Azərbaycanın dövlətçilik ənənələrinə sadiq qalması regionun əsas gücünə çevrilməsinə şərait yaradır

Son günlər Rusiya Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus "Su-24M" tipli bombardmançı döyüş təyyarəsinin noyabrın 24-də Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" tipli təyyarəsi tərəfindən vurulması və komandir Peşkovun həlak olması, şturman Muraxtinin yaralanmasından sonra regionda ümumi durum dəyişib.
Belə vəziyyətdə narahatverici məqamlardan biri də bu idi ki, Azərbaycan proseslərə cəlb oluna bilər. Amma baş verənlər açıq şəkildə sübut etdi ki, Azərbaycanın öz dövlətçilik ənənələri var və prezident İlham Əliyev Azərbaycanda hüquqi dövlət quruculuğunu hər şeydən öndə tutur. Baş verənlər bir daha sübut etdi ki, Azərbaycanla artıq bütün tərəflər razılaşır. Elə bu səbəbdən Azərbaycan rəsmiləri bəyan etdilər ki, ölkəmiz Türkiyə və Rusiya ilə dostluq əlaqələrini qoruyub saxlayacaq və tərəflərin barışdırılmasına hazırdır. Bu isə sübut edir ki, Azərbaycan həqiqətən regionda ciddi bir qüvvəyə çevrilib. Amma baş verən proseslərdə başqa təhlükəli məqam ortaya çıxıb. Belə ki, hadisələrin gərginləşməsinə görə Ryusiya Ermənistanla əlaqələrini daha da ciddiləşdirə bilər ki, bu da özlüyündə Azərbaycan üçün problemlər yarada bilər. Söhbət isə ilk növbədə Rusiyanın qondarma erməni "soyqırımı"nı tanıması ola bilər. Bununla bağlı politoloq Mübariz Əhmədoğlu maraqlı açıqlama verib. Su-24 təyyarəsinin Türkiyə tərəfindən vurulması Rusiyada bütün cəmiyyəti anti-Türkiyə əhval-ruhiyyəsinə köklədi. Rusiya ilə Türkiyə arasında ziddiyyətin mənbəyi "erməni soyqırımı" məsələsindədir. "Erməni soyqırımı"nı tanıyan Rusiya indi "erməni soyqırımı"nın tanınmamasına məsuliyyət müəyyənləşdirməklə iki ölkə rəhbərliyinin arasındakı indiki gərginliyin gələcək zamana ekstrapolyasiya edir. İki ölkə arasında indiki gərginliyin bünövrəsi Rusiyanın "erməni soyqırımı"nın 100 illiyində əndazəni asan iştirakı zamanı qoyuldu.
M.Əhmədoğlu bildirib ki, erməni kartı Rusiyanın əleyhinədir və gələcəkdə də belə olacaq: "Ermənilərin Qərb dünyasındakı dəyəri onların anti-rusiyaçılığı ilə ölçülür. Biz ermənilərin tarixdə olan digər anti-rusiyaçılığını, SSRİ-nin dağılmasındakı iştirakını və s. yada salmaq istəmirik. Bir şey aydındır ki, ermənilər rusları çox asanlıqla aldada bilirlər. Rusiya Ermənistanın anti-qərbçiliyini maliyyələşdirmək imkanına və psixologiyasına malik deyil".
M.Əhmədoğlu deyib ki, Qərb Ermənistanın anti-rusiyaçılığında maraqlıdır: "Bunu bir neçə dəfə sınaqdan çıxarıb. Bu məqsədlə Ermənistana külli miqdarda maliyyə və siyasi resurs ayırmağa hazırdır.
1.Suriyanın Kəsab hadisələri zamanı RF prezidenti V.Putin Ermənistan prezidenti S.Sərkisyana erməniləri qorumaq məqsədilə Kəsaba qoşun yeritməyi təklif etdi. Suriyanın ermənilərlə məskunlaşmış kiçik Kəsab şəhəri 2014-cü ilin martından radikal islamçı qruplaşmaların hücumuna məruz qaldı. Rusiyanın dövlət mətbu orqanları baş verənləri "Suriya ermənilərinin soyqırımı" adlandırdılr. Türkiyə günahlandırıldı. Sülhməramlı adı ilə Ermənistanın 6-7 dövlətdə qoşunu var. S.Sərkisyan Kəsaba qoşun yeritmədi, Kəsaba döyüşə gedən könüllüləri "Zvartnots" aeroportundan geri qaytardı. Suriya məsələsində Ermənistanın neytrallığını elan etdi. V.Putin bu təklifi irəli sürəndə Suriyada 80 minlik erməni icmasının sayı 60 minədək azalmışdı. İndi Suriyada cəmi 15-16 min erməni qalıb. Suriya məsələsi yaranandan Qərblə Rusiya arasında ziddiyyət var. Ermənistan Suriyada hətta erməniləri müdafiə məsələsində V.Putini dəstəkləmədi.
II. Ermənistan çərkəz və erməni "soyqırımları"nın qarşılıqlı tanınması məsələsini aktuallaşdırdı. Prezident S.Sərkisyan bunu Dağlıq Qarabağda döyüş dostu olmuş E.Enfiacyan vasitəsi ilə reallaşdırdı. E.Enfiacyan "Los-Anceles Geosiyasi Klubunun" rəhbəri olmaqla yanaşı, S.Sərkisyanın bu şəhərdə, o cümlədən Kaliforniya ştatındakı mülklərinin idarəçiliyində iştirak edir. Azərbaycan mətbuatının erməni və çərkəz "soyqırımları"nın tanınması məsələsinə diqqət ayırmasından sonra bu məsələ Rusiya rəsmilərinin diqqətinə gəldi. Nəhayət S.Sərkisyan dostu E. Enfiacyanın fəaliyyətini dayandırmalı oldu.
