Kreml Qafqaz üzrə kuratorunu dəyişdi
Kreml Qafqaz üzrə kuratorunu dəyişdi
Bundan sonra Azərbaycan, Ermənistan və Gürcüstanla münasibətlərə Sergey
Çebotaryov baxacaq

Putin hakimiyyətə gəldikdən sonra Rusiyanın Qafqazla bağlı siyasətində dəyişikliklər özünü göstərməyə başladı. Artıq ilk addımlar atılmaqdadır. Vəziyyət belədir ki, Kreml Azərbaycan, Ermənistan, Gürcüstan üzrə kuratorunu dəyişib.
Rusiya Prezident Admnistrasiyasından verilən məlumata görə, bundan sonra Rusiya Prezident İdarəsinin qonşu dövlətlərlə regionlararası və mədəni əlaqələr üzrə kuratoru vəzifəsində Sergey Çebotaryov gətirilib.
Məlumatda xatırladılır ki, Çebotaryov 2011-ci ilin payızından 2012-ci ilin yazına kimi Cənubi Osetiyada keçirilən prezident seçkilərinə birbaşa rəhbərlik edib.
Rusiyanın belə bir addım atmasının səbəbi olduqca maraqlıdır. Düzdür, Kremlin Putin hakimiyyətə gəldikdən sonra Qafqazla bağlı siyasətinə yenidən baxacağı əvvəlcədən məlum idi. Ancaq qəribə olan odur ki, Moskva kurator postuna separatçıları dəstəkləyən, onlara yardımçı olan birini təyin edib.
Belə bir addımın atılması onu deməyə əsas verir ki, Rusiya yaxın gələcəkdən etibarən bölgədəki münaqişə ocaqlarını yenidən alovlandırmağa başlayacaq. Daha doğrusu, Qarabağ, Abxaziya və Cənubi Osetiya məsələlərində yeni bir yanaşmanın ortaya çıxacağı gözlənilir. Yəni, artıq Kreml bu şəkildə Qafqazı əlində saxlaya bilmədiyinin fərqinə varıb. Ona görə də, parçalanma yolu ilə bölgə dövlətlərinə yeni problemlər yaratmaqla, duruma nəzarət etmək fikrindədir.
Gedişatın bu cür vəziyyət alması bəzi proqnozların da irəli sürülməsi üçün əsaslar verir. Böyük ehtimalla bundan sonrakı mərhələdə istər Azərbaycan, istərsə də Gürcüstan üçün ağır bir dövr başlayacaq. Xüsusən də Azərbaycan üçün Qarabağ, Gürcüstan üçün isə Abxaziya və Cənubi Osetiya problemləri qabarıq şəkildə ortaya çıxacaq. Son günlər cəbhə xəttində və Ermənistanla sərhəddə toqquşmaların aktivləşməsi isə əlavə şübhələrə yol açır. Yəni, Ermənistanın diversiya məqsədi ilə atdığı addımlar əslində, təxribatçılıqdır və məqsəd Azərbaycanı yenidən müharibəyə cəlb etməkdir. Özü də bu müharibə Qarabağda deyil, Ermənistanla olmalıdır ki, Rusiya prosesə qatıla bilsin.
Qeyd edək ki, Rusiyanın Ermənistanla hərbi müqaviləsi var. Həmin müqaviləyə əsasən əgər hər hansı bir ölkə Ermənistana hücum edərsə, Rusiya İrəvana hərbi dəstək verəcək və onun müdafiəsini təşkil edəcək. Görünən tərəf də ondan ibarətdir ki, ermənilərin fəallaşmasının təlimatı elə Kremldən gəlib. Əks təqdirdə, bu cür hərbi toqquşmaların indiki məqamda aktivləşməsinin başqa səbəbləri az ehtimal olunandır.
Səlim