Azərbaycan üzən məzənnə siyasətinə keçid etdi. Əslində bu kifayət qədər ajiotajlı bir proses oldu. Bəs nədən bu addım atıldı? Ekspertlər hesab edir ki, bu addımın atılmasının aşağıdakı ciddi səbəbləri oldu.
1. Gələcəkdə vətəndaş cəmiyyətinin daha mükəmməl formalaşması üçün
2. Neft Fondunun pullarının gələcək nəslə qorunub saxlanılması və hüquqi dövlət quruculuğunun davamlı olması üçün
3. Daxili istehsalatda bir balans yaratmaq üçün
Yəni ilk baxışdan bu təsirli bir gediş olsa da əslində əsas məqsəd daha çevik vətəndaş cəmiyyətinin formalaşmasına istiqamətlənib. Amma sözsüz ki, bundan sonra bir sıra vacib addımlar da atılmalıdır. Bunlar nədir? İlk növbədə iqtisadi dayanıqlığı saxlamaq, süni bahalaşmanın qarşısını almaq, iqtisadi sabotajın baş verməsinin qarşısını almaq. Çünki yaranan bu durumdan istifadə etməyə çalışan qüvvələr olacaq və onların ata biləcəyi istənilən addım vətəndaş cəmiyyətinə bir başa təsir edə bilər. Bunu nəzərə alan hökumət artıq təxirəsalınmaz addımları atmağa başlayıb. Yeri gəlmişkən hazırda sosial şəbəkələrdə elə qüvvələr ortaya çıxıb ki, bunlar yenidən vətəndaş cəmiyyəti arasında parçalanma yaratmağa cəhdlər edirlər. Amma görünən budur ki, kənar təsirlərə baxmayaraq vətəndaş cəmiyyəti hakimiyyətin yanındadır və heç bir parçalanmadan söhbət gedə bilməz. O ki, qaldı hakimiyyətin məsələlərə yanaşmasına görünən budur ki, bütün strukturlar aktiv fəaliyyətə başlayıb və əsas məqsəd yaranmış ajiotajı aradan qaldırmaq və vətəndaşların hər an yanında olmaqdır. Elə prezidentin köməkçisi Əli Həsənov da açıq şəkildə bəyan etdi ki, hər zaman hakimiyyət xalqın yanında olacaq:"
Bir faktı da qeyd etmək istəyirəm ki, Azərbaycan neft ölkəsidir və bizim kimi ölkələr dövlət büdcəsinin əsas gəlir mənbəyi olan neftin kəskin ucuzlaşması amilini nəzərə almaya bilməz. Bu ilin əvvəlindən dünya bazarlarında neft və neft məhsullarının qiyməti 3 dəfə ucuzlaşıb. Bu hal müvafiq olaraq, Azərbaycanın neft gəlirlərinin də 3 dəfə azalması deməkdir. Əsas gəlir mənbəyi neft olan digər ölkələr, o cümlədən bizim yaxın qonşularımız artıq bu ilin əvvəlindən milli valyutalarının məzənnəsini sərbəst buraxmaq məcburiyyətində qaldığı halda, Azərbaycan Mərkəzi Bankı bu kəsiri uzun müddət öz ehtiyatları hesabına ödəməyə çalışdı. Lakin bu prosesi daim valyuta ehtiyatları hesabına tənzimləmək gələcəkdə ölkənin iqtisadi vəziyyətinə daha böyük zərbələr vura bilərdi. Çünki dünya bazarlarında neftin qiymətlərinin yaxın vaxtlarda bahalaşmayacağı hamıya aydındır. Təbii ki, bu, yalnız obyektiv bazar qanunları ilə bağlı proses deyil, ortada subyektiv səbəblər də var və bunun ən başlıcası ABŞ-Rusiya münasibətləridir. Hadisələri izləyən hər kəs üçün aydındır ki, Rusiya ilə geosiyasi rəqabətin gücləndiyi bir şəraitdə Birləşmiş Ştatlar öz rəqibini iqtisadi cəhətdən zəiflətmək üçün dünya bazarında neftin qiymətlərinə süni yolla təsir göstərmək siyasətini seçib. Bunun üçün Vaşinqton əvvəlcə OPEK-i nəzarətə götürdü və bu təşkilatın qiymətlərlə bağlı qərar qəbul etmək imkanını müxtəlif üsullarla məhdudlaşdırdı. Bunun ardınca Birləşmiş Ştatlar xaricə neft satışına qoyulmuş 40 illik qadağanı ləğv etdi. Nümayəndələr Palatasının bu qadağanın ləğvi barədə qanun layihəsini dəstəkləməsi dünya bazarlarında neftin sürətlə ucuzlaşması fonunda baş verirdi. Bu qərarı da iqtisadiyyat qanunları ilə izah etmək mümkün deyil. Çünki ABŞ-ın neft satışına qiymətin rekord həddə yüksək - az qala 150 dollar olduğu zaman deyil, rekord həddə ucuz - 37 dollar olan zaman başlaması sübut edir ki, məqsəd, qanun layihəsində göstərildiyi kimi, "iqtisadi inkişaf və istehsalatın artmasından çox, qiymətlərin bu yolla tənzimlənməsindən" ibarətdir. Nəhayət, neft satışına qoyulan qadağanın ləğvi ilə eyni vaxtda ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcəsini artırması da dolların mövqeyini möhkəmləndirməklə yanaşı, digər ölkələrin valyutalarını zəiflətdi. Bu, onsuz da ucuzlaşmış nefti bir qədər də qiymətdən saldı və nəticədə neft satan ölkələrin gəliri daha da azaldı. Azərbaycanın qonşusu olan İranın da gələn ildən öz neftini dünya bazarına çıxarmağa hazırlaşdığını nəzərə alsaq, bu prosesin yaxın vaxtlarda nizama düşməsi çox mürəkkəb görünür.
