Regionda görünməyən təhlükə
Regionda görünməyən təhlükə

Azərbaycan həssaslığını artırmalıdır

ABŞ Dövlət Katibinin regiona gəlməsi ilə Azərbaycanla Ermənistanın təmas xəttində gərginlik artdı. Əslində dövlət katibi gəlməmişdən öncə artıq amerikalı mütəxəssislər bildirmişdi ki, Dağlıq Qarabağ savaşı hər an başlaya bilər və gərginlik anba-an artacaq. Ekspertlər hesab edir ki, görünür cəmiyyətin bilmədiyi proseslər baş verir və bu proseslərin sonu savaşla sona çata bilər.

Çünkin Rusiya artıq regionda gərginliyin yaranmasında maraqlıdır. Çünki iki ölkə arasında savaş başlayarsa İran məsələsində artıq Azərbaycan sərbəst hərəkət edə bilməyəcək, digər tərəfdən isə Rusiya münaqişədən istifadə edərək regiona qoşunlarını yerləşdirə bilər. Görünür Hillari Klintonun səfərində də əsas məsələ məhz budur. Elə Ermənistanda olarkən verdiyi açıqlamada buna işarədir. Belə ki, xanım Klinton xəbərdarlıq edib ki, Azərbaycanla Ermənistan arasında gərginlik sərhəd boyu münaqişələrə səbəb ola bilər.
Yerevanda olarkən Dövlət Katibi Ermənistanda prezident Serzh Sarkisian və başqa rəsmilərlə görüşündə Azərbaycanın daxilində etnik erməni separatçı region olan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həllinə dair müzakirələr aparıb.Amma Hillari klintonun bəyanatının üstündən bir neçə saat keçməmiş Ermənistan ordusu atəşkəsi pozaraq bir neçə istiqamətdən ərazilərimizə daxil olmaq istəyiblər. Ermənistanın təxribatçı qrupu Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə girməyə cəhd etsə də, itki verərək geri çəkilməyə məcbur edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, döyüş zamanı Azərbaycan Silahlı Qüvvələrinin beş hərbi qulluqçusu şəhid olub. Daha bir əsgər isə Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdən açılan atəş nəticəsində dünyasını dəyişib. Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 4-də saat 16.00-dan 16.20-dək və 23.40-dan 23.50-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən yerləşən mövqelərdən;
- saat 23.20-dən 23.30-dək, 23 35-dən 23.40-dək, iyunun 5-də 00.20-dən 00.30-dək, 02.45-dən 02.50-dək, 02.55-dən 03.10-dək, 05.10-dan 05.15-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Veysəlli, Qaraxanbəyli, Aşağı Əbdülrəhmanlı, Qorqan və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerələşən mövqelərdən;
- saat 02.55-dən 03.10-dək Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 03.10-dan 03.20-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 03.00-dan 03.10-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 05.00-dan 05.20-dək Ağdam rayonunun Cəvahirli və Yusifcanlı kəndləri yaxınlığında yerələşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Hərbi mütəxəssislər bildirir ki, son bir neçə ildə bu ilk ciddi əməliyyat olub Ermənistan tərəfindən. Yəni bu adi atəşkəsin pozulması deyil. Bu ciddi hərbi əməliyyat olub və əməliyyat bir neçə istiqamətdə baş verib. Güman edilir ki, Ermənistan belə bir əməliyyat keçirməklə Azərbaycan tərəfini təxribata çəkib, müharibəni alovlandırmaq isətyiblər. Hesab edirlər ki, bir neçə istiqamətdən hucum əməliyyatı o zaman olur ki, artıq müharibə başlayır. Ermənilər də belə təsəvvür yaradıb. Amma bunlara baxmayaraq hesab edilir ki, hazır ki, məqamda müharibənin başlanması çox çətin olar. Çünki Hillari Klinton regiona sözsüz ki, əli boş gəlməyib və ortada hansısa razılaşmalar olacaq. Belə olmasaydı Hillari Klintonun səfəri zamanı yeni qərar çıxmazdı.
Belə ki, təcili olaraq Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olacaq. Görüşdə görünür yeni təkliflər səsləndiriləcək və müəyyən öhdəliklər götürüləcək. Ekspertlər hesab edir ki, ABŞ Dağlıq Qarabağ məsələsini yenidən gündəmə gətirməklə Rusiyanın planlarını pozamağa çalışır və hələ ki, buna tam nail olunmayıb. Hillari Klinton bu səbəbdən Gürcüstanda açıq şəkildə Rusiyaya az qala xəbərdarlıq etdi. Düzdür söhbət Gürcüstandan gedirdi, amma bəyanatın ruhu ümumilikdə regiondakı vəziyyətə köklənmişdi.
"ABŞ Gürcüstanın ərazi bütövlüyünü tanıyır və Rusiyanı 2008-ci ildə atəşkəslə bağlı razılığa əməl etməyə çağırıb. Gürcüstan ərazilərinin işğalı ilə biz barışa bilmərik".
Bu bəyanatı ABŞ Dövlət Katibi Gürcüstanda verib: "ABŞ Gürcüstanın müstəqilliyinə və ərazi bütövlüyünə sadiq qalır".Daha sonra, Klinton bəyan edib ki, Gürcüstanın işğalı və hərbiləşdirilməsi ABŞ üçün yolverilməzdir: "Biz Rusiyanı 2008-ci ildə atəşkəsin dayandırılması ilə bağlı öhdəliklərinə əməl etməyə çağırırıq". Politoloq qabil Hüseynlidə bu fikirdədir ki, yeni situasiya yaranır və kifayət qədər məsələyə həssas yanaşmaq lazımdır. "Hillari Klintonun Azərbaycana səfəri Qarabağ probleminin həllində müsbət dönüş yarada bilər". Bu fikirləri politoloq, ABŞ dövlət katibi Hillari Klintounun Azərbaycana səfərini şərh edərkən bildirib. Politoloqun sözlərinə görə, Klintonun Ermənistanda keçirdiyi görüşlərdə Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həll edilməsinin zəruriliyi barədə səsləndirdiyi fikirlərin arxasında gizli maraqlar dayanır.
"Həmin görüşlərdə ABŞ Qarabağ məsələsinin sülh yolu ilə həll edilməsini irəli sürür. Klintonun Qarabağla bağlı bu cür çıxışının başqa mənası var. Hesab edirəm ki, ABŞ-ın Qarabağ məsələsində mövqeyi əvvəlki illərdən fərqli olaraq müsbət istiqamətdə dəyişilib. Azərbaycan özünün müdafiə sisteminin gücləndirilməsinə külli miqdarda pul ayırsa da, görünür ABŞ münaqişənin dinc yolla həll edilməsinin tərəfdarıdır. Düşünürəm ki, Klintonun Bakı səfəri bu istiqamətdə müsbət nəticələrə gətirib çıxaracaq"-deyə Q.Hüseynli qeyd edib.
Digər mühüm məsələ isə budur ki, Azərbaycan da hazırda yaranmış durumdan razı deyil və danışıqların uzanmasının artıq Azərbaycanın xeyrinə işləmədiyini görür. Buna görə danışıqlar səmərə vermirsə Azərbaycanın başqa yolu qalmır. Elə xarici işlər naziri Elmar Məmmədyarovun son açıqlamasıda buna işarədir.
O , Ukraynalı həmkarı ilə görüşdə bildirib ki, Ukraynanın ATƏT-ə sədrliyi dövründə bu məsələdə hansısa irəliləyişə nail ola biləcəyik. Hesab edirik ki, artıq vaxt çatıb, status-kvo vəziyyəti qəbul edilməzdir.
O, daha sonra bildirib:-" "Təəssüf ki, münaqişənin başa çatdığını söyləyə bilmirik.
