Səfər Əbiyev haqqında böyük müəmma

Keçmiş nazirin harada olduğu bilinmir

Ölkə mətbuatında sabiq müdafiə naziri Səfər Əbiyevin harada olması ilə bağlı ilginc məlumatlar yer alır.Bəziləri iddia edir ki, sabiq nazir ölkədən qaçıb, digərləri isə onun gizləndiyini vurğulayır.
S.Əbiyevin qayını, Quba rayon Pirvahid kənd sakini Oktay Məmmədov azvision.az-a bildirib ki, eks-nazir xeyli vaxtdır qohumları ilə əlaqə saxlamır və onun harada olması ilə bağlı onlarda məlumat yoxdur: "Səfər müəllimi çoxdandır görmürəm. O, Qubaya gəlmir. Yəqin ki, Bakıdadır.Amma dəqiq bilmirəm.Onun ölkədən qaçması ilə bağlı yayılan məlumatlar doğru deyil.Səfər müəllim heç vaxt ölkəni tərk etməz.Yəqin ki, o Bakıda istirahət edir. O, Azərbaycana bağlı insandır".
Müdafiə Nazirliyinin sabiq mətbuat katibi, Səfər Əbiyevin ən yaxın kadrı hesab olunan Eldar Sabiroğlu da keçmiş nazirdən bixəbərdir: "Uzun müddətdir ki, Səfər müəllimlə əlaqə saxlamıram. Onun telefon nömrəsini də bilmirəm.Harada olması barəsində də məlumatım yoxdur. O özü də mənimlə maraqlanmır. Yəqin ki, istirahət edir və mətbuata çıxmaq istəmir".
Hərbi ekspert Üzeyir Cəfərov isə sabiq nazirin ölkəni tərk etməsi ilə bağlı yayılan xəbələrə münasibət bildirərək qeyd edib ki, o dövlət əhəmiyyətli məxfi sirlərin daşıyıcısı olduğu üçün Azərbaycanı tərk edə bilməz: "Azərbaycanın müdafiə naziri vəzifəsində uzun illər çalışan general-polkovnik Səfər Əbiyevin ölkədən getməsi sırf onun iradəsindən asılı olan məsələ deyil. Çünki dövlətin ən yüksək zirvəsində, birinci dərəcəli məxfi olan məlumatlara malik olan şəxs olduğuna görə, o, ölkəni asanlıqla tərk edib, istədiyi yerə gedib-gəlmək iqtidarında deyil.Bunun baş tutması üçün gərək ölkənin birinci şəxsləri ilə razılaşma əldə edilsin.İnanmıram ki, bu illər ərzində ən mühüm dövlət sirlərinə malik olan Səfər Əbiyev çox asanlıqla Azərbaycanı tərk etsin. Son vaxtlar mətbuatda onunla bağlı xeyli məlumatlar yazılır. Çox təəssüflər olsun ki, bəzi dostlarımız sensasiya xatirinə, hətta Səfər Əbiyevin hansısa bir ölkəyə icazə alaraq getməsini "ölkədən qaçdı" kimi başlıqlarla təqdim edirlər. Əbiyev uzun müddət Azərbaycanın müdafiə naziri olub.Belə məlumatları yayanda düşmənlərimiz də bundan Azərbaycanın əleyhinə istifadə edirlər.Bu zaman biz son dərəcə diqqətli və ehtiyatlı olmalıyıq. Səfər Əbiyevin adı Şahin Sultanov və Mehman Səlimovun işi ilə bağlı tez-tez mətbuat səhifələrində hallandı. Onun istintaqa çağırılması və həbs olunma ehtimalı ilə bağlı xəbərlər yazıldı. Kimliyindən aslı olmayaraq, Azərbaycanda hamı qanun qarşısında bərabədir. Hər kəs etdiyi əməl və addımlara görə həm indi, həm də sonra cavab vermək məcburiyyətindədir. Bu baxımdan hesab edirəm ki, Səfər Əbiyevin ölkədən getməsi dövlət əhəmiyyətli və dövlətin təhlükəsizliyi ilə bağlı olan bir məsələdir. Azərbaycan dövləti öz təhlükəsizliyini risk altında qoya bilməz".
Hərbi ekspert qeyd edib ki, əgər Səfər Əbiyev hər hansı bir ölkəyə gedibsə, onun təhlükəsizliyi mütləq qorunmalıdır: "O, dövlətimizlə bağlı tam məxfi sirlərə malikdir. Düşmənlər ona fiziki və psixoloji təzyiq göstərərək hər hansı bir məlumatı öyrənə bilərlər. Bu bütün ölkələrdə belədir".
Hərbi ekspertin fikirincə, sabiq nazir ölkəni tərk etməyib.: "Səfər Əbiyev heç bir yerə getməyib. O, hazırda Bakı şəhərindədir. Onunla bağlı səsləndirilən fikirlərin heç bir əsası yoxdur. Eks-nazir kimi hazırda heç nəyə ehtiyacı yoxdur. Genaral-polkovnikdir. Uzun illər müdafiə naziri olub. Uzun müddət dövlətin ən önəmli 4 simasından biri olub.
İndi o, tutduğu vəzifəyə uyğun olaraq dövlətdən təqaüd alır. Keçmiş nazirin təqaüdü də kifayət qədər yüksəkdir. Məndə olan məlumata görə, Səfər müəllim 3 min manatdan çox təqaüd alır".
Qeyd edək ki, Səfər Əbiyev 2013-cü ildə prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad edilib. Onu bu postda Zakir Həsənov əvəz edir.
Hafiz Əhmədov