Azərbaycanda dövlət quruculuğuna qarşı qısqanclıq yenidən gündəmə gəldi. Hələ bir il öncə bir sıra beynəlxalq güclər Azərbaycanda gərginlik yaratmaq, vətəndaş cəmiyyətini parçalamaq üçün konkret fəaliyyətə keçmişdilər.Həmin dövürdə demək olar ki, gərgin zamanlar yaşandı. Amma o zaman prezident İlham Əliyev sərt addımlar atdı və bu güclərə bəyan etdi ki, təzyiq dili ilə danışanlara qarşı Azərbaycan eyni dildə cavab verəcək. Bu belə də oldu.
Nəticədə əsasən Avropada yerləşən beynəlxalq güclər geri çəkilməli oldular. Həm də aydın oldu ki, Azərbaycanda gərginlik ona görə yaratmaq mümkün deyil ki, ölkədə vətəndaş cəmiyyəti bütövləşmiş şəkildədir və müxtəlif cəhdlərə baxmayaraq vətəndaş cəmiyyətinin əsas prioriteti dövlətin qorunmasıdır. Dövlətçiliyi əsas götürən vətəndaş cəmiyyəti bu səbəbdən kənar güclərin hiyləsinə aldanmadılar. Məhz bu proseslərdən sonra istər Avropa , istərsə də ABŞ-da Azərbaycana yanaşma normallaşdı və hiss olundu ki, bu güclər reallığı qəbul edir və vətəndaş cəmiyyəti ilə hakimiyyət qarşısında heç nə edə bilməyəcəklərini düşünüb yenidən əməkdaşlığa üstünlük veriblər. Məhz bu ərəfədə prezident İlham Əliyevin Avropaya bir neçə səfəri oldu. Türkiyə də isə ABŞ prezidenti ilə görüşdü. Hesab etmək olardı ki, artıq bütün proseslər arxada qalıb. Amma indi aydın olur ki, bu heç də belə deyil və əslində Azərbaycanda vətəndaş cəmiyyətini parçalamaq istəyən, dövlət quruculuğumuza zərbə vurmaq istəyənlər erməni lobbisinin təsiri altında olan qüvvələrdir. Gəlin reallığa baxaq. Belə ki, Azərbaycan hökuməti üzvlərinə münasibətdə sanksiyaların tətbiq olunmasını nəzərdə tutan qanun layihəsi ABŞ-la ticarət aparan dairələrə, xüsusi xidmət orqanları, güc strukturları və məhkəmə orqanlarına da aid olunacaq. Bu layihə maliyyə sanksiyalarını da nəzərdə tutur. Sanksiyalar yalnız bir halda ləğv oluna bilər: Azərbaycan hökuməti demokratik təsisatların və vətəndaş cəmiyyəti institutlarının inkişafı sahəsində əhəmiyyətli tərəqqiyə nail olsa, həmçinin azad və ədalətli seçkilərin keçirilməsinə nail olsa.
"Biz milli təhlükəsizlik və iqtisadiyyat sahəsindəki vacib əlqaələrin mövcudluğunu başa düşürük. Amma ABŞ Azərbaycanda insan haqlarının pozulmasına dair dəhşətli faktlara münasibətdə özünü artıq daha kor kimi apara bilməz" - deyə Helsinki Komissiyasının rəhbəri, konqresmen K.Smit bildirib.
"Jurnalistləri və fəalları müntəzəm olaraq həbs edirlər. Müxalif siyasətçilər hələ də həbsxanadadır. Keçirilən seçkilər azad və ədalətli deyil. Hüquq müdafiəsi ilə məşğul olan vəkillər təqiblərə məruz qalır və vəkil statusundan məhrum olunur. Dini azlıqlar da təqib edilir. ABŞ hökuməti insan haqlarının pozulması, əsas azadlıqların, müxalifətin, KİV azadlığının və dini azlıqların hüquqlarının pozulması məsələsində kompromisə getməyəcək" - deyə Helsinki Komissiyasının bəyanatında deyilir.
"Araşdırmaq lazımdır ki, ABŞ Helsinki Komissiyasının sədri konqresmen Kris Smit həqiqətən ABŞ-ın və onun dəyərlərindən çıxış edir, yoxsa erməni lobbisinin təsiri altında".
