Azərbaycanın peyindən gələcək dollarları!
Azərbaycanın peyindən gələcək dollarları!

Heyvandarlıq müəssisələrinin tullantılarını valyuta gəlirinə çevirməyin sirləri

Bir on il qabaq Azərbaycanda peyindən qaz almaq məsələsi gündəmdə idi - istər rəsmi dairələr, istərsə də QHT-lər bunun ucqar dağ kəndləri üçün əvəzsiz vasitə olması barədə ciddi təşviqat işinə başlamışdılar. Deyirdilər ki, bəs, kəndli təsərrüfatlarındakı mal-qaranın peyinini xüsusi bioqaz qurğularında çürütməklə həm evləri qızdırmaq üçün təbii qaz, həm də humus dərəcəsi yüksək olan qiymətli gübrə əldə eləmək olar.

Bu istiqamətdə ilk addımlar da atılmışdı - İsmayıllı rayonunda bir evdə sınaq üçün təxminən 1500 ABŞ dolları xərc çəkilərək bioqaz qurğusu da quraşdırıldı. Amma nəticə elə də uğurlu olmadı - ailənin 4 inəyindən və 25-ə yaxın qoyunundan əldə edilən təxminən 70 kiloqram peyin gün ərzində təxminən 2 kubmetrə yaxın qaz alınırdı ki, bu da yalnız mətbəxdə və hamamda işlətməyə yetirdi. Əvəzində isə ailə peyindən təzək düzəltmək imkanını itirirdi. Halbuki, daha əvvəl ailə peyinin yalnız bir hissəsini təzək kimi işlətməklə qışı yola verirdi. Mətbəxdə işlətmək üçünsə ayda 6-7 manatlıq da balon qazı almaq kifayət edirdi, yəni heç bir ailə yalnız mətbəxdə işlətmək üçün qaz almağa 1500 manat xərc çəkib bioqaz qurğusu quraşdırmaq istəməzdi.

Uğursuz təcrübə və bioqazın
min illər əvvələ gedən tarixi

İsmayıllıdakı bu uğursuz təcrübə Azərbaycanda bioqaz istehsalının gələcəyi ilə bağlı ümidlərin üzərindən bir xeyli müddət xətt çəkdi və məsələ bir neçə müddət gündəmdən çıxarıldı. Halbuki, dünyanın bir çox ölkələrində bu, kənd yerləri üçün ən proqressiv yanacaq növü sayılır.
Məsələn, Çində gümbəz üsulu ilə bioqaz istehsalı bizim eradan əvvəl 16-cı əsrdən başlanıb. Bu üsulun kökündə kənd təsərrüfatı tullantılarını xüsusilə də peyini üstü bağlı gümbəzşəkilli ambara tökərək, çürütmək dayanır. Çürümə nəticəsində kütlədən yanar qazlar, xüsusilə də metan qazı alınır və o, yüngül olduğundan gümbəzin təpəsindəki birtərəfli klapandan keçərək üstəki rezervuara yığılır və oradan məişətdə işlətməyə yönəldilir. Çənin dibində isə kənd təsərrüfatı üçün çox yararlı olan gübrə qalır.
Keçən əsrdə Çində bioqaz istehsalının elmi-texniki əsasları işlənib. 70-ci illərdə hökuməti dəstəyin ilə bioqaz istehsalı gur inkişaf dövrü keçib və kənd yerlərində avtobus parkının 80%-i, milli avtobus parkının isə 60%-i bioqaz ilə işləyib. Çin bioqaz və ya ikili yanacaqla işləyən mühərriklərin layihələndirilməsində də xeyli irəli gedib və 80-ci illərin sonlarına kimi bu ixtiralar yüksək məxfilikli dövlət sirri kimi qorunub. 2000-ci illərdən başlayaraq Çin hökuməti bioqaz istehsalına yeni təkan verib və bu sahədə istehsal hər il 15%-ə qədər artırılıb. Bunun nəticəsidir ki, 12 il ərzində Çində fəaliyyət göstərən bioqaz qurğularının sayı 7 milyondan 20 milyona çatdırılıb.

Yeraltı suların
zəhərlənmə təhlükəsi

Təbii ki, Çində bioqaz istehsalının genişlənməsi son 10 ildə dünya bazarında neftin qiymətinin 10 dəfəyə qədər qalxması ilə bağlıdır - bahalı qiymətlər bioqaz istehsalını da rentabelli edir. Amma bioqaz qurğlarının ekoloji faydası da var və bu qurğular bir sıra heyvandarlıq tullantılarını ucuz və rentabelli emalı yolu ilə utilizasiyasına imkan verir.
Son illərdə Azərbaycanda iri heyvandarlıq, quşçuluq və broyler təsərrüfatları yaranıb ki, onların tullantılarının utilizasiyası ciddi problem yaradıb. Bunların xüsusilə Bakı və Abşeron zonalarında yerləşənləri ətraf məhəllələrinin sakinləri üçün xüsusi diskomort yaradır. Bu quşçuluq və heyvandarlıq müəssisələrinin ətrafında toplanan peyin qalaqlarından ətrafa pis qoxu yayılır, milçəklərin geniş inkubasiyasına geniş rəvac verir. Həmçin açıq havada çürüyən peyindən ayrılan metan qazı ozon qatının dağılmasına da səbəb olur ki, bu da beynəlxalq səviyyədə ciddi sayılan problemlərdəndir. Həmin tullantılar torpağa basdırılması isə yeraltı suları zəhərlənmə təhlükəsi altında qoyur.