Bir sözlə, dünyadakı iqtisadi böhran, Azərbaycanın ən yaxın ticarət tərəfdaşlarının milli valyutalarının sərbəst buraxılması, üstəlik beynəlxalq konyuktura, neftin kəskin ucuzlaşması və s. Mərkəzi Bankın son qərarını qaçılmaz edib. Lakin bu, o demək deyil ki, hakimiyyət bu prosesi öz axarına buraxıb heç bir tənzimləyici mexanizmlərdən istifadə etməyəcək. Hökumətimiz ilk növbədə, çalışacaq ki, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlar üçün bu prosesi maksimum ağrısız etsin. İndiki şəraitdə daxili istehsalın stimullaşdırılması, kölgə iqtisadiyyatının hələ də haradasa qalan digər sahələrini - monopoliyaları, korrupsiya hallarını, sahibkarların fəaliyyətinə süni maneələr törədilməsini və s. aradan tam qaldırmaq üçün bütün addımlar atılacaq. İndiki mərhələdə əsas məqsəd devalvasiyanın qaçılmaz olan mənfi fəsadlarını yeni bazar mexanizmləri ilə kompensasiya etməkdir. Vətəndaşlarımız əmin olsunlar ki, Azərbaycan hakimiyyəti bunun üçün bütün lazımi tədbirləri görəcəkdir". Və artıq bu istiqamətdə mühüm addımlar atılıb. Məsələn, Azərbaycan prezidenti İlham Əliyevin "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" 21 dekabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilən "Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri"ndə əksini tapıb.
İndiyə qədər tütün məmulatının, etil və alkoqollu içkilərin istehsalı, idxalı və satışı üçün ayrı-ayrılıqda 5500 manat dövlət rüsumu ödənilməklə Kənd Təsərrüfatı Nazirliyindən lisenziya alınıb. Azərbaycan prezidenti İlham Əliyevin "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" 21 dekabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilən lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısında isə bu fəaliyyət növləri əksini tapmayıb. Ekspertlərin fikrincə bu addım əhalinin bizneslə məşğul olmasına və həmçinin qiymət artımının qarşısının alınmasına müsbət təsir göstərəcək. Və yaxud, bundan sonra bank, xarici bankın yerli filialı üçün lisenziya verilməsinə görə ödənilən dövlət rüsumu 11000 manat, bank olmayan kredit təşkilatı üçün 550 manat ödənilib. İndiyə qədər isə müvafiq olaraq bu fəaliyyət sahələri ilə əlaqədar lisenziya alınması üçün müvafiq olaraq 22000 manat və 1100 manat ödənilib.
Paralel olaraq İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında məzənnə dəyişikliyi ilə bağlı olmayan qiymət artımı, süni mal qıtlığı və digər sui-istifadə hallarının qarşısının alınması üçün nəzarət tədbirləri gücləndirilib.Bununla əlaqədar Dövlət Xidməti istehlak bazarında baş verən dəyişiklikləri diqqətlə təhlil edir və manatın məzənnəsinin dəyişməsindən sui-istifadə hallarına rast gəlindiyi təqdirdə, qanunvericiliyə uyğun tədbirlər görüləcək.
Çox maraqlı başqa məqam isə budur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin hesabına dövlət rüsumlarından daxil olan vəsaitdən istifadə qaydası haqqında fərman imzalayıb. Fərmanda isə deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətləri və hüquqi hərəkətləri təşkil edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi həmin Qanunun 4.1-ci maddəsinə əsasən öz xəzinə hesabına dövlət rüsumlarından daxil olan vəsaitdən Agentliyin və "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinin maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə istifadə qaydasını müəyyən edir.
2. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsində nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya təşkil edən dövlət orqanlarının, habelə dövlət notariat kontorlarının xəzinə hesabına köçürülməsi, istifadə edilməsi, uçota alınması və hesabatın təqdim edilməsi qaydaları qüvvəyə minənədək dövlət rüsumlarından daxil olan vəsaitdən qüvvədə olan aktlar əsasında istifadə edilir. Beləliklə göründüyü kimi bütün resurslar vətəndaş cəmiyyətinin inkişafına səfərbər olunub və yaxın zamanlarda real nəticələri də görəcəyik.