16 Oktyabr 2019
15 Oktyabr 2019
Hüsnü Mübarək həbsxanada şıltaqlıq edir
Hüsnü Mübarək həbsxanada şıltaqlıq edir İQTİSADİYYAT 11:48 2012-06-07

Hüsnü Mübarək həbsxanada şıltaqlıq edir

Hüsnü Mübarək həbsxanada şıltaqlıq edir

Dünya isə ondan sonrakı Misir prezidentinin kimliyini müzakirə edir

Misir qəzetləri ömürlük həbsə məhkum olunmuş sabiq prezident Hüsnü Mübarəkin həbsxanadakı ilk günlərindən yazıb. Məlumata görə, həbsxanaya aparıldığı ilk gün Mübarəki helikopterdən düşməyə razı salmaq üçün 3 saat dil töküblər.

Bundan başqa, Hüsnü Mübarəkin müvafiq formanı geyməyərək mavi pijamalarını tələb etməsi həbsxana nəzarətçilərini çıxılmaz vəziyyətə salıb.
Bu arada, dünya mediası diqqəti ona çəkir ki, 2011-ci ildə inqilabla çalxalanan Misirdə prezident seçkisinin ikinci turu yaxınlaşır. İyunun 16-17-də keçiriləcək ikinci turda "Müsəlman qardaşlar" hərəkatının namizədi Məhəmməd Mursi və sabiq baş nazir Əhməd Şəfiq yarışacaq.
Hüsnü Mübarəkin 30 illik hakimiyyətinə son qoyulandan bəri ölkədə parlamentin aşağı və yuxarı palatalarına seçkilər keçirilib. Hər iki seçkini "Müsəlman qardaşlar" hərəkatına daxil olan Azadlıq və Ədalət Partiyası udub. Parlamentin aşağı palatasına Məhəmməd Səid əl-Katatni, yuxarı palatasına Əhməd Fəhmi sədrlik edir. Onlar "Müsəlman qardaşlar"ın təmsilçiləridir.
Prezident seçkisinin ilk turunun nəticələri Misirdə birmənalı qarşılanmayıb. Bir yandan "Müsəlman qardaşlar"ın dövlət başçısı postunu da götürəcəyindən, digər yandan Hüsnü Mübarək rejiminin sonlarında baş nazir postunu tutumuş Əhməd Şəfiqin hakimiyyətə gələcəyindən narahatlıq var.
Bəzi ekspertlərə görə, hazırda prezident seçkisinin ikinci turu ərəfəsində ölkədə normal, digər ölkələrdə də müşahidə olunan proseslər gedir. Belə ki, Misirdə yeni siyasi qüvvələr meydana gəlib və onların hər birinin öz siyasi maraqları, öz platformaları, sosial bazaları var. Artıq Misirdə prezident seçkisinin bir mərhələsi arxada qalıb. Bu mərhələyə qədər Hüsnü Mübarəkin dövründə fəaliyyət göstərən siyasi xadimləri seçki prosesindən kənarda saxladılar. Hesab olundu ki, müəyyən cinayətlərdə onların da əli var. Eyni zamanda ictimaiyyət hesab edirdi ki, Hüsnü Mübarəkin yürütdüyü daxili və xarici siyasət iflasa uğrayıb və həmin dövrün siyasi xadimlərinin siyasətdə qalmasına ehtiyac yoxdur. İctimaiyyət bu adamların siyasi arenaya buraxılmasını yenidən Hüsnü Mübarək dövrünə qayıtmaq kimi qəbul edir. Buna görə də Konstitusiya Məhkəməsi bir neçə siyasi xadimi prezident seçkisindən kənarda saxladı. Hazırda ikinci tura çıxan şəxslərin - Əhməd Şəfiqin və Məhəmməd Mursinin öz yaxın çevrələri ilə və digər siyasi qüvvələrlə danışıqlar apardığını, ikinci turda mütləq qələbə çalmaq üçün həmin siyasi qüvvələrin elektoratını özlərinə tərəf çəkmək istədiklərini deyən ekspertlər, Misirdə gedən siyasi prosesləri hər bir ölkə üçün xarakterik hesab edir. Bildirilir ki, indi Misirdə camaatın yenidən Təhrir meydanına axışması Hüsnü Mübarək və onun ailə üzvləri haqqında məhkəmə hökmü ilə bağlıdır. İnsanların bir qismi hesab edir ki, Hüsnü Mübarəkə çox yüngül cəza verilib, o, edam olunmalı idi.
