Qərib Məmmədov çıxılmaz vəziyyətdə
Qərib Məmmədov çıxılmaz vəziyyətdə

Komitənin yerli şöbə müdirlərinin rayonlarda yaratdığı qalmaqallı torpaq problemləri onun üçün ciddi başağrısına çevrilib

Son dövrlər ölkənin əksər rayonlarında əhaliyə məxsus torpaq sahələrinin zorla əllərindən alınaraq, xarici ölkə vətəndaşlarına icarəyə verilməsi geniş vüsət alıb. Torpaq biznesi kimi ad çıxarmış bu məsələ ilə bağlı dəfələrlə mətbuatda yazılar getsə də, hələlik problemin qarşısı alınmayıb. İnsanlar isə halal torpaqlarının zorla əllərindən alınmasına etiraz edir və rəsmi qurumlardan bununla bağlı tədbir görməsini tələb edir.
İndiki həssas məqamda elə ən həssas məsələnin üzərinə gedən dövlət qurumu isə Torpaq və Xəritəçəkmə Komitəsidir. Belə ki, komitənin yerli şöbələri əhalinin üzərinə hücuma keçərək, onların istifadəsində olan sahələri əllərindən almaqla məşğuldurlar. Artıq ilkin problemlər Masallı, Biləsuvar, Yardımlı və Astarada qeydə alınıb. Bu barədə redaksiyamıza çatan məlumatlarda vurğulanır ki, Masallıda komitənin yerli şöbəsinin müdiri Hamil Hadıyevlə kənd əhli arasında ciddi toqquşma yaşanır. Rayonun ondan artıq kəndində torpaq böhranı yaşanır və buna etiraz əlaməti olaraq aksiyaların keçirilməsi gözlənilir.
Biləsuvarda isə durum bir qədər fərqlidir. Məsələ belədir ki, rayonun icra başçısı Mahir Quliyev əkin sahələrini ələ keçirməklə məşğuldur. Hətta bu yaxınlarda məlum olmuşdu ki, icra başçısı rayonda böyük bir ərazhini ələ keçirərək, orada qarpız, yemiş, sarmısaq və digər kənd təsərrüfatı məhsulları əkməkdədir. Əhaliyə məxsus olan bu torpaqların zəbt olunmasına isə Torpaq və Xəritəçəkmə Komitəsinin yerli şöbəsi imza atıb. Son məlumatlara görə, Mahir Quliyevin bu hərəkətlərindən bezən rayon sakinləri bir neçə dəfə icra başçısını xəbərdar ediblər. Ona çatdırıblar ki, həmin torpaqları özləri də əkə bilərlər və bu səbəbdən də əraziləri geri qaytarmalıdır. Əks təqdirdə, fermerlər Biləsuvarın mərkəzində etiraz aksiyası keçirəcəklər.
Astarada isə bu məsələ Qəzənfər Ağayev icra başçısı təyin olunandan sonra "xortlayıb". Bizdə olan məlumata görə, başı İranla ticarətə qarışmış yerli əhali torpaq sahələrindən geniş istifadə etmir. Ona görə də, istifadəsiz qalmış torpaqlarda bir neçə ildir əkin-biçin işləri aparılmır. Amma son günlər İranla sərhəddə yaşanan problemlər səbəbindən kəndlilər yenidən torpaq əkib-becərməsinə dönüblər. Ancaq ərazilərinin əllərindən çıxmasını görərək, çıxılmaz vəziyyətə düşüblər.
Rayon sakinləri deyir ki, Qəzənfər Ağayevin icra başçısı təyin olunmasından sonra meydana çıxan məsələdə yerli torpaq şöbəsi müdirinin əli var. Onlar qeyd edirlər ki, şöbənin müdiri yeni icra başçısı ilə anlaşaraq, həmin torpaq sahələrini öz məqsədləri üçün istifadə etməyə başlayıblar. Bir neçə aydın davam edən proses isə əhali arasında ciddi narazılıq yaradıb. Hətta astaralılar bununla bağlı Qərib Məmmədova dəfələrlə müraciət edərək, ondan özbaşınalığın qarşısını almağı tələb ediblər.
Komitə sədri isə hər gün ünvanına daxil olan çoxlu sayda şikayətlərə əvvəlcə əhəmiyyət vermədyiindən, indi başı ciddi şəkildə ağrımağa başlayıb. Bu barədə verilən məlumatlarda deyilir ki, Qərib Məmmədov problem böyüyüb, etiraza çevrildikdən sonra ayılıb. İndi isə tədbir görmək üçün addımlar atmaq istəyir. Amma onun qarşısını kəsən bir sıra maneələr peyda olub. Həmin maneələr də onun yerli şöbələrinin rəhbərlərinin komitə sədrinin sözlərinə qulaq asmamasıdır.
Belə ki, Qərib Məmmədovun təqdimatı ilə rayonlara şöbə müdiri təyin olunan şəxslər yerli icra başçıları ilə torpaq məsələsində şərik olduqlarından onlara söz demək olmur. İcra başçıları tərəfindən ciddi cəhdlə müdafiə olunan həmin şöbə müdirlərini işdən çıxarmaq da problemə çevrilib. Çünki torpaq şöbəsinin müdirləri yerli icra başçılarına arxalanır və onların əmri ilə işdən çıxarılacaqlarını bildiklərdən komitəyə tabe olmaqdan qorxmurlar.

Namiq Əlibəyli