Müsavatın


Arif Hacılıya qarşı sərt ittihamlar irəli sürüldü

Müsavat Partiyasının Cəlilabad rayon təşkilatının üzvü Ramil Sadıqlının partiya sıralarından qovulması təşkilatda ciddi çalxalanmaya səbəb olub.
Müşahidələr göstərir ki, partiyadan qovulan şəxslər sona qədər mübarizə aparmaqda israrlıdırlar. Onlar başqan Arif Hacılının iradəsi ilə tətbiq olunan cəza tədbirlərinə qarşı çıxmaq, bu haqda cəmiyyətə informasiya ötürmək və Müsavatda narazı təbəqəni təşkilatlandırmaq fikrindədirlər.
Müsavatdan qovulan Ramil Sadıqlı dünən də Arif Hacılıya qarşı ittihamlar irəli sürüb.
R.Sadıqlı qeyd edib ki, cəza tədbirindən sonra onu reket jurnalist qismində cəmiyyətə təqdim etməyə çalışırlar: "Mənim partiyadan xaric olunmağımın səbəbini niyə təhrif edib yanlış istiqamətə yönəldir və bununla da guya dostlarımızı aldadırsınız? Axı sizin buna nə ixtiyarınız çatır? Hansı haqla Müsavatda bu illər ərzində göstərdiyim xidmətlərin üzərindən xətt çəkir və məni reket jurnalist kimi cəmiyyətə "təqdim" edirsiniz? Sizin vicdanınız varmı? Təbii ki, yoxdur. Əgər vicdanınız olsaydı, adi siyasi etik normalara riayət edərək məni şantaj etməkdən çəkinərdiniz. Hamı bilir ki, mən Azərbaycan Demokratiya və Rifah Hərəkatının Cəlilabad rayon təşkilatını təsis etdikdən sonra, burada ADR-çilərə qarşı səlib yürüşü başladı. Çünki biz bu addımımızla Arif Hacılının qəzəbinə tuş gəldik. Onun qəzəbinə tuş gələnlərin sonuncusu şəxsən mən oldum. Bir neçə gün əvvəl sosial şəbəkədə yazdığım statusum sizi açmadı. Başqa sözlə, tənqidə dözümünüz olmadı. Siz son bir ildə bircə Qubad İbadoğlunu həzm edə bilmədiniz. Məni isə imkanınız olsaydı, güllələyərdiniz. Amma məni yaxşıca xərclədiniz və sonradan partiyadan ədalətsiz formada qovdunuz. Sizə dil verən şəxs Müsavatın sonuncu qurultayından sonra partiyanı özfəaliyyət dərnəyinə çevirən Arif Hacılıdır. Hamınız bir-birinizin tayısınız. Əsl reket sizsiniz. Reket olmasaydınız, bütün qərarlara təsir edib onları qəbul etdirməzdiniz. Əgər dediyiniz kimi mən reketçiliklə məşğulamsa, nədən illərdir kirayələrdə qalıram?"
Müsavatda qarşıdurma bununla bitmir. "Ağ Blok"un nümayəndəsi Tural Abbaslı partiya yaradacaqlarına dair bəyanat verdikdən sonra Müsavatın Mərkəzi Nəzarət Təftiş Komissiyası təşvişə düşüb. MNTK sədri Sevinc Hüseynova bəyan edib ki, Müsavat başqanlığına sabiq namizəd Tural Abbaslı da daxil olmaqla, bəzi Müsavat üzvlərinin təsis etdiyi "Ağ Blok" partiyaya çevriləcəksə, bu şəxslər Müsavatdan çıxarılacaq: "Belə bir hadisə baş verərsə, bu məsələ təbii ki, araşdırılacaq. Başqa partiyada təmsil olunan adamlar Müsavat Partiyasından çıxarılacaq. Müsavat Partiyasının üzvü digər partiyada təmsil oluna bilməz".
Tural Abbaslı isə deyib ki, partiyadan çıxarılacağı barədə fikirlər onu əsla narahat etmir. Çünki son bir ildə onsuz da Müsavatın yeni rəhbərliyi əsasən üzvləri partiyadan çıxarmaqla məşğuldur: "Məhz son 1 ildə Müsavat kifayət qədər zəifləyib. Bunun səbəbi isə indiki rəhbərlikdədir".
Cavidan