Bunu Milli Məclisin deputatı Fəzail Ağamalı Kris Smitin ABŞ Konqresinə Azərbaycanda yüksək vəzifəli məmurlara sanksiyaların tətbiq olunması ilə bağlı layihə təqdim etməsinə münasibət bildirərkən deyib.
F.Ağamalı bildirib ki, həmin qanun layihəsinin mahiyyətindən belə aydın olur ki, Kris Smit erməni lobbisinin təsiri altında olan konqresmendir: "Belə bir qanun layihəsi Ermənistan haqqında verilməlidir. Çünki Ermənistanda insan haqları mütəmadi pozulur. Ermənistana bu gün rəhbərlik edən kriminal rejim nəinki Azərbaycan vətəndaşlarına qarşı soyqırım aktının birbaşa iştirakçısı olub, eyni zamanda, öz ölkəsinin vətəndaşlarının da qəniminə çevrilib".
F.Ağamalı vurğulayıb ki, Ermənistanda baş verən hadisələrə Smit və onun kimiləri səslərini qaldırmırlar.
Deputat qeyd edib ki, sözügedən qanun layihəsində yeni heç nə yoxdur: "Yenə də şablon ittihamlar səsləndirirlər. Bu onu göstərir ki, ABŞ-ın, Avropanın ayrı-ayrı siyasətçiləri Azərbaycanı bu cür saxta ittihamlarla təzyiq altında saxlamağa çalışırlar. Bizim antiazərbaycan qüvvələrinə qarşı mübarizəmiz prioritet olaraq qalacaq".
"ABŞ Konqresinə Azərbaycanda yüksək vəzifəli məmurlara sanksiyaların tətbiq olunması ilə bağlı layihə təqdim olunması xəbərlərinin yayılmasının Avropa Şurası baş katibinin Azərbaycana araşdırıcı missiya göndərməsi qərarı ilə eyni vaxta düşməsi təsadüf deyil və bunun özü hər şeyi açıq ortaya qoyur".
Bunu isə açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, ABŞ-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri Səməd Seyidov ABŞ Konqresinə Azərbaycanda yüksək vəzifəli şəxslərə qarşı sanksiyaların tətbiq olunması barədə layihənin təqdim olunmasına münasibət bildirərkən deyib.
S. Seyidov qeyd edib ki, hazırda maraqlı proseslər gedir: "Bu, növbəti antiazərbaycan dalğasının başlanmasının işartılarıdır. Biz hesab edirik ki, ABŞ tərəfindən hansısa antiazərbaycan sanksiyalarının tətbiq olunması, yaxud bununla bağlı işlərin aparılması reallığı əks etdirməyən məsələlərdir. Bu cəhdlər dəfələrlə olub və əminəm ki, bundan sonra da bu qüvvələr Azərbaycana qarşı işləyəcək. Amma zaman göstərir ki, bu kimi təşəbbüslərin heç bir faktiki əhəmiyyəti olmur, ola da bilməz. Eyni zamanda bu addımlar daha çox həmin sanksiyaları tətbiq edən ölkələrin özünə təsir göstərəcək".
Qeyd edək ki, ötən gün ABŞ Helsinki Komissiyası Kris Smitin (Nyu-Cersi ştatı 04) rəhbərliyi altında Konqresə qanun layihəsi təqdim edib. Bu qanun layihəsi Azərbaycan hökumətinin bəzi yüksək vəzifəli üzvlərinə viza verilməsinə qadağalar tətbiq olunmasını nəzərdə tutur.
Deputat Asim Mollazadə də açıqlamasında ABŞ-ın Azərbaycana qarşı atdığı bu addımı vaxtı ilə tətbiq edilən "907-ci düzəliş"in davam olduğunu deyib: "Əslində bu sənəd "907 -ci düzəliş"in davamıdır. Bu, bəlkə də elə həmin sənəddən qaynaqlanan bir addımdır. Təbii ki, bu sənəd təkcə Azərbaycana deyil, elə Amerikanın özünə də böyük xələl gətirə bilər. Bu, ABŞ-ın öz maraqlarına xidmət etməyən, ona qarşı çıxan qüvvələrin işidir. Burada əsas mahiyyət Qarabağdır. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti həqiqətlərini ört-basdır etməkdir".
