22 Oktyabr 2019
21 Oktyabr 2019
Kolleclərdə "yığım" başlandı
Kolleclərdə "yığım" başlandı İQTİSADİYYAT 11:41 2012-06-07

Kolleclərdə "yığım" başlandı
Kolleclərdə "yığım" başlandı

Direktorlar imtahanda qiymət almaq istəyən tələbələrdən haqq istəyir

Hal-hazırda ali təhsil ocaqları ilə yanaşı kolleclərdə də imtahanlara start verilib. Hər il olduğu kimi, tələbələr yenə narazılıq edirlər. Əsas narazılığın isə imtahanlara görə onlardan pul istənilməsidir. Əksər tələbələr bununla bağlı şikayətçi düşsələr də, onları dinləyən olmur. Hətta Təhsil Nazirliyi də yaratdığı "qaynar xətti"ni davamlı olaraq məşğul edir ki, onları bu cür işlərə görə "narahat" edən olmasın.

İmtahana görə 50 manat

Tələbələr belə olan təqdirdə məcburiyyət qarşısında qalaraq, üzlərini mətbuata tutmalı olurlar. Çünki onların bu dərdlərini cəmiyyətə ancaq mətbuat çatdırır və işıqlandırır. Hərçənd bəzi kolleclərin rəhbərləri mətbuata da əhəmiyyət vermədən öz bildiklərini edirlər.
Dünən redaksiyamıza müraciət edən bir qrup tələbə Sumqayıt Dövlət Texniki Kollecində baş verən özbaşınalıqdan danışıblar. Onlar bildiriblər ki, sessiya öncəsi imtahandan qiymət almaq üçün tələb olunan rüşvətin həddi artıb. Onlar deyiblər ki, hal-hazırda bir imtahan üçün tələb olunan rüşvətin həcmi 50 manat civarındadır.
Tələbələr qeyd ediblər ki, imtahana görə tələb olunan pulun belə yüksək həddə çatdırılmasının "memarları" üç nəfərdir. Onların dediyinə görə, kollecin direktoru Mətanət Pirquliyeva, direktor müavini Qafar müəllim və nəqliyyat bölməsi üzrə şöbə müdiri Çaylar Mikayılov birlikdə bu barədə qərar veriblər. Qərar da belə olub ki, hər bir tələbə tələb olunan məbləği verməzsə, onunun imtahandan keçməsi mümkün olmayacaq. Yəni, imtahandan kəsilərək, daha ağır duruma salınacaq.

Maliyyə-Kredit Kollecində "maliyyə oyunları"

Bir başqa məlumat isə Maliyyə-Kredit Kolleci ilə bağlıdır. Deyilir ki, bu kollecdə də tələbələr rüşvətsiz imtahandan keçə bilmirlər.
İlkin məlumatlarda vurğulanır ki, hal-hazırda imtahanlara görə tələbələrdən tələb olunan pulun miqdarı 30-50 manat arasında dəyişir. Bu dəyişən rəqəmlər isə imtahanın hansı fənlərdən olması ilə bağlıdır.
Bizə məlumat verən tələbələr deyirlər ki, hər il davam edən analoji prosesin qarşısını almaq üçün dəfələrlə rəsmi qurumlara müraciət olunub. Lakin hər dəfə onların müraciətləri müxtəlif bəhanələrlə geri çevrilib və ya baxılmayıb. Bu şəkildə oxumağın mümkün olmadığını deyən kollecin tələbələri bildiriblər ki, sonda etiraz aksiyası keçirmək məcburiyyətində qalacaqlar. Çünki onlar rüşvətlə oxumaq fikrində deyillər.
Təhsil səviyyəsinə gəldikdə isə Maliyyə-Kredit Kollecində durumun heç də yaxşı olmadığı bildirilir. Qeyd olunur ki, müəllimlər yekunda nəticənin nədən ibarət olduğunu bildiyindən tələbələrə könülsüz dərs keçirlər. Hətta oxumaq istəyən gəncləri belə həvəsdən salan "nəsihətlər"lə çıxış edirlər.

Əyalət kolleclərində isə
vəziyyət lap pisdir

Ən pis nümunələr isə əyalətlərdəki kolleclərdə mövcuddur. Əzəl gündən rüşvətlə tələbə oxutdurmağa vərdiş etmiş bu təhsil ocaqlarının rəhbərləri savad və biliyə bir o qədər əhəmiyyət vermirlər. Elə buna görədir ki, əyalət kolleclərində oxuyanlar davamlı olaraq şikayət edirlər.
Növbəti belə bir şikayət isə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecindəndir. Burada təhsil alan tələbələr deyirlər ki, təkcə imtahana görə deyil, həmçinin təhsili başa vuranları da "yük altına" salıblar. Belə ki, kollecin rəhbərliyi və müəllimləri imtahana görə, 20-30 manat rüşvət tələb edirlər. Diploma almaq istəyənlər üçün bu rəqəm isə 500 manata qaldırılıb.
Tələbələr bildirirlər ki, sessiya öncəsi onların hamısına xəbərdarlıq olunub ki, əgər tələb olunan pulu gətirməsələr, imtahandan kəsiləcəklər. İndi onlar da nə edəcəklərini bilmirlər. Çünki bir sessiya üçün onlara ən azı 300 manata qədər pul lazımdır. Valideynlərinə bununla bağlı ağız açmaqdan utandıqlarını bildirən gənclər şikayət etməkdən başqa çıxış yolları olmadığını vurğulayırlar.
Bu əsnada xatırladaq ki, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin adı bir zamanlar saxta diplom satışında da hallanmışdı. Belə ki, bir müddət əvvəl Bakı şəhər sakinləri Şamama Şıxəliyeva və Nərgiz Məmmədova əlbir olaraq Aysel Abdıyevanın adına tərtib edilmiş Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecin Maliyyə-Kredit fakultəsini bitirməsi barədə saxta diplomu 5000 dollara satdıqlarına görə həbs olunmuşdular. Bəzi iddialara görə, həmin proses indi də davam edir.

Cavid Qarabağlı