Azərbycanda

Delta Telecom telekommunikasiya provayderinin xətlərində baş vermiş güclü yanğın ölkə ərazisində internetin kəsilməsinə səbəb oldu

Noyabrın 16-da saat 16.30-dan sonra Azərbaycan məkanında internet çöküb. Ölkənin demək olar ki, əksər aparıcı internet provayderlərinin abunəçilərə verdiyi internet kəsilib.
Rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Mushfiq Əmirov respublikada yaranmış internet problemini Delta Telecom-dan qaynaqlandığını bildirib. Onun sözlərinə görə, Delta Telecom telekommunikasiya provayderinin xətlərində baş vermiş güclü yanğın ölkə ərazisində internetin kəsilməsinə səbəb olub. Hadisə yerinə çağırılan Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri alovu söndürüblər.
Hazırda kabellərin bərpası istiqamətində iş aparılır. Rabitə və yüksək texnologiyalar nazirinin əvəzi İltimas Məmmədov da hadisə yerinə gedib. Axşam saatlarında internetin bərpa olunacağı gözlənilir. Müşfiq Əmirov hadisənin təxribat olub-olmadığının araşdırıldığını vurğulayıb.
Rabitə və yüksək texnologiyalar nazirinin əvəzi İltimas Məmmədov "Delta Telecom" şirkətinə gedib və ölkəni internetsiz qoyan qəzanın səbəblərini araşdırır. Digər məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət xüsusi qrup da "Delta Telecom" şirkətinə gedib. Onlar da bu gün provayder şirkətinin xətlərində baş vermiş yanğının səbəblərini araşdırmaqla məşğuldur. Yanğının səbəblərinə dair hələ konkret versiya yoxdur.
"Bu cür fors-major halları üçün çıxış yolu nəzərdə tutulmalı idi. İnternetin bu cür-tamamilə sıradan çıxmasına yol verilməməliydi". Bunu "Azadlıq" radiosuna Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib: Onda olan məlumata görə, "Delta Telecom" hazırda yanğının fəsadlarını aradan qaldırmağa çalışır. Azərbaycanda internetə çıxış qismən bərpa olunub. Bununla belə, ölkə ərazisində əksər saytlara giriş mümkün deyil. Eyni zamanda internetin sürəti də olduqca zəifdir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, ölkəni internetlə təmin edən "Delta Telekom" şirkətində yanğın baş verib və bütün zəruri avadanlıqlar zədələnib.