Nazim İsmayılov Sabirabadda üsyan hazırlayır
Nazim İsmayılov Sabirabadda üsyan hazırlayır

İcra başçısı rayonu "yeni Quba" olmağa sürükləyə bilər

Srağagün əhali arasında ciddi narazılıqların hökm sürdüyü Sabirabad rayonunda maraqlı hadisə yaşanıb. Yerli icra başçısı Nazim İsmayılov narazı sakinlərin təkidlə onlarla görüşmək istəməsini qeyri-adi bir bəhanə ilə rədd edib. Bu barədə dünən sosial şəbəkələrdə yayılan məlumatlarda bildirilirdi.

Məlumatlara görə, Sabirabad rayonunun Əsgərbəyli, Axtaçı, Qasımbəyli, Muradbəyli kəndlərinin sakinləri 2010-cu il daşqınının nəticələrinin aradan qaldırılması üzrə işlərin gedişatından narazıdır. İlk növbədə ölkə rəhbərliyinin 5 may 2011-ci ildə sakinlərlə görüşdən sonra bu kəndlərdə yeni evlərin tikilməsi barədə verdiyi tapşırığın lazımi şəkildə yerinə yetirilməməsi narazılığa səbəb olur. Yerli icra hakimiyyəti dövlət rəhbərliyinin göstərişinin həyata keçirilməsinə soyuq münasibət sərgiləyir.
Onsuz da məlum Kür daşqınlarının fəsadlarının aradan qaldırılması ilə bağlı rayon rəhbərliyinin fəaliyyətindən kəskin narazılıq mövcuddur. Əhaliyəf ödənilməli olan təzminatın verilməsinə dair ilk gündən mövcud olan korrupsiya şübhələri sabirabadlıların icra başçısına olan inamını kəskin sarsıdıb. İndi rayonda yerli cam aatın bütün narazılıqları Nazim İsmayılova qarşı yönəlib.
Yuxarıda adları çəkilən kəndlərdə evlərin tikilməsi ilə bağlı ölkə rəhbərliyinin göstərişinin yerinə yetirilməməsi isə rayondakı narazılıqların yenidən baş qaldırmasını şərtləndirib. Sosial şəbəkələrdə yayılan məlumatlarda vurğulanır ki, camaatın təpkisini artıran əsas məqamlardan biri isə srağagün onların müraciətinə rayon icra hakimiyyəti başçısının qeyri-adi münasibət sərgiləməsi olub.
Belə ki, həmin gün bu kəndlərin 60-a yaxın sakini mayın rayon icra başçısı Nazim İsmayılovla görüşməyə cəhd ediblər. Sakinlərin israrlarına rəğmən bu, baş tutmayıb. Ən komiki isə odur ki, rayon rəhbərliyindən narazı vətəndaşlara bildirilib ki, rayon rəhbəri şair Mirzə Ələkbər Sabirin yubileyinə hazırlıqla məşğuldur. İcra başçısının müavini Həsən Həsənov şikayətçiləri inandırmağa çalışıb ki, İsmayılov gələn həftənin əvvəllərində onlarla görüşəcək. Amma icra başçısının növbəti həftə də narazı vətəndaşları qəbul edərək dinləyəcəyinə ümid azdır.
Onları dinləmək istəməməyi isə hansısa yubiley tədbiri ilə əlaqələndirmək gülməli görünür. Üstəlik, həmin yubiley böyük şairimiz Mirzə Ələkbər Sabirlə bağlıdır. Sabirin satirası həm də sadə insanların haqqını tapdayanlara, onların qayğılarını görməzdən gələnlərə, yalnız öz maraqları naminə çalışmağı üstün tutanlara yönəlib. Ona görə də indi Sabiri bəhanə edib problemlər burulğanında boğulan narazı vətəndaşları dinləməmək ən birinci eldə Sabirin ruhunu incidərdi.
Digər tərəfdən, Qubadakı məlum hadisələrin ilk bir ayında bütün icra başçıları kimi Nazim İsmayılov da rayondakı narazılıqlara xüsusi həssaslıqla yanaşır, problemi olan vətəndaşları dinləməyə can atır, özü belə narazılıqların olduqları kəndlərə gedirdi. Amma deyəsən, bu hadisələrin üstündən bir neçə ay keçməsi ilə təhlükənin sovuşduğunu görən İsmayılov əvvəlki idarəetmə üsuluna qayıdıb.
Halbuki unutmaq olmaz ki, insanların narazılıqlarını dinləməyəndə, onların şikayətlərinə ögey münasibət bəsləyib problemlərinin həllini bu həftədən o birinə, bu aydan o biri aya ötürəndə "Quba üsyanı" təhlükəsi də qaçılmaza çevrilir. Biz iddia etmirik ki, Nazim İsmayılov bunu bilmir, əlbəttə, bilir.
Sadəcə, xatırladaq dedik.
Azər Aslan