Prezidentin yürütdüyü siyasət Azərbaycanın bir tərəfdən hüquqi dövlətçilik prinsiplərini daha da gücləndirir, digər tərəfdən isə xalqın bütün təbəqələrinin dövlətçilik quruculuğunda aktiv iştirakını təmin edir

Bu gün Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi demək olar ki, yeni fazaya keçid edib. Bu sahədə isə artıq daha stabil iqtisadi axınlığın yaranması, sosial yönlü layihələrin sistemləşdirilməsi və qloballaşan dünyada Azərbaycanın yerini daha da möhkəmlətməkdədir.
Bunun üçün istər ölkədaxilində, istərsə də ölkəxaricində həyata keçirilən siyasətin kordinatları daha da dəqiqləşdirilir və bütün siyasətin qayəsində dayanan məhz insanların güzaranıdır. Prezident İlham Əliyev beş illik son mərhələdə demək olar ki, ölkənin bütün təbəqələrinin inkişafı üçün lazımi addımları atdı və hazırda bu proses davam edir. Son günlər isə prezidentdən daha mühüm addımlar da gəldi. Belə ki, bu addımlar Azərbaycanın bir tərəfdən hüquqi dövlətçilik prinsiplərini daha da gücləndirir, digər tərəfdən isə xalqın bütün təbəqələrinin dövlətçilik quruculuğunda aktiv iştirakını təmin edir. Gəlin bu proseslərə ardıcıllıqla baxaq. Belə ki, bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının yekunlarına dair iclasındakı çıxışında sahibkarlıq sahəsində yoxlamalardan çoxsaylı şikayətlərin daxil olmasını, yoxlamaların sayının, eləcə də lisenziyaların sayının həddindən artıq çox olmasını, göstərilən sahədə sui-istifadə hallarını qeyd edib, belə halların qarşısının alınacağını, nəticə çıxarmayanların cəzalandırılacağını bildirib.Və bununla bağlı Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərib.Qanun layihəsinə əsasən 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır.
Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Fərmanla lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzlərində verilməsi nəzərdə tutulub. Ekspertlər hesab edir ki, İlham Əliyevin belə bir addım atması Azərbaycan əhalisinin üçdə ikisi üçün yeni inkişaf mərhələsi deməkdir və bununla da ölkədə xırda və orta sahibkarlığın inkişafına tam yaşıl işıq yandırılacaq. Bunu da unutmayaq ki, hər bir dövlətin təməl prinisipində dayanan faktorlardan biri də məhz kiçik və orta sahibkarlıqdı. Deməli prezident İlham Əliyev Azərbaycanda hüquqi dövlət quruculuğunun inkişafı üçün çox ciddi addım atıb. Bu addım həm də Azərbaycanda qanunvericilik bazasının formalaşmasına müsbət təsirini göstərəcək. Bu gün Azərbaycanda diqqəti cəlb edən digər məqam gənclərlə bağlıdır. Belə ki, prezident İlham Əliyev dəfələrlə gənclərin inkişafı, dövlət quruculuğunda aktiv iştirak etmələri üçün vacib addımlar atmış və bunun bəhrəsini artıq görməkdəyik. Elə son parlament seçkilərində gənclərin həm seçici, həm müşahidəçi, həm də namizəd kimi aktivlik göstərməsi buna misaldır. Sevindirici haldır ki, bu gün deputatlığa YAP-ın irəli sürdüyü namizədlərin içində gənclər üstünlük təşkil edir. Bununla paralel gənclər həmçinin seçki prosesində müşahidəçi kimi və seçici kimi də ümidləri doğrultmağa çox yaxındırlar.Bunu əksəriyyət təsdiqləyir. "Azərbaycan dövlətinin siyasətinin ən uğurlu istiqamətlərindən biri gənclər siyasətidir. Bunun əsasını ümummilli lider Heydər Əliyev qoyub. Gənclərlə bağlı iş dövlətin prioritet siyasətidir. Bu da öz effektini verir".Bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə parlament seçkilərində gənclərin fəallığı ilə bağlı respublikanın Gənclər Təşkilatları nümayəndələri ilə keçirilən görüşdə deyib.
Ə.Həsənov bildirib ki, elə gənclər formalaşdırılmalıdır ki, onlar Azərbaycan dövlətinə, dəyərlərinə sahib çıxsınlar: "Heydər Əliyevin istək və arzuları bu idi. Biz indi bunun effektini görürük. Bu il keçiriləcək parlament seçkilərində gənclər aktiv olmalıdır. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, dövlətə məsuliyyətli gənclər lazımdır. Yəni, gənclər bir sıra məsələlərdə dövlətin yanında olmalıdır. Avropa Oyunlarında Azərbaycan gənci necə fəallıq göstərdi, şahidi oldunuz. Həmin oyunlarda 10 mindən çox Azərbaycan gənc iştirak etdi. Bu da göstərdi ki, bizim gənclər digərləri ilə rəqabət aparmaq gücündədirlər".
