İradə Yaqubova: "-"ELS" Müstəqil Araşdırmalar Mərkəzi İctimai Birliyi noyabrın 1-də 118 seçki dairəsi, 1180 məntəqədə "exit-poll" tədqiqatı aparacaq"

Milli Məclisə keçiriləcək seçkilərə sayılı günlər qalıb. Artıq bir neçə dəfədir ki, ölkəmizdə keçirilən seçkilərdə "exit-poll" da təşkil olunur. "Exit-poll" əsasən ölkəmizdə bu sahə üzrə ixtisaslaşmış QHT-lər tərəfindən təşkil olunur. Belə təşkilatlardan biri də, "ELS" Müstəqil Araşdırmalar Mərkəzidir. Elə həmsöhbətimiz də, "ELS" Müstəqil Araşdırmalar Mərkəzinin sədri İradə Yaqubovadır.
-İradə xanım hazırda işləriniz hansı mərhələdədir?
-"ELS" Müstəqil Araşdırmalar Mərkəzi noyabrın 1-ə təyin olunmuş Parlament seçkilərində həyata keçirəcəyi "Ekzit-poll" tədqiqatı ilə bağlı hazırlıq işlərini davam etdirir. Hazırda "Ambassador Hotel"də tədqiqat zamanı istifadə olunacaq sənəd və ləvazimatların komplektləşdirmə işləri gedir. Dünəndən etibarən regionlara sənəd və ləvazimatlarıın göndərilməsi prosesi başlayıb.
-Noyabrın 1-dən neçə dairə və məntəqədə "exit-poll" keçiriləcək.
-"ELS" Müstəqil Araşdırmalar Mərkəzi İctimai Birliyi noyabrın 1-də 118 seçki dairəsi, 1180 məntəqədə "exit-poll" tədqiqatı aparacaq.
- "Exit-poll" hansı regionları əhatə edəcək?
- Naxçıvan Muxtar Respublikası istisna olmaqla "exit-poll" Azərbaycanın bütün rayonlarını əhatə edəcək…
-"Exit poll" keçirəcək kadrların hazırlıq səviyyəsi nə yerdədir?
-Hazırda "exit-poll" keçirəcək kadrların təlimləri başa çatıb və dünəndən etibarən rayonlara müvafiq sənədlərin və ləvazimatların göndərilməsi başlayıb.
-Bu işə nə qədər kadr cəlb olunub?
-Milli Məclisə seçkilərlə əlaqədar "exit-poll"un keçirilməsinə 2600-ə qədər kadr cəlb olunacaq. Kadrlar könüllülük prinsipləri ilə fəaliyyət göstərir.
- "Exit-poll"-un maliyə dəstəyini hansı sosial institut dəstəkləyir?
-"Exit-poll" "Trend" İnformasiya Agentliyinin maliyyə və informasiya dəstəyi ilə keçiriləcək. Bununla bağlı "ELS" Müstəqil Araşdırmalar Mərkəzi ilə "Trend" İnformasiya agentliyi arasında müqavilə imzalanıb və "exit-poll"un təşkili üçün 33 min manat ayrılıb.
-Ümumiyyətlə maraqlıdır, "Exit-poll" keçirmək üçün qaydalara əsasən hansısa quruma müraciət olunurmu?
-Bəli, Mərkəzi Seçki Komissiyasına müraciət etmişik. Mərkəzi Seçki Komissiyasının oktyabrın 1-də keçirilən iclasında "ELS" Müstəqil Araşdırmalar Mərkəzinin Milli Məclisə noyabrın 1-də təyin edilmiş seçkilərdə "exit-poll" keçirilməsi ilə bağlı müraciətinə baxılıb və müraciətlə bağlı müsbət qərar qəbul edilib.
-Sizin Mərkəzin "Exit-poll"la bağlı təcrübəsi böyükdür…
-Bizim Mərkəz 2008-ci ildə prezident seçkiləri, 2009-cu ildə referendum və bələdiyyə seçkiləri, 2010-cu ildə parlament, 2013-cü ildə prezident seçkiləri zamanı "exit-poll" tədqiqatını həyata keçirib. Bu müddətdə Mərkəz "exit-poll" sahəsində təcrübəsini ilbəil artırıb. Hər dəfə də nəticələr seçkilər bitdikdən sonra 1 saat ərzində ictimaiyyətə çatdırılıb. Toplanmış anketlərin işlənilməsi nəticəsində praktiki vəsaitlər də nəşr edilib.
-Başqa hansısa yenilik olacaqmı?
-1 noyabr parlament seçkilərində keçiriləcək "exit-poll" 2010-cu ildə keçirdiyimiz "exit-poll"dan seçim və sayına görə fərqlənmir. Hər seçki dairəsində ortalama 10 məntəqə götürməklə 1180 seçki məntəqəsində "exit-poll" tədqiqatı aparılacaq. Seçimə düşən hər bir seçki məntəqəsində bizim iki intervüyerimiz "exit-poll" tədqiqatını aparır. Orta hesabla hər 3-4 seçki məntəqəsinə 1 supervayzer, yəni intervüyerlərin işinə nəzarət edən şəxs təhkim olunur. "ELS" Müstəqil Araşdırmalar Mərkəzi İctimai Birliyinin 1180 seçki məntəqəsində "exit-poll" keçirəcəyini nəzərə alsaq, ümumilikdə 2360 intervüyer, təxminən 200 nəfərə yaxın da supervayzer prosesə cəlb olunub. Seçki günündən təxminən 3 ay öncədən biz ilk növbədə intervüyer və supervayzerlərin seçimini aparırıq. Seçimlər aparıldığından artıq bütün Azərbaycan üzrə intervüyer və supervayzerlərin təlimlərini başa çatdırmışıq. Təlimlərdə seçki günü "exit-poll" tədqiqatını hansı formada aparmaları və sair məsələlər izah olunub. Həm intervüyer və supervayzerlərin seçim mərhələsində, həm də onlara təlimlərin keçirilməsi prosesində hər hansı çətinliklə üzləşməmişik. Çünki bu günə qədər keçirilən bütün "exit-poll"larda iştirak edən intervüyer və supervayzerlərimizin əksəriyyəti yenidən bizimlə işləmək istədiklərini bildiriblər.
