Qəbul olunmuş qərarın ədalətli olması nə qədər vacibdirsə, həmin qərarın icrası da bir o qədər əhəmiyyət kəsb edən məsələdir. Qərar ədalətli olsa belə, icra olunmamış qalırsa, bu qanunun işləməməsi, vətəndaşın hüququnun bərpa olunmaması anlamına gəlir. Məhz bu səbəbdən də, hüquqi dövlətlərdə məhkəmə qərarlarının ədalətli qəbulu ilə yanaşı həmin qərarların icrasına önəm verilir.
Əgər məhkəmənin qəbul etdiyi qərar ədalətlidirsə və bu ədalətli qərar icra olunubsa, bu zaman hüququ pozulmuş şəxsin haqqı tam bərpa olunmuş sayılır. Ona görə də, hüquqi dövlətlərdə, icra prosesinə diqqət yetirilir, qanunvericilikdə bununla bağlı islahatlar aparılır. Azərbaycanda da "İcra haqqında" qanun qəbul olunub. Bu Qanun Azərbaycan Respublikası məhkəmələrinin, beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının mülki və iqtisadi mübahisələrə dair işlər üzrə qərarlarının, cinayət işləri üzrə hökmlərinin və qərarlarının əmlakın alınmasına dair hissəsinin, habelə məhkəmə əmrlərinin icrasını təmin edir. Eləcə də qanunla inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların qərarlarının, alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlərin, notariat orqanlarının icra qeydlərinin, məişət zorakılığı ilə bağlı işlərə baxmaq səlahiyyəti olan orqanlar tərəfindən verilən qısamüddətli mühafizə orderlərinin və qanunla nəzərdə tutulmuş hallarda digər orqanların qərarlarının məcburi icrası qaydalarını və şərtlərini müəyyən edir.
Hüquqşunas Zülfiyyə Bayramova deyir ki, "İcra haqqında" qanun Konstitusiyadan "İcra məmurları haqqında" qanundan, Mülki Prosessual Məcəllədən və digər qanunvericilik aktlarından ibarətdir. Həmsöhbətimiz deyir ki, bu qanunun ilk maddəsi də məhz icra qanunvericiliyinin prinsiplərinə həsr olunub. Onun sözlərinə görə, icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. İcra məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri isə ölkə qanunvericiliyi ilə müəyyən edilir. Z. Bayramovanın sözlərinə görə, qanunun 3-cü maddəsi icra məmurunun tələblərinin məcburiliyinə həsr olunub: " Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri ölkə ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Bu Qanunla nəzərdə tutulmuş hallarda məhkəmə və digər orqanların qərarlarının pul vəsaitlərinin tutulmasına dair tələbləri vergi orqanları, bank və digər kredit təşkilatları tərəfindən icra olunur. Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda məhkəmə və digər orqanların qərarlarının tələbləri başqa orqanlar, vəzifəli şəxslər, habelə hüquqi və fiziki şəxslər tərəfindən də icra oluna bilər. Bu qanunun 4.1-ci və 4.2-ci maddələrində göstərilən orqanlar, təşkilatlar, habelə şəxslər məcburi icra orqanları sayılmır. İnzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktlar o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən ölkəmizin müvafiq qanunu ilə müəyyən olunmuş qaydada icra edilir".
Hüquqşunas deyir ki, 5-ci maddədə banklar və digər kredit təşkilatları tərəfindən icra hərəkətlərinin təmin edilməsi məsələsi öz əksini tapıb. Belə ki, bankda və ya digər kredit təşkilatında borclunun hesablarının və həmin hesablarda pul vəsaitlərinin olması barədə məlumatı olan icra məmuru, məhkəmə və digər orqanların qərarlarının pul vəsaitlərinin tutulmasına dair tələblərinin göstərildiyi icra sənədinin icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş surətini bilavasitə banka və ya digər kredit təşkilatına göndərir.Borclunun hesablarına xidmət edən bank və ya digər kredit təşkilatı icra məmurundan icra sənədini aldığı vaxtdan yeddi gün müddətində icra sənədinin pul vəsaitlərinin tutulmasına dair tələblərini icra edir yaxud borclunun hesablarında tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli pul vəsaitləri olmadığından, həmin tələblərin tamamilə və ya qismən icra edilməməsi barədə icra sənədində qeyd yazır. Bu Qanunun 5.2-ci maddəsində göstərilən tələblərə əməl etməyən bank və ya digər kredit təşkilatı icra məmurunun inzibati xəta haqqında protokoluna əsasən müvafiq məhkəmə tərəfindən ölkə qanunvericiliyi ilə müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb olunur".
Qanunun 8-ci maddəsində icra sənədləri üzrə icraata başlanılmasından bəhs olunur. Bu maddədə qeyd olunur ki, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir.İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir.Əmlak tələbləri üzrə icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru borclunun əmlakını siyahıya alır və bu barədə icraata başlamaq haqqında qərarda müvafiq qeyd aparır.Tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər.
İcra hərəkətlərinin həyata keçirilməsi məsələsi zaman-zaman mübahisə mövzusu olub. Elə qərarlar var ki, illərdir icra olunmamış qalmaqdadır. Hüquqşunas deyir ki, bu qanunun 11-ci maddəsində öz əksini tapıb: "İcra hərəkətləri saat 8-dən tez və saat 22-dən gec olmamaqla, iş günlərində həyata keçirilir. İcra hərəkətlərinin həyata keçirilməsinin dəqiq vaxtını icra məmuru müəyyən edir. İcraatda iştirak edən tərəflər icra hərəkətlərinin həyata keçirilməsi vaxtı ilə bağlı təklif verə bilərlər. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qeyri-iş günlərində icra hərəkətlərinin həyata keçirilməsinə yalnız təxirəsalınmaz hallarda və ya borclunun təqsiri üzündən icra hərəkətlərinin həyata keçirilməsi iş günlərində mümkün olmadıqda yol verilir. Saat 22-dən saat 8-dək icra hərəkətlərinin həyata keçirilməsinə yalnız fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə törədən hallarda yol verilir. İcra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri tərəfindən 1 ay müddətinədək uzadıla bilər. İcra sənədləri məhkəmələrin qərarları əsasında verilən icra vərəqələri və məhkəmə əmrləri - bir ay ərzində, iddianın təmin edilməsi ilə bağlı tədbirlərin görülməsi haqqında məhkəmələrin qərardadları əsasında verilən icra vərəqələri - dərhal, notariat orqanlarının icra qeydləri və inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların qərarları - on gün ərzində, beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin qərarları, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qərarları əsasında verilən icra vərəqələri - üç il ərzində, qısamüddətli mühafizə orderi dərhal icraya yönəlməlidir".
Amma hüquqşunas deyir ki, məhkəmə və digər orqanların qərarlarının icrasına möhlət verilməsi məsələsi də bu qanunda var. Yəni, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər: "Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. İcra hərəkətlərinin həyata keçirilməsinə çətinlik yaradan hallar olduqda, icra məmuru tələbkarın və ya borclunun ərizəsinə əsasən icra hərəkətlərini 10 gündən çox olmayan müddətə təxirə də sala bilər. İcra məmuru icra hərəkətlərinin təxirə salınması haqqında qərar qəbul edir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Bu barədə tərəflərə, habelə müvafiq məhkəməyə və ya digər orqana bildiriş göndərilir.. Tərəflər icra hərəkətlərinin təxirə salınması haqqında icra məmurunun qərarından onun surətini aldıqdan sonra 3 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər".