Nərimanov Rayon İcra Hakimiyyətində Azərbaycan polisinin yaranmasının 98-ci ildönümü və Azərbaycan Polisi Günü ilə əlaqədar Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Rayon Polis İdarəsinin rəhbərlik və əməkdaşlarının iştirakı ilə tədbir keçirilib.
Unikal.org xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev idarənin bütün əməkdaşlarını Azərbaycan Polisi Günü münasibətilə səmimi qəlbdən təbrik edərək onlara bu çətin, lakin şərəfli peşələrində uğurlar arzulayıb. A.Fərzəliyev polis orqanlarının yaradılmasının şanlı tarixindən və onun formalaşaq təkmilləşdirilməsində xalqımızın Ümummilli lideri Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən danışaraq bildirib ki, daxili işlər orqanlarının inkişafı daim dahi rəhbərin diqqət mərkəzində olub. Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə daxili işlər orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə, şəxsi heyətin peşəkarlığının artırılmasına öz dəyərli töhfəsini verib. Ümummilli liderin bu istiqamətdəki əvəzsiz xidmətlərini daxili işlər orqanlarının əməkdaşları daim ehtiramla yad edirlər.
Qeyd edilib ki, Ümummilli lider 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-ni "Azərbaycan Polisi Günü elan edib.
Natiq eyni zamanda diqqətə çatdırıb ki, ictimai asayişin etibarlı qorunmasının məntiqi nəticəsi olaraq, möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız və dövlətimiz üçün taleyüklü sayılan mühüm layihələr reallaşdırılıb, dövlət başçısı tərəfindən daxili işlər orqanlarının inkişafı və onun müasir standartlara cavab verən ali səviyyəyə çatdırılması, vətəndaşlara xidmət və asayişin təminatının mütərəqqi formalarının tətbiq edilməsi üçün bütün lazımi tədbirlər həyata keçirilir.
Bu gün hüquq-mühafizə orqanlarının fəaliyyətlərini xalqa xidmət, dövlətçilik, qanunçuluq, anda sədaqət prinsipləri üzərində qurması, peşəkarlıq səviyyəsinin artırılması, ixtisaslı və geniş dünyagörüşlü gənc kadrların hazırlanması kimi üzərlərinə düşən əsas vəzifələri layiqincə yerinə yetirməsi nəticəsində Azərbaycan cinayətkarlığa qarşı mübarizədə və əmin-amanlığın qorunması sahəsində dünyanın öncül dövlətlərindəndir.
Bildirilib ki, Azərbaycanın dünyada etiraf edilən sabit ölkə imici onu həm də beynəlxalq forum və sammitlərin davamlı surətdə keçirildiyi bir məkana çevirib. Ölkəmizdə hökm sürən sabitlik və ictimai-siyasi asayiş dövlətçiliyimizi və müstəqilliyimizi daha da gücləndirir, sosial-iqtisadi inkişafın bütün sahələrdə dinamik şəkildə sürətləndirilməsi istiqamətində möhkəm zəmin yaradır, regionda və beynəlxalq müstəvidə gücümüzü daha da artırır.
Sonda xidmətdə fəqlənən hüquq-mühafizə orqanlarının əməkdaşlarına Rayon İcra Hakimiyyətinin fəxri fərman və hədiyyələri təqdim olunub.