-İradə xanım dünyada "Exit-poll"un keçirilmə tarixi nə vaxta təsadüf edir?
- Məxsusi olaraq sorğuların keçirilmə tarixi XIX əsrin əvvəllərinə təsadüf edir. Maraqlı tərəfi burasıdır ki, bu sorğuları keçirən məhz jurnalistlər olub. O zaman sorğu anketləri açıqca şəklində qəzetlərə abunə olan insanların poçt ünvanlarına göndərilib. 1880-ci ildə belə sorğu-anketlərin sayı 3 milyonu ötürdü. Bütün bunlar yalnız ictimai rəyi öyrənməyə xidmət edirdi. Seçicilərin rəyini öyrənmək məqsədilə isə ilk "saman" sorğuları adlanan sosioloji tədqiqatlar hələ XIX əsrdə keçirilib. Bundan sonra uzun müddət sorğular seçki ərəfəsində keçirilib. Lakin bu, müəyyən xətalarla müşayiət olunub. Belə ki, bəzən seçkilərdən bir neçə gün əvvəl baş verən hadisələr seçicilərin rəyinə təsir göstərdiyi halda, sorğular bunu nəzərə almırdı. Nəticədə verilən proqnozlar səhv olurdu. Səbəb sorğu ilə əhatə olunanların müəyyən hissəsinin heç də real seçici olmamaları, yəni seçki günü səs verməmələri idi. Baxmayaraq ki, sorğu zamanı onlar səs verəcəklərini və seçdikləri namizədin adını göstərirdilər. Bundan başqa rəyi soruşulanların bir hissəsi öz seçimini hələ etmədiklərindən sualları cavablandıra bilmirdi. Təcrübə onu göstərir ki, real seçicilərin rəyini öyrənmək yalnız seçki günü seçki məntəqələrində mümkündür. Beləliklə tədricən məhz bu gün bütün dünyada geniş tətbiq olunan seçki günü seçki məntəqələrinin çıxışında səs vermiş seçicilərin rəy sorğusu exit-poll həyata keçirilməyə başlanıb. İlk dəfə səs vermiş seçicilərin rəy sorğuları ABŞ-da televiziya kanalları tərəfindən 1960-cı illərdə tamaşaçıları seçkilər barədə maksimal dərəcədə operativ məlumatlandırmaq məqsədilə icad olunub. Sonradan bu tədqiqat seçkilərin KİV-də işıqlandırması üsullarından ən əhəmiyyətlisinə çevrilib. 1972-ci ildə isə ABŞ-ın bütün seçki dairələrində ilk müasir exit poll keçirilib. Hazırda da bu tədqiqat çox geniş yayılıb. Meksikadan tutmuş Yaponiyaya kimi, hətta 1990-cı illərdən etibarən Rusiya, Ukrayna, Gürcüstan və MDB məkanındakı digər ölkələrdə də exit-poll tətbiq edilir. Azərbaycanda bu tədqiqatın keçirilmə tarixi XXI əsrin ilk illərinə təsadüf edir. Sovetlər Birliyi dövründə və müstəqilliyimizi ikinci dəfə bərpa etdikdən sonra baş verən seçki proseslərində exit-poll sorğusundan istifadə edilməyib. Yalnız 2003-cü ildə ölkədə keçirilən prezident seçkilərində "Şəffaf seçkilər" İctimai Birliyi tərəfindən ilk dəfə exit-poll keçirilib. Bunun ardınca 2004-cü ilin bələdiyyə seçkilərində "Şəffaf seçkilər" İctimai Birliyi və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası iki seçki dairəsində exit poll keçirib. 2005-ci ilin parlament seçkilərində isə artıq bir neçə exit-poll keçirilib. Beləliklə də exit-poll ölkəmizdə seçkiləri müşayiət edən, seçkilərin demokratik keçirilməsini və legitimliyini qiymətləndirməyə imkan verən bir vasitəyə çevrilib. "ELS" Müstəqil Araşdırmalar Mərkəzi isə 2008-ci ildə prezident seçkiləri, 2009-cu ildə referendum və bələdiyyə seçkiləri, 2010-cu ildə parlament seçkiləri zamanı exit-poll tədqiqatını həyata keçirib. Nəticələri seçkilər bitdikdən sonra 1 saat ərzində geniş ictimaiyyətə çatdırıb. Üstəlik, toplanmış anketlərin işlənilməsi nəticəsində praktiki vəsaitlər də nəşr edilib.
-Milli Məclisə keçiriləcək seçkilərə sayılı günlər qalıb. Sizin Mərkəzin keçirəcəyi "Exit-poll"un nəticələri ictimaiyyətə nə vat açıqlanacaq?
-Seçki günü keçiriləcək "exit-poll"la bağlı prosedurlar barədə məlumat vermişik. "Exit-poll"un nəticələri saat 20:00-a qədər açıqlanacaq.