24 Avqust 2019
Şagirdlər yay tətilində dincəlməli, yoxsa oxumalıdır?
Şagirdlər yay tətilində dincəlməli, yoxsa oxumalıdır? VİDEO 12:20 2016-06-25

Bəli, bu gündən etibarən məktəblilərin yay tətili başlayır. Hər bir ölkədə tətil günlərinin sayı fərqlidir - Amerikada 9-11, Danimarka, Fransa, Almaniya və İngiltərədə 6 həftə. Azərbaycanda isə yayda şagirdlərə ötən ilə qədər 3 ay 15 gün, bu ildən isə 3 ay istirahət verilir. Bəs görəsən bu istirahət günlərini necə dəyərləndirmək lazımdır? Ətraflı qarşıdakı materialda...

Mütəxəssislər deyir ki, şagirdin fiziki-əqli inkişafı onun yalnız dərs oxumasından asılı deyil. Burada aktual məsələ şagirdlərin asudə vaxtının düzgün təşkilidir. Çünki, keyfiyyətli təhsil üçün öncə şagirdin səmərəli istirahətini təşkil etmək lazımdır. Odur ki, uzun və gərgin dərs ilindən sonra 93 günlük istirahəti sistemli şəkildə qurmaq lazımdır.

Yeganə Səfərova- əməkdar müəllim: "Demək olar ki, bütün ili şagirdin vaxtı məhdud olub - məktəb, hazırlıqlar, əlavə musiqi, idman dərsləri... Bəzi rayonlarımızda yay düşərgələri var. Yaxşı olardı ki, şagirdlər uşaqlar olan cəmiyyətdə olsunlar, öz valideynləri ilə də vaxt keçirsinlər. Azərbaycanın gözəl güşələrilə tanış olsunlar, muzeylərə üz tutsunlar, təbiət qoynunda istirahət etsinlər.

Dərs yükündən azad olan məktəblilər özləri də dincəlməyə çox həvəsli görünürlər.

Hüseyn Məmmədov- şagird: "Qışda oynamağa vaxtım çox az idi. İndi yay tətilində dostlarımla bolluca oynayacam.

Lalə Əliyeva-”şagird: "Ağır çantalardan bir müddət canımız qurtardı. Xeyli dincələcəyik. Gələn il dərslər, hazırlıqlar başlayacaq. Odur ki, fürsətdən istifadə etmək lazımdır.

Nərmin Məmmədova- şagird: "Tətili ailəmlə birgə xarici ölkədə keçirəcəyik. Amma gün ərzində dərslərə də bir-iki saat vaxt ayıracam, çünki, yay tapşırıqları verilib. İdmanla da məşğul olacam.

Bəli, yay tətili zamanı yeni dərs ili üçün enerji toplamaq yaxşı fürsətdir. Amma dərs ilində toplanmış potensialı saxlamaq və inkişaf etdirmək də yaddan çıxmamalıdır.

Yeganə Səfərova- əməkdar müəllim: "İndi yox, avqust ayından gündə yarım saat olmaqla dərslərlə məşğul olsalar kifayət edər. Hər sinif üzrə şagirdlərə ədəbiyyat siyahısı verilir. Həmin materialları mütləq oxumalıdırlar ki, sentyabrda məlumatları olsunlar".

Günay Məmmədova- valideyn: "Dağ rayonlarında dincəlməyi planlaşdırırıq. Çünki, təmiz havada istirahət yeni dərs ili üçün əlverişlidir. Düzgün istirahətlə qavrama qabiliyyəti yaxşılaşır uşaqda. Amma əlbəttə ki, uşağı boş buraxmaq lazım deyil, dərslərilə də əlavə məşğul olacağıq. Hətta yay üçün yeni nağıl kitabları almışıq ki, mütaliəsi olsun, nitqi inkişaf etsin.

Mehriban Quliyeva- valideyn: "Mən bir valideyn kimi düşünürəm ki, şagirdlər həm oxumalıdırlar, həm də dincəlməlidirlər.

Görünür məktəblə bir müddət əlaqəsi kəsilən şagirdin yeni dərs ilində sərgiləyəcəyi potensial valideyndən asılıdır. Odur ki, valideynlər övladlarının istirahətinə biganə yanaşmamalıdır.