Zaur

Bakı metrosunun yeni rəisi verdiyi heç bir vədi yerinə yetirə bilmədi: problemlər bitib-tükənmir...

Son günlər Bakı metrosunda problemlər mütamdi olaraq yaşanır və buna bir növ adət etmişik. Halbuki, Bakı Metropoliteninə Zaur Hüseynov təyinat alanda o mətbuata verdiyi açıqlamalarda tətbiq edəcəyi yeniliklərdən, aparacağı islahatlardan gen-bol danışırdı. Ötən müddət isə göstərdi ki, bütün bunlar quru vəddən başqa heç nə deyilmiş və metrodakı problemlər sabiq rəis Tağı Əhmədovun dövründəkindən daha çoxdur.

Həmin problemlərdən biri isə ötən gün yaşandı. Belə ki, metroda indiyə qədər görünməmiş basabas müşahidə olunub ki, bu sərnişinlərin haqlı narazılığına səbəb olub. "Dərnəgül" - "Həzi Aslanov" xəttində qatarlar bir neçə dəfə tunellərdə gözləyib. Bundan başqa metronun "28 May" stansiyasında qatarların hərəkət istiqamətini bildirən məlumat tablosunda yanlış olaraq hər iki istiqamətə ("Dərnəgül" - "Həzi Aslanov" və "Həzi Aslanov" - "Dərnəgül") "Dərnəgül" və "İçərişəhər" elanı verilib.
"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev isə metrodakı sıxlığın səbəbini belə izah etməyə çalışıb: "Səhər saat 8-ə qalmış "Həzi Aslanov"-"Dərnəgül" xətti üzrə hərəkət edən qatarlardan birində texniki nasazlıq qeydə alınıb. Lakin qatar əlavə kömək olmadan hərəkətə gəlib, daha sonra isə depoya göndərilib. Məhz bu fakt digər qatarların da nisbətən gecikməsinə səbəb olub".
Baş verən hadisə müntəzəm olaraq təkrarlanmasaydı biz verilən açıqlamanın səmimiyyətinə inanardıq. Qeyd edək ki, bu kimi hallar dəfələrlə müşahidə olunsa da Bakı Metropoliteni bu günə qədər də qatarların cədvəl üzrə hərəkətini təmin etməkdə çətinlik çəkir. Bu isə metropoliten rəhbərliyinin işinin öhdəsindən gələ bilməməsindən xəbər verir. Halbuki, Zaur Hüseynov vəzifəyə təyinat aldığı ilk günlərdə sərnişinlərə problemlər yox, yeniliklər vəd etmişdi. Budurmu, yeni rəisin vəd etdiyi yeniliklər?
Zaur Hüseynovun Bakı Metropoliteninə rəis təyin olunmasından ötən müddət ərzində baş verənlərin təhlili göstərir ki, yeni rəis heç də gözlənilən islahatları həyata keçirməmiş, əksinə onun rəhbərliyi dövründə Bakı Metropoliteninin fəaliyyətində çox böyük qüsurlar yaranmışdır.
Hər şeydən öncə bir məqamın xüsusi vurğulanmağa ehtiyacı var ki, Zaur Hüseynov metropoliten işiylə bağlı təcrübəsiz adamdır və çox böyük ehtimalla davamlı olaraq ortaya çıxan problemlərin bir qismi məhz bununla bağlıdır. Xatırladaq ki, Zaur Hüseynov rəis təyinatına qədər metropoliten sistemində bir gün belə işləməyib. O, uzun müddət "Qaradağ-Sement" ASC-nin baş mühasibi işləyib. Z.Hüseynov 2007-ci ildə fərqli müəssisəyə rəhbər vəzifəyə təyinat alıb - "Bakıelektirikşəbəkə" ASC-nin sədr müavini təyin edilib. 7 il burada çalışdıqdan sonra isə yenidən fərqli profilli bir müəssisəyə - Bakı Metropoliteninə rəhbər təyin edilib.
Onun rəhbər təyinatından dərhal sonra isə olduqca maraqlı proseslər bir-birini əvəz etməyə başladı. Diqqətli oxucu unutmamış deyil ki, Zaur Hüseynovun vəzifəyə təyinat aldığı ilk günlərdən başlayaraq metro stansiyalarının girəcəyindəki və içindəki bütün ticarət obyektləri birmənalı şəkildə söküldü və bu sahibkarların böyük etirazlarına səbəb oldu. Hətta paytaxt Bakı obyektləri sökülən sahibkarların bir neçə etiraz aksiyalarına da şahidlik etdi. O zaman yeni rəis bu radikal addımını belə əsaslandırmağa çalışırdı ki, metropoliten ərazisindəki ticarət obyektləri sərnişinlərin sərbəst hərəkətinə maneçilik törədir. İnsafən, onu da qeyd edək ki, Zaur Hüseynovun bu arqumenti kifayət qədər əsaslandırıldığından ideya böyük ictimai dəstək də qazandı. Amma bu tədbirlərin üzərindən bir müddət keçdikdən sonra Zaur Hüseynovun təşəbbüsüylə Bakı Metropolitenində ticarətin yenidən bərpa edilməsi yeni suallar yaratdı: Metroda ticarət ləğv olunurdusa onun yenidən bərpası nə deməkdir? Yaxud, ticarət yenidən bərpa olunacaqdısa o zaman bunu niyə ləğv edirdilər?
Bu sualların açması isə olduqca sadədir: yeni rəis Bakı Metropoliteninin ticarət sistemində möhkəm kök salmış Tağı Əhmədovun komandasını dağıtmaq üçün ticarəti əvvəlcə ləğv etdi, bütün "rıçaqlar"ı əlinə cəmləşdirdikdən sonra isə ticarət yenidən bərpa olundu.
"Unikal"a daxil olan məlumatlarda isə yeni rəisin məcaralarının bununla yekunlaşmadığı əks olunub. İnformasiyalara görə, Zaur Hüseynov ötən müddət ərzində köhnədən qalma təcrübəli əməkdaşları, hətta texniki personalı belə yeniləri ilə əvəzləyib. Bildirək ki, işdən çıxardılanların böyük əksəriyyəti bakı Metropolitenində "saç ağartmış" təcrübəli mütəxəssislər idi və onların gedişi strukturun fəaliyyətində də ciddi axsamalar yaradıb.
Əldə etdiyimiz digər informasiyada isə iddia olunur ki, Zaur Hüseynov Bakı Metropolitenində "paket" sistemi tətbiq edib. Belə ki, əsasən idarə rəislərinə maaşlarından əlavə "paket" də təqdim olunur ki, bu da "yeraltı səltənət"də qaranlıq işlərin baş verməsini təsdiqləyir.
Elvin Rustəmov