ATƏT-in Minsk qrupunun həmsədrləri ilin sonuna qədər İlham Əliyev-Serj Sərkisyan görüşünü təşkil etmək niyyətindədir. Bu barədə onlar regiona növbəti səfər öncəsi deyiblər.

"Mən bildiyimə görə Ermənistanda referendum keçiriləcək. Ona görə prezidentlərin qrafikini də nəzərə alaraq, görüşlərin referendumdan sonra, amma bu ilin sonuna qədər təşkil etməyi planlaşdırırıq", - amerikalı həmsədr Uorlik deyib.

Uorlik prezidentlərin görüşlərinə qədər daha aşağı səviyyələrdə, məsələn, xalq diplomatiyası yolu ilə də diplomatik danışıqları aktivləşdirməyin vacib olduğunu deyib.

Yerevanda keçirdiyi mətbuat konfransında Ceyms Uorlik qaçqın probleminə də toxunub. Onun fikrincə, qaçqın problemi həll olunmadan münaqişə tam nizamlana bilməz.

"Regionda yüz minlərlə qaçqın var. Onları mütləq dinləməliyik. Qaçqınlara və məcburi köçkünlərə doğma evlərinə qayıtmaq imkanı yaradılmalıdır".

Uorlik deyib ki, həmsədrlər Azərbaycana səfər zamanı Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşəcəklər.