"AST

Azərbaycanlı keçmiş milyarder özünün ən məşhur restoranını da satır

Dünyaca məşhur "Forbes" jurnalı Telman İsmayılovun "Praqa" restoranını satdığı haqqında məlumat əldə edib.
Məlum olub ki, Andrey Kostinin VTB qrupu Telman İsmayılovun mülkiyyətini və aktivlərini alıb və satış üçün hərraca çıxarıb. Bu haqda "Forbes"ə əmlak bazarından üç mənbə deyib.
Məlumata görə, söhbət "Praqa" restoranı və "Tropikano" biznes mərkəzindən gedir. Bu əmlaklar, həmçinin, Şərqi İzmaylovo bina kompleksi, VTB qrupuna daxil olan Moskva Bankında kreditə görə girov qoyulub.
VTB İsmayılovun aktivlərinin satışını şərh etməkdən imtina edib. Hətta, jurnalın nəşriyyat idarəsindən onlarla əlaqə saxlasalar da, bu danışıq baş tutmayıb.
Telman İsmayılov öz şirkətlərini kredit götürərkən, Moskva Bankına zamin kimi qoyub. Lakin sonradan milyarder bankın pulunu ödəyə bilmədiyi üçün, məhkəmədə ona qarşı iddia qaldırılıb. Telman İsmayılov ötən il şirkətlərini oğulları Ələkbər və Sərxana, eləcə də, bacısı oğlu Zaur Mərdanova verib.
Lakin onun bu planı baş tutmadı, bank borcunun müqabilində ondan əmlakının bir hissəsini götürüb və satışa qoyub.
Bu ilin oktyabr ayında arbitaj məhkəməsi T. İsmayılovu müflis elan edib. Ötən gün isə milyarder özü müflisliyi haqqında bəyanatla məhkəməyə müraciət edib.
"AST" şirkətlər qrupunun rəhbəri, eyni zamanda adı Rusiyanın ən zəngin biznesmenlərinin siyahısına daxil olan sahibkar İsmayılov ilk dəfə 2009-cu ildə kiçik topdan satış ticarət mərkəzinin paytaxtı olan Çerkizovski bazarındakı fəaliyyətinə görə, gündəmə gəlmişdi. Bazarda bir müddət hüquq-mühafizə orqanları tərəfindən yoxlamalar aparılıb. Bu hadisədən sonra bazar çoxsaylı pozuntuların aşkar olunduğuna görə bağlanıb.
T.İsmayılovun başqa Rusiya banklarına, o cümlədən, Türkiyə banklarına, şirkətlərə, fərdi şəxslərə yüz milyonlarla dollar borcu olduğu da deyilir.
Xatırladaq ki, Telman İsmayılov 1956-cı ildə Bakıda anadan olub. Həyatının çox hissəsini Rusiyada keçirən Telman İsmayılov hazırda da Rusiyada yaşayır və "AST" Şirkətlər Qrupunun sahibi, Rusiya milyarderidir. O, Türkiyənin Antalya şəhərində beş ulduzlu "Mardan Palace" adlı otel inşa etdirib, İsrailin Akko şəhərində atasının adına sinaqoq tikdirib.
Onun "Mardan Palace"ni satdığı artıq məlumdur. "Praqa" restoranının satışa çıxarılması isə "AST Telman"ın əlində "son qala"nın da yıxıldığı, beləliklə, azərbaycanlı keçmiş milyarderin artıq rəsmən müflisləşdiyi anlamına gəlir.
Xatırladaq ki, iki gün əvvəl həm də Çerkizov bazarının keçmiş sahibi olan Telman İsmayılov özünün müflis olması barədə Moskva vilayətinin arbitraj məhkəməsinə ərizə ilə müraciət edib.
Rusiya KİV-lərinin verdiyi məlumata görə, məhkəmə Telman İsmayılovun ərizəsinə öz sərvəti ilə bağlı sənədləri əlavə etmədiyinə görə bu məsələnin araşdırılmasını müvəqqəti olaraq, təxirə salıb.
Verilən məlumata görə, Telman İsmayılov məhkəmənin bu barədə iradlarını yerinə yetirdikdən sonra məhkəmə prosesinin 21 dekabr tarixinə təyin olunması ilə bağlı qərar qəbul edilib.
Böyük ehtimalla "AST Telman"ın rəsmən "bankrot" olması həmin gün hüquqi baxımdan da artıq reallaşmış olacaq.
Bir sözlə, cəmi bir neçə il əvvələdək özünün böyük sərvəti və nəhəng biznesi ilə bərabər, bahalı əyləncələri ilə də düynyanın ən nüfuzlu KİV-lərinin səhifələrini bəzəyən azərbaycanlı sabiq milyarderin dövranı sözün həqiqi mənasında bitib. Necə deyərlər, "kimin əvvəli, kimin axırı?!"

Sənan Mirzə