin 25-30 dollarlıq səviyyədən yuxarı qaldırmayıb. Mütəxəssislərin fikrincə, buna kənar faktorlar mane olub ki, bunların sırasında dolların möhkəmlənməsi, yeni neft tədarükçüləri, tələbatın azalması və sair qeyd etmək olar. Ola bilər ki, bütün bu amillər doğrudan da təsiredici olub, lakin unutmaq olmaz ki, məhz 80-ci illərin ortalarında Sovet İttifaqının iqtisadiyyatı tam olaraq dağıdılmış vəziyyətə düşüb və neftin ucuzlaşması bu prosesə son nöqtəni qoyub. OPEC o zaman öz maraqlarını güdərək neftin bahalaşmasını istəyib, OPEC ölkələri o zaman indiki qədər pul və qızıl ehtiyatlarına malik deyildi. Maraqlıdır ki, hazırkı vəziyyət 80-ci ilin ortalarındakı mənzərəni çox xatırladır, sadəcə Sovet İttifaqının əvəzinə əsas aktor Rusiyadır.
Beləliklə, Rusiya ilə Ukrayna arasında münaqişə yaranandan bir qədər sonra maraqlı hadisələr baş verməyə başlayıb. İlk növbədə birdən-birə neftin qiyməti aşağı düşməyə başlayıb. Paralel olaraq ABŞ prezidenti Səudiyyə Ərəbistana səfər edib. Tam əmin olmaq olmaz, lakin böyük ehtimalla ABŞ prezidenti Səudiyyə Ərəbistanı başçısını neft hasilatının artırmasına, ya da heç olmasa azaltmamağa çağırıb. Sonrakı hadisələr onu göstərib ki, danışıqlar nəticəsiz olmayıb. Belə ki, Səudiyyə Ərəbistan neft hasilatını artırmasa da, OPEC-in "əli ilə" bütün üzv ölkələrin hasilatı əvvəlki səviyyədə saxlamağa məcbur edə bilib. Bəzi mənbələrə əsasən, hazırda Səudiyyə Ərəbistanında neft hasilatı pik nöqtəyə çatıb və hasilatı fiziki cəhətdən artırmaq mümkün deyil. Prosesi izləyək. ABŞ nəticənin yarımçıq olduğunu görəndə, Rusiya əleyhinə olan qüvvələr başqa varianta əl atıb. Faktiki olaraq gözlənilmədən İrana tətbiq olunan müəyyən sanksiyalar aradan qaldırılıb və bu prosesin davam etdiriləcəyi bildirilib. Beləliklə, dünya neft bazarına potensial iri həcmli İran neftinin daxil olacağı görüntüsü yaradılıb. Təkcə bu xəbərlər özü dərhal neft bazarına təsir edib və qiymətlər yenidən aşağı gedib. Neftin ixracatından asılı olan İran dərhal bəyan edib ki, iri həcmlərdə nefti tədarük etməyə hazırdır. Tehran paralel olaraq OPEC-in iclasını keçirməyə çağırır ki, bu da tam izaholunandır. Çünki belə bəyanatlar İranın strateji tərəfdaşı olan Rusiyanın xeyri üçün səsləndirilir.
Ümumiyyətlə isə ssenari oxşardır. Məsələn, Sovet İttifaqı Əfqanıstana daxil olanda OPEC neft hasilatını artıraraq neftin qiymətlərini 15 dollara endirmişdi. Hazırda addımlar müəyyən dərəcədə daha yavaş atılır, çünki birincisi, OPEC-in daxilində tam yekdillik yoxdur, ikincisi, neftin bu dərəcədə ucuzlaşması heç Qərb ölkələrə də sərf etmir. Ən nəhayət üçüncüsü, Sovet İttifaqından fərqli olaraq Rusiyanın tam dağılmasını heç kəs istəmir, gündəmdə yalnız bu ölkənin zəiflədilməsi və Moskvanı aqressiv siyasətindən çəkindirmək durur. Xatırlatmaq lazımdır ki, Sovet İttifaqının iqtisadiyyatı həmçinin sənaye yönümlü olub, Rusiyanın iqtisadiyyatı isə neftdən qat-qat daha asılıdır. Rusiya iqtisadiyyatının həcminin azalması üçün neftin kəskin ucuzlaşması kifayətdir. Mütəxəssislərin hesablamalarına görə, Rusiya ildə təxminən 250 mln. ton neft ixrac edir, nəticədə neftin ucuzlaşması iqtisadiyyata neqativ təsir edir. Yenə də mütəxəssislərin hesablamalarına görə, 2008-2009-cı illərdə baş verən 140 dollardan 40 dollara qədər ucuzlaşma nəticəsində Rusiyanın ümumi daxili məhsulunun həcmi 8% azalıb. Dollar ifadəsində azalma 20%-ə yaxın olub. İndiki vəziyyət oxşardır. Həmçinin ola bilsin ki, bu da son deyil, çünki gündəmdə ABŞ tərəfindən öz strateji neft ehtiyatlarından istifadə, bu ehtiyatların dünya bazarına çıxarılması kimi vasitələr var. ABŞ-ın strateji neft ehtiyatlarının həcmi 700 mln. barel təşkil edir və bu ehtiyatların açılması nefti daha 5-8 faiz ucuzlaşdıra bilər. Hələlik bu ehtiyatlardan yalnız kiçik həcmlər istifadə olunur və neft bazarına böyük təsir yoxdur, lakin bu bir xəbərdarlıq kimi qiymətləndirmək olar.
Beləliklə, OPEC-in dünya iqtisadiyyatına və siyasətə rolunu təhlil edərkən hazırkı vəziyyətin əvvəlki zamanlardan müəyyən fərqləndiyi aydın olur. Əgər əvvəllər əksər hallarda OPEC ilk növbədə öz maraqlarını güdərək dünya bazarına təsir edirdisə, indi OPEC, demək olar ki, dünya siyasətində bir alətə çevrilib. Nəticə isə dəyişməz qalır - neft ucuzlaşır və bundan ziyan çəkənlər ziyan çəkməkdə davam edəcək.

Vahab Rzayev