Biz həmişə danışıqlar prosesinin bütün həssas hissəsinə anlayışla yanaşmışıq və həmişə demişik ki, bu cür mürəkkəb münaqişəni bir gecəyə həll etmək mümkün deyil. Buna görə də münaqişənin mərhələli şəkildə həllinə tərəfdarıq". Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün qoşunlarının təmas xəttində atəşkəs rejiminin pozulması nəticəsində 5 Azərbaycan hərbçisinin şəhid olmasına da toxunaraq bildirib ki, iyunun 18-də nazirlər səviyyəsində keçiriləcək görüşdə biz öz tərəfimizdən Ermənistan tərəfi başa salmağa çalışacağıq ki, mövcud pat vəziyyəti real deyil və bu situasiyanın nəticəsi olaraq qoşunların təmas xəttində gənc insanlar ölür".
Başqa maraqlı bir nüans isə budur ki, NATO ilə əməkdaşlığa o qədər də önəm verməyən və bir neçə layihədən imtina edən Azərbaycan indi NATO ilə bir araya gəlmək qərarında oldu və artıq belə tədbirlərdən birinin keçirilməsinə razılıq verildi. Belə ki, Silahlı Qüvvələrin hərbi təhsil sisteminin bəzi sahələrinin inkişafına yardım üzrə NATO-Azərbaycan birgə hərbi təhsil və təlim sahəsində fəaliyyət planına uyğun olaraq, NATO-ABŞ ekspertləri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri mütəxəssislərinin işçi görüşü başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iki gün davam edəcək işçi görüşündə müdafiə planlaması, ABŞ-Azərbaycan münasibətləri, ABŞ-ın müdafiə siyasətində son dövrlər baş vermiş dəyişikliklər, strateji idarəetmə, SWOT (güclü və zəif cəhətlər, imkanlar və təhlükələr) prosesi kimi mövzular ətrafında birgə müzakirələr aparılacaq.
Digər tərəfdən deyəsən Türkiyə də seyrçi mövqedə durmaq niyyətində deyil. Ən azından Hillari Klinton Qafqaz görüşlərini sona çatdıran kimi Türkiyəyə gedəcək və Türkiyə rəsmiləri ilə də danışıqlarda Dağlıq Qarabağ problemi əsas məsələ olacaq. Bununla yanaşı gözlənilmədən
Türkiyə Quru Qoşunlarının komandanı, ordu generalı Hayri Kıvrıkoğlunun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gəlib. General H. Kıvrıkoğlunun səfəri Azərbaycanın müdafiə nazirinin dəvəti ilə gerçəkləşib.İyunun 8-dək davam edəcək səfər çərçivəsində H. Kıvrıkoğlunun başçılıq etdiyi heyət Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edəcək. Daha sonra heyətin Müdafiə Nazirliyində müdafiə naziri Səfər Əbiyev, dövlət və hökumət rəsmiləri ilə görüşləri planlaşdırılır. Görüşlərdə Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunacaq.Qeyd edək ki, bu, general H. Kıvrıkoğlunun Quru Qoşunları komandanı vəzifəsində Azərbaycana ilk səfəridir. Ekspertlər hesab edir ki, Türkiyə generalının Azərbaycana səfəri təsadüf deyil və müharibənin başlayacağı təqdirdə Türkiyənin hansı dəstəyi verə biləcəyi müzakirə olunacaq. Ən azından Türkiyə naxçıvanın təhlükəsizliyinə yenə qarrantiya verə bilər. Eyni zamanda gözlənilmədən Azərbaycanın daxili işlər naziri Ramil Usubov Türkiyəyə səfərə getdi. Səfər ən maraqlısı budur ki, mətbuat üçün qapalı olub. Ramil Usubov Ankarada Türkiyənin daxili işlər naziri İdris Naim Şahinlə görüşüb.
Beləliklə aydın olan budur ki, regionda durum kifayət qədər gərginləşib və məsələyə təcili müdaxilələr olmasa yəqin ki, daha ağır proseslərin şahidi olacağıq.

Eldəniz Elgün
[email protected]