Gözlənilən strateji plan

Bu məsələlər Sənaye və Energetika Nazirliyi yanında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentilyi tərəfindən bərpa olunan enerji mənbələri üzrə hazırlanan strateji planda da nəzərə alınır.
Agentliyin rəhbəri Cəmil Məlikov bildirib ki, strateji plan iyun ayının sonunda başa çatdırılaraq ölkə başçısına təqdim ediləcək. Planda o qədər də böyük olmayan və orta ölçülü heyvandarlıq komplekslərində quraşdırılması mümkün olan reaktorlara daha çox üstünlük veriləcək. "Beynəlxalq aləmdə tutumu 2 min kubmetr olan reaktorlar daha populyardır. Belə bir qurğunun işlənməsi üçün heyvandarlıq kompleksində ən azı 1500 baş iri mal-qara olmalıdır. Amma Azərbaycanda belə fermalar demək olar ki, yoxdur, fermalarımızda inək sayı 100-dən 1000-ə qədər dəyişir. Buna görə də bizim üçün 100 inəklik fermanın tullantısını emal etməyə imkan verən 100 kubmetrlik reaktorlara ehtiyac olacaq. Bu da orta hesabla 15-20 kVt gücündə elektrik enerjisi əldə etməyə imkan yaradacaq. Bu, həmin heyvandarlıq komplekslərinin yemçilik təsərrüfatlarını yüksək keyfiyyətli gübrə ilə təmin etməyə də şərait yaradacaq",- deyə Cəmil Məlikov vurğulayır.
Onun sözlərinə görə, respublikada bu cür reaktorların quraşdırılmasına geniş tələbat olacaq, çünki Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentilyinin araşdırmasına görə, ölkədə bu cür yüzlərlə reaktor quraşdırmağa imkan var. "Biz fikirləşirik ki, ilk öncə Azərbaycanda fəaliyyət göstərən quşçuluq və maldarlıq fermaları belə qurğularla təchiz edilməlidir. Bu, enerci və gübrə istehsal ilə yanaşı, həm də həmin komplekslərin tullantılarının utilizasiyası problemini həll edəcək",- deyə Alternativ və Bərpa Olunan Enerci Mənbələri üzrə Dövlət Agentilyinin rəhbəri bildirir.

Araşdırmaların ilginc nəticələri
və perspektiv haqqında

Lakin bu sektor inkişaf etdikcə, ət və ət məmulatları, yağ məhsulları, üzümçülük və şərabçılıq, meyvə və tərəvəz, balıq emalı müəəssisələrinin tullantılarını da emal etmək üçün belə reaktorlar quraşdırıla bilər. Araşdırmalar göstərir ki, bu cür müəssisələrin tullantıları peyindən daha yüksək səviyyədə bioqaz verməyə qadirdir. Əgər 1 ton peyindən təxminən 30 kubmetr bioqaz almaq mümkündürsə, 1 ton ət məmulatları istehsalı tullantılarından alınan bioqazın miqdarı 85-360 kubmetr arasında, 1 ton yağ istehsalı tullantılarından alınan bioqazın miqdarı isə 400-1000 kubmetr arasında dəyişir. Balıq emalında isə 1 ton tullantıdan 17-156 kubmetrə qədər bioqaz almaq mümkündür. Şərabçılıq müəssisələrinin tullantılarının 1 tonundan 40-80 kubmetr, meyvə və tərəvəz emalı müəssisələrinin tullantılarından isə 17-34 kubmetr bioqaz almaq mümkündür.
Cəmil Məlikovun sözlərinə görə, dövlətin bu sektora diqqət yetəriməsində məqsəd alternativ və bərpa olunan enerji mənbələrinin payının ümumi enerji istehsalında payının artırılması məqsədi dəyişir: "Sahənin inkişafını ya subsidiyalar, ya da xüsusi güzəştli kreditlərin hesabına təmin edəcəyik. Dünyada bu iki vasitədən istifadə edilir". Subsidiyalar bu üsulla istehsal edilən elektrik enercisinə və yüksək humuslu gübrəyə şamil ediləcək. "Əgər bərpa olunan enerci mənbələrindən istifadə artarsa, bunun nətiçəsi kimi təbii qazın yandırılması azalacaq. Daxili bazarda bu ehtyaca azaldıqca, Azərbaycanın ixrac potensialı artır. Yəni Azərbaycan bu yolla qənaət edilən təbii qazı daxili bazarda ucuz qiymətə satmayacaq və ixrac edəcək, bununla da ölkəyə daxil olan valyuta gəlirləri artacaq. Həmin gəlirləri də bərpa olunan enercinin istehsalı üçün subisidyalara yönəltmək olar", - deyə Cəmil Məlikov vurğulayır.
Çingiz Rüstəmov