İsmət Abbasovun adı "qara siyahıda"
İsmət Abbasovun adı "qara siyahıda"

Hidayət Orucovdan sonra kənd təsərrüfatı nazirinin də işdən çıxarılacağı xəbəri yayılıb

İki gün öncə ölkə başçısının sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov işdən çıxarıldı. Onun yerinə isə Elçin İsgəndərov təyin olunub. Bu barədə qəzetimizə verilən məlumatlarda vurğulanırdı ki, İsgəndərov birbaşa Şeyxin adamıdır və Orucovun işdən çıxarılması da məhz tərəflər arasındakı konfliktdən irəli gəlib.
Lakin hakimiyyətiçi mənbələr prosesin bununla yekunlaşmayacağını bildirirlər. Onlar qeyd edirlər ki, artıq komanda daxilində bəzi dəyişikliklərin edilməsi üçün start düyməsi basılıb. Həmin vəzifə dəyişiklikləri isə bir neçə iri çinli məmuru əhatə edə bilər.
Etibarlı mənbələrdən "Unikal"a daxil olan məlumatlarda qeyd olunur ki, prezident gələn həftənin əvvəlindən etibarən daha bir naziri və bir neçə komitə sədrini vəzifəsindən azad etməsi ilə bağlı sərəncam imzalayacaq. İnformasiyada vurğulanır ki, işdən çıxarılacaq nazirlər sırasında ilk sırada kənd təsərrüfatı naziri İsmət Abbasov dayanır. Bildirilir ki, Abbasovun adının ilklər sırasına düşməsinin səbəbi ondan olan narazılıqların həddindən artıq çox olması, bəzi oyun qaydalarını pozması və bir çox məmurlarla yola getməməsidir. Bundan başqa, KTN başçısının bəzi biznes sahələri vasitələri dövlətin bəzi sahələrinə ciddi zərər vurduğu da qeyd olunur. Deyilir ki, İsmət Abbasov bir neçə dəfə bununla bağlı xəbərdar edilsə də, xeyri olmayıb. Yəni, o, xəbərdarlıqdan nəticə çıxarmayıb.
Onunla bağlı bir başqa məlumat isə ondan ibarətdir ki, son dövrlər kənd təsərrüfatının vəziyyətinin pisləşməsində naziri günahkar bilirlər. Fermerlərə ödənilən subsidiyaların ünvanına çatmaması, onların fermerlərə "şapka" alınaraq verilməsi kimi məlumatlar da nazirin əleyhinə işləyib. Mənbə bildirir ki, bununla bağlı Prezident Admnistrasiyasına daxil olan şikayətlərin sayı o qədər çoxdur ki, artıq Abbasovla bağlı gələn şikayətləri bir kənara qoyurlar. Rəsmi dairələr isə hər dəfə KTN başçısını bu barədə xəbərdar edirlər ki, problemləri aradan qaldırsın. Amma hər dəfə deyilənlərin icra olunmadığı məlum olur ki, bu da yuxarıların qəzəblənməsinə səbəb olub.
Bildirək ki, İsmət Abbasovla bağlı məsələ xeyli əvvəldən gündəmi zəbt etmişdi. Mətbuat orqanları nazirin bir çox biznes sahələri haqqında məlumatlar yayaraq, onun hətta bir çox məmurlarla yola getmədiyini vurğulayırdılar. Lakin onun işdən çıxarılma məsələsinin gündəmə gəlməsi indiki qədər ciddi şəkildə mənbələr tərəfindən təsdiqlənmirdi. Görünür, artıq yuxarı dairələr də onun əlindən bezərək, barəsində qəti addımlar atmaq qərarına gəliblər. Ona görə də, yaxın günlərdə İsmət Abbasovun işdən çıxarılacağını bildirirlər.
Cavid Qarabağlı