Azərbaycan


Korrupsioner və inhisarçı vəzifəlilərin dövranı necə bitirilir?

Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması və dövlət xərclərinin azaldılması üçün tədbirlərin həyata keçirilməsi davam edir. Əvvəlki təhlillərimizdə qeyd etmişdik ki, Prezidentin başlatdığı "iqtisadi inqilab" çərçivəsində atılan addımlar davam edəcək və miqyası genişlənəcək. Dünən, nəhayət ki, növbə gömrük sektoruna da çatdı: Prezident İlham Əliyev gömrük qaydalarının sadələşdirilməsi ilə bağlı olduqca mühüm bir Fərman imzaladı...

Hazırda aparılacaq mümkün iqtisadi islahatlarla bağlı cəmiyyətdə və ekspert dairələrində qızğın müzakirələr gedir və dəyişikliklərlə bağlı proqnozlar səsləndirilir. Uzun müddətdir ki, belə radikal dəyişikliklər görməyən Azərbaycan cəmiyyətində bu addımlar gizlədilməyən həyacanla izlənilir. "Ölkədə nə baş verir?" - sualı hər kəsin dilindədir.
Geniş izahata yol vermədən, bu suala qısa cavab vermək olar: Hökumət neft gəlirlərinin kəskin aşağı düşməsi ilə yaranmış yeni situasiyaya adaptasiya olunmağa çalışır; hələlik gündən-günə daha çox hiss olunan böhranın təsirlərini yumşaltmaq və ölkədə işgüzar təşəbbüskarlığı stimullaşdırmaq üçün önləyici ilkin addımlar atır. Bu ilkin addımlar indiki mərhələdə orta və kiçik biznesin böhran şəraitində ayaqda durmasını təmin etməyə hesablanıb.
Ancaq yuxarıda da qeyd etdiyimiz kimi, bu, yalnız ilkin addımlardır və daha çox "təcili-təxirə salınmaz tibbi yardım" xarakterindədir. Atılan addımlar, şübhəsiz ki, qısa zaman kəsiyində səmərə verəcək. Eyni zamanda, gözləmək olar ki, iqtisadiyyatda islahatlar kurusu davam etdiriləcək.
Hələlik, islahatların dinamikası barədə indidən qəti fikirlər söyləmək tezdir. Təxminlərimizə görə, hökumət situasiyaya uyğun hərəkət edəcək.
Bəs, bu islahatlar vəziyyətdən çıxış üçün yetərli olacaqmı? Bu suala isə birmənalı şəkildə "yox" cavabı vermək olar. Ölkədə iqtisadi vəziyyətin yaxşılaşdırılması və inkişaf dinamikasının sürətləndirilməsi üçün daha genişmiqyaslı addımların atılmasına ehtiyac yaranıb. Bu məsələdə qonşu Gürcüstanın təcrübəsini xatırlamaq yerinə düşər.
Saakaşvili islahatları dövründə Yanğından Nəzarət Xidməti ləğv olundu. Avtonəqliyyat vasitələrinin məcburi texniki baxışdan keçməsi ləğv edildi. Tikintiyə icazə verilməsi qaydaları çox sadələşdirildi, əvəzində bu sahədə qanunsuz əməllərə görə sanksiyalar çox sərtləşdirildi.
Əmtəələrin könüllü standartlaşması tətbiq olundu və məcburi sertifikatlaşdırma ləğv edildi. Sənədlərin məcburi notarial təsdiqi ləğv olundu.
Özəlləşdirmə sahəsində çox radikal islahatlar aparıldı. O zamankı iqitisadi inkişaf naziri Kaxa Bendukidzenin aforizm olmuş kəlamı bu prosesi daha yaxşı xarakterizə edir: "Vicdandan başqa hər şeyi satmaq olar. Dövlət mülkiyyətində yalnız böyük kral möhürü ola bilər".
Bu yanaşma xəstəxanalar və su təchizatı ilə bağlı qurumlardan tutmuş mehmanxanalara qədər hər şeyi özəlləşdirməyə imkan verdi. Paytaxt Tbilisidən başqa, ölkədə torpaqların təyinatlı istifadəsi prinsipi ləğv olundu.
Səhiyyə sistemində uzun müddət ərzində profili dəyişdirlməmək şərti ilə xəstəxanalar özəl sektora verildi.
Əhalinin aztəminatlı hissəsinə tibbi xidmətlərdən istifadə edilməsi (baza tibbi xidmətlər) üçün vauçerlər verildi. Digər vətəndaşlar özləri tibbi sığorta və tibbi xidmətləri ala bilərlər. Sosial xarakterli xəstəliklər dövlət hesabına müalicə olunur. Eyni zamanda, 3 yaşına qədər uşaqlar və 60 yaşdan yuxarı vətəndaşların bütün tibbi xidmətləri dövlət hesabına həyata keçirilir. "Ucuz sığorta" sistemi orta təbəqə təmsilçilərinə tibbi sığorta almağa imkan verir.
Vergi sistemində də inqilabi dəyişikliklər həyata keçirildi. Vergi amnistiyası verildi və total "kadr təmizlənməsi" aparıldı. Vergilərin sayı 22-dən 7-yə endirildi. Gəlir vergisi 15% müəyyən olundu və kapital xərclərin tezləşdirilmiş amortizasiyasına icazə verildi. Şirkətlər özlərinin 100% kapital xərclərini xərclərin edildiyi ildə xərclər hissəsində göstərə bilər. Əgər bu zaman artıq xərclər mənfəətdən artıq olarsa, onda onu 5 il ərzində tam ödənilənədək hesabatda göstərmək və deməli, gəlirdən vergi ödəməmək olar.
Gömrükdə çox böyük liberallaşma aparıldı. 15 müxtəlif gömrük rusumu əvəzinə (bunlardan ən yuxarısı 35% idi) 0%, 5% və 12% olmaqla 3 vergi rüsumu müəyyənləşdirildi. 0% rüsum isə malların, təxminən, 90%-nə şamil olundu.
Əsas fondlara investisiya zamanı ƏDV-nin dərhal qaytarılması tətbiq olundu. Gəlir vergisi ilə sosial vergi birləşdirilərək 20% həcmində müəyyən edildi.
Gürcüstanda 10 il ərzində bürokratik aparatda və büdcədən maliyyələşən təşkilatlarda 50 faiz ixtisar aparıldı.
Şübhəsiz ki, hər bir ölkənin təcrübəsi unikaldır və onu olduğu kimi təkrarlamaq heç bir halda fayda vermir. Bununla belə, "Unikal" Azərbaycanda getdikcə sürətlənən iqtisadi islahatların, struktur və kadr reformlarının hər nə qədər fərqli forma və mahiyyətə malik olsa da, xeyli dərəcədə də Gürcüstan nümunəsini xatırlatdığını qeyd etmək istəyir.
Artıq Azərbaycanda korrupsiya və inhisarlar üzərində özlərinə nəhəng biznes imperiyası qurmuş oliqarxların hegemoniyası arxivə qarışır. Bu isə ölkə iqtisadiyyatının inkişafının real və dayanıqlı olması üçün ən zəruri amillərdən biridir.
Qarşıdakı mərhələdə biz bunun müsbət nəticələrini aydın şəkildə hiss etməyə başlayacağıq.
Toğrul Əliyev