Digər qismə görə isə ömürlük həbs ağır cəzadır və Mübarəkə bəraət vermək mümkün idi. Buna yenilərlə köhnələrin mübarizəsi də demək olar.
Ekspertlərin bu qismi həm də hesab edir ki, Misirdə prezident seçkisinin ikinci turunda da seçicilərin aktivliyi müşahidə olunacaq. Ona görə də hər bir siyasi qüvvə öz elektoratını həm ayıq saxlamağa, həm də öz gücünü göstərməyə çalışır. Çünki prezident seçkisindən sonra baş nazirlik institutunun formalaşması məsələsi də önəmlidir. Ya Misirə yeni siyasi elita başçılıq etməlidir, ya da köhnə və yeni siyasi elitalar arasında konsensus yaranmalıdır. İndiki mərhələdə radikal yol seçilməsinə isə ehtimal verilmir.
Bir qism ekspertlər isə hesab edir ki, Əhməd Şəfiq qalib gəlsə, Misir dünyəvi dövlət olmaqda davam edəcək, İsraillə sülhü nəzərdə tutan Kemp-Devid müqaviləsi qüvvədə qalacaq və nisbi sakitlik olacaq. Bu ehtimal isə "Müsəlman qardaşlar"ı və dəyişiklik istəyən kütləni narahat edir. "Müsəlman qardaşlar" hakimiyyətə gəlsə, ordu bütün hakimiyyəti Məhəmməd Mursiyə verməlidir. Beləliklə, Misir islam respublikasına çevriləcək. Müsəlmanların Qüdsə və Fələstinə münasibətini nəzərə alan bu yeni hakimiyyət Kemp-Devid müqaviləsindən çıxacaq. Bu halda ABŞ Misirə ödənilən maliyyə yardımını dayandıracağını artıq bəyan edib. İsrail isə Sinay yarımadasını işğal etməklə hədələyir.
Belə düşünən ekspertlər həmçinin ona da əmindirlər ki, Misirin islam ölkəsinə çevrilməsinə etiraz edən qüvvələr də kifayətdir. Qərbpərəst, solçular, mərkəzçi qüvvələr var və onlar "Müsəlman qardaşlar"ın hakimiyyətə gəlməsini istəmirlər. Faktiki olaraq ciddi rəqabət gedəcək. Unutmayaq ki, solçuların və millətçilərin nümayəndəsi Həmdin Səbahiyə 5 milyona yaxın səs verilmişdi. 3-cü yeri tutan namizəd ikinci yeri tutandan cüzi geri qalmışdı. Bütün bu səsləri toplaya bilsələr, Əhməd Şəfiqin qalib gəlmək şansı var. Onun 1-2 ilə Misirdə sabitlik yaratmaq barədə vədi ordunun gücünə, yəni zorakılığa söykənir.
Bu cür düşünən ekspertlər həmçinin onu da bildirirlər ki, Qərbin Misir ictimaiyyətinə təzyiq etmək imkanları azdır. Onlar hazırda ciddi surətdə Misirdəki müxtəlif qüvvələrlə danışıqlar aparırlar. "Müsəlman qardaşlar"ın 10 nəfərdən ibarət nümayəndə heyətini ABŞ-a dəvət etmişdilər. Ordakı çoxsaylı görüşlərdə bu qurumun üzvləri açıqlamışdılar ki, Qərbə qarşı deyillər, əsas hədəfləri Misirin milli və iqtisadi maraqlarını qorumaqdır.

Kənan Rzaquliyev