III. 2013-cü ilin iyulunda Ermənistan-Türkiyə sərhədində Türkiyə vətəndaşı çoban Mustafa Ülkər öldürüldü. Türkiyənin Qars vilayətinin sakini olan Ülkər milliyətcə azərbaycanlı idi. Otardığı qoyunlar sərhədin Ermənistan tərəfinə keçir. Qoyunlarını geri qaytarmaq üçün sərhədi pozmalı olur. Ermənistan ictimai-siyasi mühiti bu hadisəyə tam antirusiya rəng verdi: Türklər bilirlər ki, Ermənistan-Türkiyə sərhədini ruslar qoruyur və milliyətcə azərbaycanlı Türkiyə vətəndaşını da milliyətcə rus olan rus sərhədçisi öldürüb. Bu Rusiya hökumətindən gələn tapşırıqdır. Məqsəd guya normallaşmaqda olan Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərini pisləşdirməkdir. Bu bizim yox ermənilərin fikirləridir. Ermənilər bu mövzunu hətta Qərb mətbuatında aktuallaşdırdılar.
IV. Ermənistanın rəsmiləri dəfələrlə Gümrü-Qars dəmir yolunu bərpa etməyə cəhdlər ediblər. Hal-hazırda da Qars-Gümrü dəmiryolunun Ermənistan hissəsi tam gücü ilə fəaliyyətə başlamaq üçün hazırdır. Qars-Gümrü dəmiryolunun göz bəbəyi kimi qoruyan ermənilər Ermənistanı Rusiya ilə birləşdirən dəmiryolunu söküb dağıdıblar. Necə deyərlər hətta yerini qaşıyıblar.
V. 2009-cü ilin iyul ayında Ermənistan-Türkiyə Sürix protokolları da Ermənistanın Rusiyadan uzaqlaşıb, Türkiyəyə qaçmasının rəsmi dəlilidir. R.Koçaryan və S.Sərkisyan sonradan adı "futbol diplomatiyası" olan gizli diplomatiyanı işə salarkən Rusiya ilə məsləhətləşməmişdi. Rusiyanın ən sonda xəbəri oldu. Məhz ona görə də S.Lavrov Sürixdə E.Nalbandyana "imzala, çıx get" əmrini verdi. Türkiyə ictimaiyyətinin Azərbaycanı dəstəkləməsi səbəbindən Sürix protokolları nəticəsiz qaldı.
Politoloq qeyd edib ki, Türkiyə mətbuatının yazdığına görə, həmin dövrdə Rusiyanın xüsusi xidmət orqanları Ermənistanla Türkiyə arasındakı gizli danışıqların bütün materiallarını Azərbaycana ötürübmüş: "Rusiya belə ermənilərə inanırsa, dəstək verirsə özü bilər".
Ekspertlər hesab edir ki, bütün bunları nəzərə alan Azərbaycan diplomatiyası çevikliyini daha da artırmalıdır. Söhbət Azərbaycanın öz nüfuzundan istifadə edərək iki ölkə arasında əlaqələri qaydaya salmaqdan gedir. Bununla bağlı politoloq Ramil Məmmədli deyib ki, Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Su-24 bombardımançı təyyarəsinin Türkiyə Hərbi Hava Qüvvələrinə aid F-16 qırıcısı tərəfindən vurulmasından sonra yaranmış gərginlik bölgədə yeni problemlərin yaranmasına gətirib çıxaracaq:
"Artıq Rusiyada anti-Türkiyə ab-havası böyüməyə başlayıb. Türkiyənin Moskvadakı səfirliyinin binasına, türk iş adamlarına məxsus şirkətlərə edilən bir neçə hücum buna misal ola bilər. Bundan başqa Rusiya mediası da cəmiyyətdə Türkiyə əleyhinə reportajlara daha çox yer verir. Hətta Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın ailə biznesi, oğlu Bilalın İŞİD-lə iş birliyi barədə silsilə materiallar həm tv-lər də, həm də digər media səhifələrində yer alır. Bunun əvəzində isə Türkiyə dövləti vəziyyətdən çıxış yolu axtararaq, dövlət başçısı səviyyəsində haqlı olduqlarını sübut etməyə çalışır. Bir sözlə proses bölgə üçün müsbət bir şey vəd etmir. Əksinə, mövcud vəziyyət bölgədə hər iki ölkə ilə normal münasibətləri olan Azərbaycanı çıxılmaz vəziyyətə salıb".
R. Məmmədli deyib ki, burada Azərbaycan uzun müddət seyirçi mövqeyində də qala bilməz: "Rəsmi Bakı nə türk qardaşlarımızı incidə bilən, nə də çox yaxın əlaqələri olan Rusiya ilə münasibətləri poza bilər. Azərbaycan bu vəziyyətdə sülhün carçısı missiyasını öz üzərinə götürə bilər. Bu həm də Azərbaycanın haqqıdır. Çünki bu iki ölkəni bir masaya gətirə biləcək və hər ikisi ilə çox yaxın münasibətləri olan digər dövlət yoxdur".
Onun sözlərinə görə, Azərbaycan Bakıda Rusiya ilə Türkiyənin dövlət rəsmilərinin görüşünün təşkili təşəbbüsü ilə çıxış edə bilər: "Görünən odur ki, Türkiyə-Rusiya hərbi-siyasi gərginliyi fonunda həm Avropa, həm ABŞ, həm də ərəb ölkələri qazanc əldə etməyə çalışır. Bu gərginliyin uzun müddət davam etməsi isə həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan Azərbaycanın xeyrinə deyil".