Ə.Həsənov Azərbaycan gəncliyini seçkilərdə yaxından iştirak etməyə çağırıb: "Bu gün sosial şəbəkələrdə, daxili və beynəlxalq mətbuatda Azərbaycandakı seçkilərlə bağlı müzakirələr gedir. O cümlədən, seçkidən sonra seçkinin, "exit-poll"ların nəticələri ilə bağlı müzakirələr gedəcək. Azərbaycanda seçki reallığını təhrif etməyi qarşısına məqsəd qoymuş yerli və xarici qurumlara və şəxslərə müqavimət göstərin. Sadəcə, gördüklərinizi təbliğ edin, sizdən başqa heç nə istəmirik. Namizədlərlə görüşlərdə fəal olub, problemlərinizi nəzərə çatdırın ki, gənclərlə bağlı iş deputat seçildikdən sonra onların fəaliyyətlərində əsas istiqamətlərdən biri olsun. Arzu edirəm ki, hər biriniz vətəndaş məsuliyyəti dərk edərək seçkilərdə fəal iştirak edəsiniz".
Ə.Həsənov gənclərin Azərbaycan dövlətinin qorunmasında, seçkilərdə fəal iştiraklarına əmin olduğunu qeyd edib.
"Səsvermə günü 257 seçicinin 18 yaşı tamam olacaq. Mən o gəncləri də səs verməyə çağırıram. Siz ölkənizin gələcəyinə səs vermiş olacaqsınız".
Bunu isə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə parlament seçkilərində gənclərin fəallığı ilə bağlı respublikanın Gənclər Təşkilatları nümayəndələri ilə keçirilən görüşdə deyib.
M.Pənahov deyib ki, həmişə Azərbaycanın müstəqilliyi arzusu ilə yaşayıb: "Arzu edirik ki, gənclər müstəqilliyimizin qədrini bilsinlər. Müstəqilliyi qazanmaqla bərabər, dövlətin suverenliyini qorumaq da vacibdir. Suverenliyin qorunması gənc nəslin necə yetişməsindən asılıdır. Əvvəllər dövlətləri suverenlikdən, müstəqillikdən məhrum etmək üçün hərbi hücum edirdilərsə, indi ölkələrin suverenliyinə müxtəlif yollarla müdaxilə edirlər. Bura "beşinci kolon" və ya seçkilər də daxildir. Nəzərə almaq lazımdır ki, hər bir cəmiyyətdə həmişə müxtəlif səbəblərdən müəyyən narazı kəsim olur. Bu və ya digər səbəbdən narazı qalan insanları müəyyən kənar qüvvələr öz tərəflərinə çəkir və sonra öz maraqları üçün istifadə edir, "beşinci kolon" yaradırlar. Bu baxımdan gənclər həssas təbəqədir. Gənclər dünyaya daha çox çıxırlar və onlar mürəkkəb dünyada Azərbaycanı qiymətləndirməyi bacarmalıdırlar. Gənc müstəqil ölkələrin gələcəyi yetişdirdiyi gənclərin əlindədir".
M. Pənahov qeyd edib ki, bu il ilk dəfə səs verəcək gənclər 1998-ci ildə dünyaya göz açan gənclərdir: "Əgər kimsə seçkiyə biganə münasibət bildirirsə, gənclər dərhal buna reaksiya verməlidirlər. Bu seçkilərdə 63 min 555 min nəfər ilk dəfə səs verəcək. Səsvermə günü isə 257 seçicinin 18 yaşı tamam olacaq. Mən o gəncləri də səs verməyə çağırıram. Siz ölkənizin gələcəyinə səs vermiş olacaqsınız".
Beləliklə çıxartdığımız nəticə budur ki, bu gün hüquqi dövlət quruculuğunun uğurla davam etdirilməsi, regionda lider ölkəyə çevrilmək üçün bütün güclər səfərbər olunub və tək məqsəd insan resursunun nəzərə alınmasıdır. Hələ ilk prezident seçkilərində İlham Əliyev bəyan etdi ki, Azərbaycanın ən böyük sərvəti insanlarıdır və görülən hər bir işdə əsasən insan faktoru nəzərə alınmalıdır. Bu gün isə prezident İlham Əliyevin illər öncə dediyi sözlərin əməli nəticələrini görürük. Məhz insan faktoruna əsaslanan islahatlar əslində ən mükəmməl şəkildə dövlət quruculuğu prosesini həyata keçirtməkdir.