Asim Mollazadə sənəddə sadalanan arqumentlərin bəhanə olduğunu bildirərək Senatda qəbul olunacağı təqdirdə nəticələrinin heç də yaxşı olmayacağını vurğulayıb: "Sənəddə göstərilir ki, guya Azərbaycan hökuməti müstəqil jurnalistlərə, müxalif siyasətçilərə və vətəndaş cəmiyyəti fəallarına qarşı sistematik təqib siyasəti yürüdür.
Ancaq sənəddəki bu arqumentlər bəhanədir. Sənəd ABŞ Senatında qəbul olunarsa, bu Azərbaycan-ABŞ iqtisadi münasibətlərinin qarşısını ala, həmçinin ABŞ üçün də çox böyük iqtisadi, siyasi fəsadlara yol aça bilər. Çox haqsız və ədalətsiz sənəddir".
Milli Məclisin deputatı, politoloq Elman Nəsirov isə hesab edir ki, sənəddə göstərilən qaydada Azərbaycanın vəzifəli şəxslərinə viza qadağası qəbul olunsa, bu ABŞ-la Azərbaycanın arasındakı diplomatik münasibətlərə zərbə vuracaq: "Təbii, bu gün belə bir qanun layihəsinin ABŞ Senatında müzakirəyə çıxarılması ondan xəbər verir ki, bu ölkənin bəzi siyasi dairələri Azərbaycana qarşı hər zamankı kimi ikili standartlar siyasətini davam etdirməkdədir.
Burada əsas məsələ yüksək vəzifəli şəxslərə vizanın verilməsinin qadağan olunması və iqtisadi sahədə olan qadağalardır. Əgər belə olarsa, Azərbaycandan ABŞ-a gedəcək diplomatik nümayəndəliklərin, ölkəmizin vəzifəli şəxslərinin səfərlərinin qarşısı alına bilər.
Bu da öz növbəsində Azərbaycanla ABŞ arasındakı diplomatik münasibətlərə vurulan zərbə ola bilər. Sənəd birbaşa Azərbaycanın müstəqilliyinə, milli təhlükəsizliyinə, iqtisadi təhlükəsizliyinə qarşı atılan addım ola bilər. Bundan əlavə, ABŞ-ın özü üçün ciddi bir əngəl yarana bilər".
Elman Nəsirovun fikrincə, sənəd qəbul olunarsa, ABŞ Azərbaycan kimi siyasi, iqtisadi və strateji tərəfdaşını itirər. Politoloq bildirib ki, bu qanun layihəsinin hazırlanmasında ABŞ ermənilərinin də təsiri istisna olunmur:
"Sənəd qəbul olunarsa, ABŞ Cənubi Qafqaz regionunda Azərbaycan kimi müttəfiqini itirə bilər. Amma onlar anlamırlar ki, qanun layihəsi qəbul edilsə, Azərbaycan-ABŞ diplomatik münasibətlərinə böyük bir zərbə dəyəcək.
Bilirik ki ABŞ-la Azərbaycan arasındakı iqtisadi müqavilələrin həcmi o qədər də kiçik deyil. ABŞ-la Azərbaycan arasında neft və digər iqtisadi-strateji sahələrdə geniş layihələr həyata keçirilir. Lakin aydın məsələdir ki, bu gün Kaliforniya ştatında və ABŞ-ın digər regionlarında mövcud olan ermənipərəst və əslən erməni olan siyasətçilər, oliqarxlar belə qanunların ABŞ Senatında qəbul olunması üçün ciddi addımlar atırlar.
Burada əsas məqsəd Azərbaycanı beynəlxalq aləmdə gözdən salmaq, nüfuzuna xələl gətirməkdir. Əsas məsələ odur ki, bu qanun qəbul olunarsa, ABŞ-Azərbaycan arasında iqtisadi, ticarət, siyasi-diplomatik əlaqələr iflic vəziyyətinə gələ bilər".
Beləliklə bir daha aydın oldu ki, Azərbaycana qarşı səlib yürüşü elan edənlər əslində demokratiyadan kənar qüvvələrdir və bunların əsas məqsədi sadəcə olaraq ölkədə çaxnaşma yaratmaq istəyənlərdir.