Bir neçə gündən sonra Azərbaycan parlament seçkiləri keçirəcək. Artıq seçkilərlə bağlı lazımi işlər görülüb və beynəlxalq müşahidəçilər də Bakıya gəlməyə başlayıb. Bunu da qeyd edək ki, seçkiöncəsi bir sıra beynəlxalq təşkilatlar Azərbaycanda gərginlik yaratmağa çalışdılar və bu gərginlik əslində Azərbaycanda dövlət quruculuğuna ağır zərbələr vurmalı idi.
Necə ki, Yaxın Şərqdə, Ukraynada bunun nümunəsini gördük. Amma bir müddət öncə prezident İlham Əliyev açıq şəkildə bəyan etdi ki, bir sıra xarici qüvvələr Azərbaycana zərbə vurmaq istəyir və bunun qarşısı qətiyyətlə alınmalıdır. Çox uğurlu hal oldu ki, Azərbaycan xalqı və vətəndaş cəmiyyətləri hakimiyyətin yanında dayandılar və bu qüvvələrin hərəkət etmək imkanları tükəndi. Xarici qüvvələr hərəkətə keçən kimi ilk olaraq vətəndaş cəmiyyətinin liderləri bir araya gəldilər və bu qüvvələrə açıq şəkildə bəyan etdilər ki, onlar üçün ən müqəddəs əməl Azərbaycanın dövlət quruculuğunu qorumaqdır. Bu isə sübut etdi ki, Azərbaycanda bir monolitlik var və bu monolitliyin kökündə Azərbaycanın dövlət quruculuğu konsepsiyası dayanır. Görünür bunu nəzərə alan kənar qüvvələr ölkədaxili qüvvələrdən əl çəkərək Azərbaycana zərbəni kənardan vurmağa çalışdılar. ATƏT, Avropa Parlamenti kimi qurumlar heç bir əsas olmadan Azərbaycana qarşı basqıları artırdılar və dünya ictimaiyətində Azərbaycanla bağlı mənfi rəy yaratmağa çalışdılar. Amma nə qədər cəhdlər etsələr də bu cəhdlər baş tutmadı və Azərbaycan diplomatiyası əsl reallığı ortaya çıxara bildi. Elə akademik Ramiz Mehdiyevin son məqaləsində də bu oyunların iç üzünü lazımi qədər ifşa edə bildi.
"Avropa siyasətində ikili standartlarla bağlı vəziyyəti ölkəmizin tənqid ilə əlaqədar hər bir faktda görmək olar. İddia edirlər ki, bizim ölkədə məhbuslara münasibət pisdir. Lakin əgər belədirsə, onda Mərkəzi Kəşfiyyat İdarəsinin gizli fəaliyyəti barədə böyük hay-küyə səbəb olmuş məruzədə müsəlman ölkələrindən olan məhbusların qapalı həbsxanalarda məhkəməsiz və istintaqsız saxlanması, onlarla qeyri-insani rəftar, bu adamlara amansız işgəncələr verilməsi nə üçün müstəqil təhqiqat obyekti olmayıb?".Bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri , Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyev "Azərbaycan" qəzetində dərc olunmuş "Avropa strukturlarının deqradasiyasının mənbələri haqqında və ya Azərbaycana münasibətdə ikili standartlar siyasəti" məqaləsində yazıb. R. Mehdiyev bildirib ki, bu məqamda BMT İnsan Haqları Komissiyasının 2010-cu il üçün məruzəsini xatırlamaq yerinə düşər. Həmin məruzədə dünyanın hər yerində ABŞ-ın gizli həbsxanalarının sayından, orada məhbusların adi hüquqlarına riayət edilməməsindən bəhs olunur. Məhbuslar bu həbsxanalarda məhkəməsiz və istintaqsız saxlanılır, onlara qarşı qadağan olunmuş işgəncələr tətbiq edilirdi: "Məruzədəki dəhşətli faktlar Avropa İnsan Haqları Konvensiyasına birbaşa ziddir. Bu məqamda BMT İnsan Haqları Komissiyasının 2010-cu il üçün məruzəsini xatırlamaq yerinə düşər. Həmin məruzədə dünyanın hər yerində ABŞ-ın gizli həbsxanalarının sayından, orada məhbusların adi hüquqlarına riayət edilməməsindən bəhs olunur. Məhbuslar bu həbsxanalarda məhkəməsiz və istintaqsız saxlanılır, onlara qarşı qadağan olunmuş işgəncələr tətbiq edilirdi.
2010-cu il üçün olan məlumata görə dünyada 19 belə həbsxana vardır. Bunların bəziləri Polşa, Litva, Bosniya və Herseqovina, Rumıniya və digər Avropa dövlətlərində yerləşirdi. Avropa Şurasının baş katibi Terri Devis hələ 2005-ci ildə Aİ ölkələrinə həmin dövlətlərdə gizli həbsxanalar olub-olmaması barədə sorğu göndərib.
Təhqiqat göstərdi ki, Bosniya və Herseqovinada, İtaliya, Makedoniya və Polşada gizli həbsxanalar mövcuddur. Bəs Brüssel haraya baxırdı? Məgər müttəhimlərin məhkəməsiz və istintaqsız saxlanması, onlara qarşı işgəncələr tətbiq edilməsi insan haqlarının pozulması deyilmi? Lakin ikili standartlar siyasətinə tam müvafiq olaraq dünya bu qalmaqallı faktlar barəsində ədaləti görə bilmədi. Adları çəkilən ölkələr "dövlət sirri" və "milli təhlükəsizlik" bəhanəsi ilə vəzifəli şəxslərin hüquqazidd əməllərdə əli olmasını gizlətdilər. Əlbəttə, avropalıları başa düşmək olar: öz "ağrılı yerlərini" ümumi müzakirəyə çıxarmaq o qədər də xoşagələn məsələ deyil. Amma Azərbaycanı dünya ictimaiyyətinin nəzərində hörmətdən salmaq çox maraqlıdır. Bu gün ölkədəki bəzi "jurnalistlər" və "fəallar" Qərb qüvvələri tərəfindən dəstəklənmələri sayəsində özlərini "azadlıq uğrunda mübarizlər" kimi qələmə verirlər, hərçənd onlardan bəzilərinin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə tamamilə ziddir. Qərb diplomatları fürsət düşən kimi onların "cəsurluğunu" və demokratiya uğrunda mübarizə apararkən hansı çətinliklərlə üzləşməli olduqlarını xatırladırlar. Bəzi hallarda "beşinci kolon"un bu nümayəndələrini hətta müəyyən "hüquq müdafiəsi" mükafatlarına təqdim edir, onların "haqq işi uğrunda" mübarizəsi üçün mifik baza yaradırlar, amma Azərbaycanın iyirmi ildən artıq müddətdə haqq işi uğrunda öz gücü ilə mübarizə aparmasını heç kəs görmür". Əslində çox maraqlı bir proses də bu oldu ki, bütünlüklə Azərbaycan xalqı bu tip beynəlxalq əşkilatlara inamsızlıqlarını nümayiş etdirdilər. İstər iqtidara, istər müxalifətə simpatiyası olan hər kəs, o cümlədən vətəndaş cəmiyyətləri beynəlxalq qurumlardan bir məsələnin hesabını sordular; nədən bu günə qədər Dağlıq Qarabağ probleminin həlli istiqamətində bir addım belə atılmayıb? Halbu ki, Ukrayna məsələlərinə görə Qərb az qala Rusiyaya müharibə elan edirdi. Amma Dağlıq Qarabağ məsələsi yadlarına düşmür və zaman-zaman bu problemdən sadəcə olaraq şantaj xarakterdə istifadə edirlər.
Elə prezident İlham Əliyev də bu məsələyə sərt münasibətini açıqladı.Belə ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri Pyer Andryönu (Fransa), İqor Popovu (Rusiya), Ceyms Uorliki (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.Görüşdə prezident İlham Əliyev bildirdi ki, Ermənistan rəhbərliyi təxribatlardan əl çəkmir. Keçən ilin oktyabrında prezidentlərin Paris danışıqlarından iki həftə keçməmiş Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində genişmiqyaslı hərbi təlimlərə başlamışdır. Ermənistan silahlı qüvvələrinə məxsus döyüş helikopterləri Azərbaycanın mövqelərinə hücumlar etmişdir. Azərbaycan tərəfi bir neçə gün buna cavab verməmişdir. Nəhayət, davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri həyata keçirən Ermənistan silahlı qüvvələrinin hərbi helikopterləri açıq şəkildə mövqelərimizə atəş açmağa cəhd etdikləri zaman məhv edilmişdir.
Dövlətimizin başçısı daha sonra qeyd etdi ki, bu ilin sentyabrında Ermənistan silahlı qüvvələrinin diversiya qrupunun ərazimizdə təxribat törətmək cəhdlərinin də qarşısı alınmış və işğalçılar xeyli sayda itki vermişlər. Prezident İlham Əliyev bildirdi ki, bütün bu təxribatlara görə Ermənistan prezidenti Serj Sarkisyan məsuliyyət daşıyır.
Dövlətimizin başçısı vurğuladı ki, Ermənistan hazırda regionda böyük təhlükə mənbəyinə çevrilib. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən dinc əhaliyə mütəmadi olaraq atəş açır, hətta toy məclislərində iştirak edən insanlar belə atəşə tutulur və nəticədə mülki əhalimiz arasında itkilər olur. Azərbaycan tərəfi bu cür təxribatlara cavab verdikdə isə bizi günahlandırırlar. Prezident İlham Əliyev təəssüf hissi ilə vurğuladı ki, beynəlxalq ictimaiyyət və xüsusilə də vasitəçilər Ermənistan tərəfinin bu azğınlaşmış hərəkətlərinə adekvat reaksiya vermirlər. Azərbaycan prezidenti bildirdi ki, bütün bunlar azmış kimi, bu yaxınlarda diktator Sarkisyan rejimi yeni bir siyasi təxribata əl atmış, Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi olduğunu bildirmişdir. Bu, dözülməz, hətta Ermənistanın rəsmi mövqeyinə belə zidd olan bəyanata da, əfsuslar olsun ki, vasitəçilər tərəfindən heç bir cavab verilməmişdir. Dövlətimizin başçısı vurğuladı ki, bütün bunlar Azərbaycan tərəfində böyük təəssüf hissi doğurur və vasitəçilərin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı missiyasına kölgə salır.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparıldı. Beləliklə bir daha aydın oldu ki, Azərbaycanda dövlət quruculuğunun tək qarantı Azərbaycan xalqının inandığı prezident İlham Əliyevdir və kənar heç bir qüvvə Azərbaycana təzyiq edə bilməz.