Hacıbala Abutalıbovun çözə bilmədiyi problem

Bakı Azərbaycanın paytaxtıdır, yoxsa yaddillilərin şəhəri?!

Bakıda əcnəbi dillərdə yazılan reklamların, küçə, restoran, kafe, mağaza və s. adları ilə bağlı problem həll edilmək bilmir. Baxmayaraq ki, bu məsələ bir qədər əvvəl ölkə başçısı tərəfindən də dilə gətirilmişdi.
Amma paytaxt rəhbərliyinin həm ölkə başçısını, həm də geniş ictimaiyyəti ciddi şəkildə narahat edən problemin yoluna qoyulmasına dırnaqarası münasibəti aydın hiss olunur. Belə olmasaydı, Azərbaycanda reklam və afişaların, elan lövhələrinin dilinin ana dilinin tələblərinə uyğunluğunu müəyyən etmək məqsədilə bağlı keçirilən monitorinqlərin nəticələri əvvəlkilərdən xeyli fərqli olardı.
Qeyd edək ki, AMEA Dilçilik İnstitunun şöbə müdiri Qulu Məhərrəmli dünən keçirilən mətbuat konfransında bildirib ki, reklam, afişaların, elan lövhələrinin dilinin Azərbaycan dilinin tələblərinə uyğunluğunu müəyyən etmək məqsədilə bağlı geniş monitorinqlər aparılıb. Monitorinqlər zamanı çox sayda üslub səhvləri aşkarlanıb: "Dildəki qüsur heç kimi məmnun etmir. Bu, savadsızlığın göstəricisidir. Monitorinq şöbəsi bu istiqamətdə tədbirlərini davam etdirəcək".
İnstitutun əməkdaşı Rasim Heydərov isə monitorinqin nəticələrini açıqlayaraq bildirib ki, monitorinqlər 2014-cü ilin sentyabr ayından bu il oktyabr ayınadək Bakının Nəsimi, Nərimanov, Səbayel rayonlarında aparılıb. Ümumilikdə monitorinq zamanı 1299 norma pozuntusu aşkarlanıb. Nəsimi rayonunda 408, Nərimanov rayonunda 429, Səbayel rayonunda 462 pozuntu aşkarlanıb. Pozuntular arasında mətnin əcnəbi dildə və qrafika ilə yazılması halları üstünlük təşkil edir.
R.Heydərov qeyd edib ki, bəzi başa düşülməyən küçə adları hələ də qalmaqdadır: "Məsələn, Dilarə Əliyeva küçəsi ilə kəsişmədə Droqal döngəsi var. Bu adın nə olduğu başa düşülmür. Ümid edirik ki, belə hallar aradan qaldırılacaq. Yaxud rus dilində olan söz Azərbaycan əlifbası ilə verilir. Şəhərdə belə hallar çox yayılıb. Belə hallar yolverilməzdir. Reklam mətnlərində də şəhvlər çoxdur. Məsələn, "Red Bull"un reklamında "Red Bull yalnız qanadlar" yazılıb. Bu tərcümə edilib və burada nə deyildiyi başa düşülmür. Bundan başqa, Azərbaycan dilində "narahatçılıq" sözü yoxdur, amma şəhərin təmir gedən bütün ərazilərində bu söz belə yazılır. Əslində, narahatlığa görə üzr istənilə bilər. "Kompüter" sözünü də kim necə istəyirsə, elə yazır. Çox təəssüf ki, bu pozuntular sonradan normaya çevrilir".
Qeyd edək ki, haqqında danışılan problemə görə əsas məsuliyyət Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) üzərinə düşür. Belə ki, Hacıbala Abutalıbovun rəhbərlik etdiyi bu quruma tabe olan Reklam və İnformasiya İdarəsi qanunvericiliyə müvafiq olaraq, Bakı şəhəri ərazisində reklam və informasiya siyasətinin həyata keçirilməsi, küçə reklam daşıyıcılarına nəzarəti həyata keçirən dövlət orqanıdır. Reklam və İnformasiya İdarəsi qanunvericiliklə küçə reklam daşıyıcılarına aid edilmiş reklamların yerləşdirilməsinə icazələrin verilməsini təmin edir, şəhər ərazisində olan torpaqlarda, binalarda və digər obyektlərdə yerləşdirilən küçə reklamına görə reklam yayıcıları ilə müqavilələr bağlayır, küçə reklam daşıyıcılarının uçotunu aparır, dövlət və qeyri-dövlət, bayram, işgüzar, idman və digər tədbirlərin təşkilində iştirak edir, idarənin maliyyə-təsərrüfat fəaliyyəti və görülən işlərin tərkibi, kəmiyyəti, keyfiyyəti barədə statistik hesabatlar hazırlayır, təhlil edir, təkliflər verir.
Amma deyəsən, bu daha çox kağız üzərində belədir. Reallıqda isə Abutalıbovun rəhbəri olduğu BŞİH və onun müvafiq idarəsi getdikcə Bakının sanki "yad dillərin və yaddillilərin şəhəri" olduğu təəssüratını dəyişdirmək, paytaxtda ana dilinin tələblərinin, eyni zamanda uyğun qanunvericiliyin müddəalarının qorunması istiqamətində təsirli addımlar atmır. Bunun səbəbləri isə maraq doğurur.
Görəsən, Abutalıbovun idarəsinin məlum mövzu ilə bağlı ictimaiyyətə açıqlaya biləcəyi məntiqli izahı varmı? Hər halda ümid edək ki, var və həmin izahatın cəmiyyətlə də bölüşdürüləcəyi gün uzaqda deyil.
Toğrul Əliyev